Azərbaycan İsraildə səfirlik açır - “İrana hörmətlə yanaşmaq lazım deyil”
“İndiyə qədər Azərbaycan İranın İsraillə münasibətinə həssas yanaşırdı və hər hansı əlavə ziddiyyət yaratmamaq üçün İsraildə Azərbaycanın səfirliyini açmırdı”. Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib. O, Milli Məclisin bu gün təsdiqlədiyi Azərbaycanın İsraildə səfirlik və Fələstində Daimi Təmsilçilik açılması barədə qərarını şərh edib: “İndi İranla münasibətlər açıq-aşkar gərginləşdiyinə və İranla Azərbaycan qarşılıqlı olaraq bir-birilərinin üzərinə getdiklərinə görə, Azərbaycan hesab edir ki, artıq İranın bu həssalığına o qədər də hörmətlə yanaşmaq lazım deyil. Ona görə də Azərbaycanın öz mənafelərini əsas götürüb, müstəqil siyasət yürütmək qabiliyyətini nümayiş etdirir, İsraildə səfirlik açmaq qərarına gəlib”. Z. Əlizadə əlavə edib: “Bakıda Fələstinin səfirliyi var və indi biz qarşılıqlı olaraq Fələstində, daha dəqiq desək Ramallahda səfirlik açacağıq. Mənim üçün maraqlıdır ki, Azərbaycan öz səfirliyini Təl-Əvivdə açacaq, yoxsa Qüdsdə? Əgər Qüdsə açsaqsa, bu artıq o deməkdir ki, müsəlman dünyasına açıq-aşkar hədə oxuyuruq. Yox, əgər Təl-Əvivdə açsaq, deməli, dünya dövlətlərinin əksəriyyəti kimi, Qüdsün bir hissəsinin Fələstinə məxsus olduğunu tanıyırıq. Mənə elə gəlir ki, səfirliyimizi Təl-Əvivdə açacağıq”. Siyasi şərhçinin sözlərinə görə, rəsmi Bakı həmişə Fələstin xalqına qarşı loyal münasibət bəsləyib, onların qanuni hüquqlarını müdafiə etmişik: “BMT səsvermələrində hər zaman Fələstin xalqının lehinə səs vermişik. Bu, təkcə sovetdən qalma ənənəyə sədaqət deyil, həm də Azərbaycan xalqının özünün düşdüyü vəziyyətə anlaqlı münasibətin nəticəsidir. Çünki bizim də torpağımız işğal olunub, ilhaq olunmasına cəhd göstərilib və biz də Fələstin xalqı ilə həmrəy idik. Məncə, bundan sonra da bütövlükdə münasibət dəyişməyəcək. Sadəcə İsraillə onsuz da əvvəlcədən mövcud olan münasibətləri rəsmiləşdirib, daha yüksək səviyyəyə qaldıracağıq”.