NAMİZƏDLƏR PREZİDENT SEÇKİSİNƏ NƏ QƏDƏR PUL XƏRCLƏYƏCƏK? – Rəqəmlər açıqlandı + SİYAHI

Məlum olduğu kimi, 7 fevral tarixində keçiriləcək növbədənkənar prezident seçkisində 7 namizəd mübarizə aparır. Hazırda namizədlər 15 yanvar - 6 fevral tarixlərində baş tutacaq 22 günlük seçkiqabağı təşviqat mərhələsində iştirak edirlər.

Bəs maraqlıdır namizədlər bir həftədən artıqdır davam edən təşviqat kampaniyasına nə qədər vəsait ayırıblar?

"AzPolitika.info" Mərkəzi Seçki Komissiyasının (MSK) məlumat bazasına istinadla xəbər verir ki, prezidentliyə qeydə alınmış namizədlərin seçki fondlarının gəlir və xərclərinin birinci maliyyə hesabatları açıqlanıb.

Təqdim olunan hesabata görə, təşviqat kompaniyasına ən çox pul ayıran namizəd Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən İlham Əliyevdir. YAP tərəfindən təşviqat kampaniyasına 250 min manat vəsait ayrılıb. 

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyevin seçki fondu isə 20 min manat təşkil edir. Bu vəsaitin 10 min manatı fiziki şəxslərin ianələri, 10 min manatı isə namizədin özünün vəsaitidir. Hesabata görə, Q. Həsənquliyev imza toplama kampaniyası zamanı 15 min manat vəsait xərcləyib. 

Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafanın da seçki fondunda 20 min manat vəsait var. Bu vəsaitin 10 min manatı könüllü ianələr, digər 10 min manatı isə namizədin şəxsi vəsaitidir. F. Mustafa isə seçicilərdən imza toplanmasına 8 min manat vəsait xərcləyib.

Sonrakı sırada namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc qərarlaşıb. Z. Orucun seçki fondunun gəlirləri 19 min manatdır. Bu vəsaitin 8 min manatı imza toplama kampaniyası zamanı istifadə olunub.

Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev isə ən az seçki fonduna sahib olan 3 namizəddən biridir. Belə ki, R. Nurullayevin seçki fondunun gəlirləri fiziki şəxslərdən toplanan 3 min manat ianədən ibarətdir. Hesabatda imza toplama kampaniyasına nə qədər vəsaitin xərcləndiyi isə qeyd olunmayıb.

Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyevin seçki fondu isə 2 min manatdır. Hesabata görə, F. Əliyev bu vəsaitin hamısını imza toplama kampaniyasına yönəldib.

Prezidentliyə namizədlər arasında ən az seçki fonduna sahib olan şəxs Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev olub. Elşad Musayevin seçki fondunun gəlirləri cəmi 1500 manat təşkil edib. Bu vəsaitin 1000 manatı seçicilərdən imzaların toplanmasına yönəldilib. Maliyyə hesabatında göstərilib ki, seçki gününə istifadə olunmamış qalıq məbləğ 500 manat olub. Maraqlıdır ki, seçki gününə 2 həftədən çox müddət qaldığı halda E. Musayevin açıqladığı maliyyə hesabatında qalıq məbləğ indidən göstərilib…

Qeyd edək ki, namizədlərin seçki üçün ayırdığı vəsaitin toplam məbləği 315 min 500 manat təşkil edib.

 

 






Fikirlər