Ankarada yüksək səviyyəli Azərbaycan-Türkiyə toplantısı

Ankarada yüksək səviyyəli Azərbaycan-Türkiyə toplantısı  Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə rəsmi səfər edib. Dövlət başçısını qardaş ölkənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.

Qeyd edək ki, bu gün Ankarada Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 4-cü iclası keçiriləcək. Görüşlərdə Şuranın toplantısı çərçivəsində birgə fəaliyyətlər, iki ölkə arasında əlaqələr və əməkdaşlığın inkişafı müzakirə olunacaq. İki ölkəni maraqlandıran regional və beynəlxalq vəziyyətlə bağlı da fikir mübadiləsi aparılacaq.

Natiq Miri: “İclas çox əhəmiyyətli bir dövrə təsadüf edir”

İclasa münasibət bildirən Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri bildirib ki, Azərbaycan və Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının olması çox əhəmiyyətli bir hadisədir. O qeyd edib ki, şuranın dördüncü iclasının keçirilməsi qlobal, həm də regional səviyyədə müşahidə olunan gərginliklərlə bağlıdır: “Fikir verirsinizsə, artıq dünya düzənində bir çox dəyişikliklər baş verir. Hətta, mən deyərdim ki, dünya güclərinin geosiyasi maraqları kontekstində regionumuz, eyni zamanda, bütövlükdə dünya bir çox dəyişikliklərə məruz qalır. Ankaradakı iclası həm Ukrayna böhranı, həm Rusiya-ABŞ qarşıdurması, eyni zamanda, Türkiyə-Rusiya yaxınlaşması və Türkiyə ilə Qərb arasında yaşanan gərginliklər kontekstində dəyərləndirsək, onun çox əhəmiyyətli bir dövrə təsadüf etdiyini deməliyik. Düşünürəm ki, iclasda müzakirə olunacaq məsələlər məhz bu kontektsdə olacaq. Çünki bundan sonra Azərbaycanla Türkiyənin həm qlobal, həm regional səviyyədə, eyni zamanda, dünya güclərinə münasibət məsələsində ortaq bir siyasətin yürüdülməsi çox ciddi müzakirə obyektinə çevriləcək. Mənə elə gəlir ki, əsas xətt budur”.

N.Miri qeyd edib ki, bu gün Türkiyə ilə Qərb arasında gərginlik baş verir: “Eyni zamanda, bu kontekstdə Azərbaycan-Türkiyə-Rusiya yaxınlaşması, belə bir üçbucaqda əlaqələrin genişləndirilməsi hiss olunur. Təbii ki, bu yaxınlaşma da Qərbi müəyyən mənada narahat etməyə başlayıb. Yəni, Türkiyə ilə Qərb arasında gərginliyin yaranmasının səbəblərindən biri də bu faktordur. Nəhayət, hesab edirəm ki, Ankaradakı iclasda qondarma erməni soyqırımının 100 illiyi ilə bağlı erməni diasporunun və dövlətinin gördüyü hazırlıqlarla bağlı, eyni zamanda, onların hazırlıqlarına qarşı qoymaq üçün ortaq bir siyasətin aparılması ciddi müzakirə obyekti olacaq. Çünki fikir verirsinizsə, son vaxtlar Türkiyənin müxtəlif şəhərlərində türk-erməni konfranslarının keçirilməsinə başlanılıb. Bu da təbii ki, Azərbaycan türklərini, Azərbaycan dövləti və cəmiyyətini çox ciddi surətdə narahat edir. Çünki Dağlıq Qarabağ kimi bir problem həll olunmadıqca, Ermənistan-Türkiyə yaxınlaşması, bu kontekstdə diplomatik münasibətlərin yaradılması və sərhədlərin açılması təbii ki, Azərbaycan dövlətinin maraqlarına uyğun bir davranış olmaz. Həqiqətən də, belə bir addımın atılması doğru addım sayıla bilməz. Çünki belə bir hadisənin baş verməsi əslində Türkiyəyə heç nə qazandırmayacaq. Ermənistan heç bir vəchlə qondarma soyqırımı ideologiyasından geri çəkilməyəcək, artıq bu yalanın 100 illiyinin qeyd olunması üçün hazırlıqlar görülüb. Onlar daha çox dünya dövlətlərinin parlamentlərində rəsmən bu yalanın tanınmasını istəyirlər. Hətta, ABŞ-ın qanunverici orqanında da bu məsələ növbəti dəfə ciddi surətdə qaldırılacaq və belə bir qərarın qəbul olunmasına çalışılacaq. Ona görə də Türkiyənin nə etməsindən asılı olmayaraq erməni lobbisi heç bir zaman imkan verməyəcək ki, Ermənistanda iqtidarda olan Sərkisyan rejimi bu məsələdən vaz keçsin. Əks təqdirdə Ermənistana verilən bütün ianələr kəsiləcək. Bu isə Ermənistan dövlətini indiki şəraitdə çox çətin vəziyyətdə qoyardı. Ona görə də Türkiyə dövləti birmənalı anlamalıdır ki, Türkiyənin regionda qardaşı və dostu olan yeganə toplum yenə də türk toplumudur və Azərbaycan dövlətidir. İndiki şəraitdə Azərbaycan dövlətinin maraqlarının əleyhinə olan hər hansı siyasi davranış Türkiyə dövlətinin əleyhinə olan bir siyasi davranış olacaq”.

“Biz Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə səfərindən çox məmnunuq”.

Bunu isə Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri, AKP millət vəkili Necdət Ünüvar deyib.

Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantılarının başqa ölkələrlə də keçirildiyini xatırladan N.Ünüvar “Amma bunun ən genişi, əhatəlisi Azərbaycanla bağlı olan toplantılardır. Bu toplantılar münasibətlərin dərinləşməsi baxımından yeni üfüqlər açır. Ümid edirəm ki, bu gün və sabah keçirilən toplantılar da iki qardaş ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi sahəsində böyük önəm kəsb edəcək”, - deyə vurğulayıb.






Fikirlər