BU İL NƏ OLACAQ?

Müstəqilliyini bəyan edəndən sonra Azərbaycan üzləşdiyi ən ağır problemi ötən il birdəfəlik həll etdi. Ölkənin ərazi bütünlüyü və suverenliyi, bütün perimetr boyu sərhədləri bərpa olundu. Qarabağlı erməni separatizminə son qoyuldu. İndisə Ermənistanla yekun sülh sazişilə bağlı danışıqlar gedir.

Sual çətindir və ritoriklikdən uzaqdır. Qlobal geosiyasi vəziyyət, Cənubi Qafqazdakı proseslər və xüsusilə də regiondan uzaqdakı ölkələrin bölgəyə sirayət cəhdlərini nəzərə alsaq, vəziyyətin mürəkkəbliyi ilə dramatikliyi göz qarşısındadır.

Azərbaycan üçün yaxın perspektivdə strateji baxımdan ən mühüm məsələ Ermənistanla sülh sazişinin imzalanmasıdır. İrəvan danışıqlarda irəliləyişə meylli olduğunu bəyan edir və hələlik təfərrüatları açıqlanmayan, amma davam edən ikitərəfli danışıqların amplitudası da buna dəlalət edir.

Azərbaycana ciddi təsir göstərməyə və Bakının mövqelərini təsir altına salmağa çalışan ABŞ, Avropa İttifaqı və Fransanın hakimiyyət dairələri bilirlər ki, sülh sazişi bölgəni dəyişəcək. Onillərdən bəri həll olunmayan münaqişənin çözülməsi regionda sülhlə stabilliyin bərqərarına səbəb olacaq.

O da aydındır ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması avtomatik, hətta aksiomatik olaraq Türkiyə ilə Ermənistan arasınlda sərhədlərin açılmasına, normal münasibətlərin bərqərarına səbəb olacaq. Beləcə, sülh müqaviləsi Azərbaycan, Ermənistan və Türkiyəi arasında hazırda şərti olan dövlət sərhədlərinin açılmasına təkan verməklə yanaşı, Ermənistanın 30 il əvəl özünü könüllü olaraq tuş etdiyi coğrafi-kommunikasiya təcridinə son qoyacaq. Ermənilər müstəqil dövlətə nail olandan bəri ilk dəfə olaraq bölgədəki mövcud nəqliyyat marşrutları ilə yanaşı, yeni işə salınacaq loqistik istiqamətlərdən yararlanma şanslarına yiyələnəcəklər.

Bir şərtlə: Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizi işə düşməlidir. Ermənistanın baş naziri Nikol Paşinyan 2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın 14-cü bəndində göstərilmiş şərtləri yerinə yetirməməyə davam edərsə, onda ermənilər bəhs etdiyimiz perspektivlərlə indidən vidalaşa bilərlər.

42 km-lik hissəsi Ermənistanın de-yure ərazisindən keçəcək Zəngəzur dəhlizi işə düşməsə, Azərbaycan Ermənistanla şərti dövlət sərhədinin heç bir məntəqəsində və ya hissəsində ermənilərə hərəkət imkanları yaratmayacaq.

Ermənistan yenə də transregional marşrutlarla layihələrdən kənar qalaraq Gürcüstanla İran səhədləri vasitəsilə ticari mübadilələrə davam etməli olacaq.

Nikol Paşinyan münaqişənin tarixi və dünəni ilə yanaşı, hadisələrin yaxın perspektivdəki mümkün cərəyan istiqamətlərini bildiyindən sülh müqaviləsini imzalamamağın İrəvana hansı ağır nəticələr vəd etdiyni anlayır.

İrəvan onu da dərk etməmiş deyil ki, regional təhlükəsizlik indikatorlarının dəyişməsi və risklərin azaldılması üçün adekvat addımlar atmalıdır.

Söz yox, Fransa indi Ermənistanı yeni müharibəyə hazırlaşdırır, erməni ordusunun qalıqlarını sürətlə silahlandırır, erməni hərbçilərə təlimlər keçir, İrəvana tükənmək bilməyən bravur vədlər verir.

Fransa prezidenti Emmanuel Makron bölgədə ABŞ-ın, Avropa İttifaqının və Rusiyanın təməl maraqlarının mövcudluğunu unudur. Eyni zamanda, Türkiyə və İran da Cənubi Qafqaz bölgəsində təsir imkanları ilə hadisələrə sirayət rıçaqlarını itirməməyə, tam əksinə, onları daha da gücləndirməyə can atırlar.

Azərbaycanın sülh sazişinin imzalanması, sərhədlərin delimitasiyası və demarkasiyası, habelə digər ümdə məsələlərlə bağlı Ermənistanla vasitəçilərsiz, birbaşa danışıqlara meylli olduğunu nəzərə alsaq, çox yəqin ki, bölgənin yeni geosiyasi konfiqurasiyası "Azərbaycan, Gürcüstan, Ermənistan + Rusiya, Türkiyə, İran" formatında olacaq.

Gürcüstan indiyədək bu formatda aktiv iştirakdan yayınaraq üzləşdiyi geosiyasi çağırışlar səbəbindən Qərbi qıcıqlandırmamağa çalışıb. Eyni zamanda, Gürcüstanın əzəli və tarixi əraziləri olan Cənubi Osetiya ilə Abxaziyanın separatçı rejimlər tərəfindən idarə olunması, həmin rejimlərin Rusiyanın tam nəzarəti altında fəaliyyət göstərməsi, separatçı rejimlərin kontrolundakı ərazilərin sakinlərinə Rusiyanın pasportlarının paylanması və s. amillər Tbilisinin Moskva ilə eyni formatda yer almasını hələlik mümkünsüz edir.

Rəsmi Tbilisi geosiyasi və geostrateji seçimi kollektiv Qərb olsa da, bu il Gürcüstanda keçiriləcəuk parlament seçkilərinin sonuclarından biri də ölkə diplomatiyasında Avroatlanrtika istiqaməti ilə yanaşı, Avrasiya yönünün güclənməsi də ola bilər.

Təxmin doğrularsa, Cənubi Qafqazda "3+3" formatının reallaşması yolundakı maneələrdən biri aradan qalxa bilər.

Ermənistan isə bəlli, Fransa, ABŞ, Avropa İttifaqı, Rusiya və İran arasında barraj vurur, merkantil məqsədlərinə çatmaq üçün tərəflərin hamısına vədlər verərək hər birindən maksimum dərəcədə yararlanmağa çalışır.

Nikol Paşinyanın aşkar Qərbyönlü ritorikasına və Ermənistandakı anti-Rusiya narrativlərinin artmasına rəğmən, ermənilər arasında Rusiya amilinin ifrat dərəcədə zəifləyəcəyini düşünmək belə, yanlışdır. İrəvandakı siyasi elitaların bütün bəyanatlarına və açıqlamalarına rəğmən, Rusiya, Türkiyə və İran Cənubi Qafqazda regional güclər, strateji hegemonlardır.

ABŞ-da və Avropa İttifaqının əsas ölkələrində keçiriləcək seçkiləri, habelə Ukraynadakı hərbi əməliyyatların gedişatındakı mümkün istiqamətləri nəzərə alsaq, həmin qüvvələr bu il əsas diqqətii öz problemlərinin həllinə yönəldəcəklər.

ABŞ, Fransa və Avropa İttifaqı çox istəsələr də, bölgədəki hadisələrdə onlar aparıcı rol, təyinedici amil və əsas moderatorla arbitr rollarını oynamırlar. Kollektiv Qərb bütün səylərinə rəğmən, Cənubi Qafqazda söz sahibi ola bilmədiyi üçün Rusiya, Türkiyə və İranın təsir amillərinin artması ilə barışmalı olacaqlar.

Fransa üzləşəcəyi belə geosiyasi təhlükəsizlik dilemmasını həll edə biləcəkmi?

Çətin, çünki rəsmi Paris İrəvanı tam dəstəkləsə də, Bakı ilə münasibətlərini korlayıb və səbəbkar da məhz Emmanuel Makronun isterik açıqlamaları, yanlış siyasəti, Azərbaycana təzyiq göstərmək kimi marazmatik istəkləridir.

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bu il mütləq imzalanacaq ki, əsas səbəb, daha doğrusu, triqqer Ermənistandakı vəziyyət olacaş.

Ermənistanda etiraz aksiyaları hələlik süst durumuda olsa da, aprel-may aylarında yenidən aktivləşə bilər. Üstəlik, yayda ABŞ-da prezident seçkilərinin əsas mərzələsi başlanır və bu səbəbdən də Vaşinqtonun Cənubi Qafqazdakı aktivliyi səngiyəcək. Nəticədə İrəvanla müqayisədə Bakı daha geniş manevr imkanları əldə edəcək.

Məhz bu səbəblərdən Ermənistan üçün sülh sazişinin aprel ayınadək imzalanması ən optimal variant təsiri bağışlayır.

Elçin Alıoğlu
TREND






Fikirlər