ƏLİ ABBASOV KİM OLUB?!

Əli Abbasov dindirilir - 4 saatdır Prokurorluqdadır

Hələ 1994-cü ildə mərhum Prezidentimiz, Ulu Öndər Heydər Əliyev BMT-nin 49-cu sessiyasında iştirak etmək üçün ABŞ-a səfər edərkən, orada ABŞ-ın o vaxtkı prezidenti Bill Klintonla görüşü və geniş söhbəti olur. Söhbət əsnasında Klinton Ulu Öndərdən Azərbaycanda internetin vəziyyəti barədə də soruşur. İnternetin hələ təzə-təzə meydana çıxdığı və onun nə olduğunu Azərbaycanda hətta böyük alimlərin də bilmədiyi bir vaxtda Heydər Əliyev özünəməxsus məharətlə sualdan yayınır və söz arası onunla görüşdə iştirak edən mərhum Fərəməz Maqsudova Azərbaycan dilində sual verir ki, “bizdə internetin vəziyyəti nə yerdədi?”. Fərəməz Maqsudovun ağlına ilk olaraq, o zaman AMEA-nın Kibernetika İnstitutunun nəzdindəki АСУ (ru: “Автоматические системы управления”) adı ilə tanınan “avtomatlaşdırılmış idarəetmə sistemləri” adlı kiçik bir quruma rəhbərlik edən texnika elmləri namizədi Əli Abbasov gəlir və yan otağa keçib dərhal onunla əlaqə yaradıb, bu sualı ona verir. Əli müəllim də cavabında deyir ki, “çox pis vəziyyətdədir, amma onlara deyin ki, yaxşıdı, o sahədə işlər gedir”. Ulu Öndər söhbət əsnasında bayaqkı suala qayıdıb, Azərbaycanda internet sahəsində ciddi işlər getdiyini Klintona çatdırır.

ABŞ-a səfərdən qayıdandan sonra Ulu Ööndər Fərəməz Maqsudova dərhal tapşırıq verir ki, o sahədə ciddi işlərə başlasınlar, çünki bu texnologiya hətta ABŞ Prezidentinin də diqqətini cəlb edibsə, deməli çox perspektivli bir sahə olmalıdır. Fərəməz Maqsudov bu işi məhz Əli Abbasova tapşırır. Qısa vaxt ərzində Əli Abbasov kiçik bir qrup düzəldib, o dövr üçün hələ çox yeni olan bu sistemi mənimsəyir. Əsas problem bu idi ki, Azərbaycan rabitəsi Sovet dövründən qalma köhnə bir model idi və üstəlik də Azərbaycanda bir dənə də olsun internet provayderi yox idi. Əli Abbasov bu texniki problemi sadə bir üsulla həll etdi: ABŞ-ın hansısa bir internet provayderi ilə danışıqlar apardı və o vaxt hələ yeni-yeni yayılmağa başlayan mobil telefon vasitəsilə həmin provayderə qoşulmaq üçün razılıq əldə olundu. Bundan sonra mərhum Prezident Heydər Əliyevin iş otagında kompüter quraşdırılır və həmin mobil telefon bir növ modem kimi istifadə olunaraq, kompüter ABŞ provayderlərinə qoşularaq internet bağlantısı əmələ gətirilir (Azərbaycanda internetə qoşulmuş yeganə və ilk kompüter bu oldu!) və Əli müəllim özü şəxsən kompüterdə ABŞ kitabxanalarını bir-bir gəzməklə, xarici dövlətlərin yeni-yeni yaranan saytlarında axtarış aparmaqla, email əlaqəsi yaratmaqla internetin imkanlarını Ulu Öndərə nümayiş etdirir. Bu texnologiyanın çox böyük perspektivi olduğunu dərhal anlayan Ulu Öndər, oradaca tapşırıq verir ki, bu texnologiya sürətlə Azərbaycanda inkişaf etdirilməlidir.

Картинки по запросу AZERKOSMOS

Bundan sonra, indi hörmətli akademikimiz və Əli müəllimin özü qədər layiqli alim olan Rasim Əliquliyevin rəhbərlik etdiyi AMEA İnformasiya Texnologiyaları İnstitutunun ilk özəyi olan İnformasiya-Telekommunikasiya Elmi Mərkəzi (İTEM) yaradılır və Əli müəllim onun direktoru təyin olunur. Məhz o mərkəzin sayəsində Azərbaycanda internet bu günkü səviyyəsinə gəlib çıxdı.

Əli müəllimin bu qabiliyyətindən, xidmətlərindən ən yüksək dairələrdə xəbərdar idilər və məhz bütün bunların nəticəsi olaraq, O, Rabitə Naziri vəzifəsinə təyin olunur, üstəlik də məhz onun xidmətlərinin nəticəsi olaraq o Nazirliyin adı da məhz Əli müəllimə görə bir müddət sonra dəyişdirilərək “Rabitə və yüksək texnologiyalar nazirliyi” adlandırılır.

Əli müəllim bu adı doğruldur: Bu gün Azərbaycan dünya üzrə 5-10 dövlətdən biridir ki, Kosmosa öz süni Peykini buraxıb. Bu iş məhz Əli müəllimin arzusu və həyata keçirdiyi böyük xidməti idi. Yüzlərlə başqa bu kimi nailiyyətlər də məhz Əli müəllimin xidmətlərindəndir. Bunlardan kiçicik birisi – Azərbaycan-ingilis maşın tərcüməsi proqramı olan “Dilmanc” məhz Əli müəllimin sayəsində meydana çıxan işlərdəndir.

Lakin Əli müəllim nələri bacarmadı? Əli müəllim axıra qədər də mobil rabitənin və öz “yaratdığı” internetin qiymətini aşağı sala bilmədi, rabitə sistemindəki monopoliyaları ləğv edə bilmədi. Bunun təhlükələrindən birini bugünlərdə “Delta” telekomda baş verən qəzadan sonra bütün ölkənin internetsiz qalması timsalında hamı aydın gördü: internet qiymətləri ona görə yüksək imiş ki, burada bütün bazar – cəmisi bir şirkətin əlində cəmlənibmiş. Və məşhur Çovdarovun da həbsindən az sonra kiminsə bir düyməsi ilə o yeganə provayder də blok oldu və monopoliyanın fəsadını hər kəs anladı.

Kim idi bütün bunlarda günahkar? Təbii ki, ilk növbədə hamının ağlına məhz o sahəyə cavabdeh olan nazir gəlir. Üstəlik də son dövrlərdə mətbuatda bu nazirlikdəki bir sıra kriminal əməllərlə bağlı yazılanları oxuduqda Əli Abbasov barədə həqiqətən iyrənc bir təsəvvür yaranır.

 

Lakin gəlin məsələyə digər tərəfdən baxaq: Əli Abbasov kim idi ki, qarşısında digər bütün nazirlərin də tir-tir əsdiyi kriminal MTN generalları şəbəkəsinə əleyh gedə bilsin? Mətbuatda onun barədə yazılır: “Qorxaq və zəif xarakterinə görə MTN kriminallarının işinə göz yumub”. Əli Abbasov abrına sığınan, böyük elmi idealları olan əsl ziyalı bir insan idi. Ömrü boyu polis-obxss sistemində kriminal işlərlə məşğul olmuş, indi də əlində nəhəng dövlət gücünü cəmləmiş, millətə divan tutmaq üzrə generallar olan mütəşəkkil cinayətkar şəbəkə ilə Əli Abbasov nə edə bilərdi? Və başqa nazirlər nə edə bilmişdilər – hətta güc nazirlikləri, prokurorluq orqanları da onlardan qorxurdu! Bu gün məlum olur ki, internet, mobil rabitə və s. üzrə monopoliya da Mahmudovların, Çovdarovların əməli imiş, Çovdarovun həbsindən dərhal sonra “Delta” telekomun partladılıb bütün ölkəni, bankları, kommunukasiyanın blok edilməsinin də bir ucu onlara gedib çıxır. Əli müəllim canavarlar sürüsü içərisində qorxa-qorxa, gizli-gizli dövlətə işləyən, fağır bir abırlı alim idi. Və buna görə də İlham Əliyev bunu bildiyindən, onu həbs etdirmədi. O, sadəcə o quldur dəstəsinin güdazına getdi, əks halda, əsl İlham Əliyevin arzu etdiyi və yerində olan nazirlərdən biri idi…

Siz məni tanımırsız Əli müəllim. Və Sizinlə heç vaxt görüşməmişik də. Lakin mən Sizin yaxşılıq etdiyiniz minlərlə insandan biriyəm. Neçə il bundan əvvəl mən elmi işlərimi müxtəlif nazirliklərə, böyük şirkətlərə göndərib hansısa bir xarici dilə tərcümə etdirməyə kömək etmələrini xahiş etdim. 50-yə yaxın təşkilat və bütün nazirliklərdən birmənalı olaraq rədd cavabı aldım. Yalnız Siz göstəriş verdiniz ki, öz daxili imkanlarımız hesabına mümkün kömək olunsun. Rabitə nazirliyinin müxtəlif strukturlarında xarici dilləri bilən mütəxəssislər araşdırıldı və 2-3 idarədə rus, ingilis dillərini bilən əməkdaşlar tapıldı və 1 ay işdən azad olunub, mənə təhkim olundular ki, mənim işlərimi tərcümə etsinlər. Məhz Sizin bu köməyiniz sayəsində o vaxtdan sonra mənim 15 xarici elmi jurnallarda elmi məqalələrim çap olundu, Almaniyada kitabım çap olundu. Mən o vaxt Sizə layiqincə minnətdarlıq edə bilmədim, Əli müəllim. Heç üzünüzü də görmədim, və nə də Siz mənim üzümü görmədiz. Sadəcə məktub yazdım ki, minnətdaram, xahişimi müsbət həll etdiz.

Gücüm ona çatdı ki, bu il çap olunan kitabımın sonunda mənə indiyə qədər yaxşılığı dəymiş şəxslər sırasında Sizə də o yaxşılığınıza görə öz minnətdarlığımı yazıb əbədiləşdirim.

Картинки по запросу AZERKOSMOS

Amma bilirəm ki, bu gün Siz çətin günlərinizi yaşayırsınız, çoxları Sizdən üz döndərib və bu murdar adamlar dəstəsinin kriminal əməllərinin qurbanı olmaq, onlarla adınızın bir sırada çəkilməsi, ömrü boyu bu ölkə üçün həyatını qurban vermiş, abırlı, ləyaqətli bir ziyalı kimi Sizə ölümdən betər əzab verir bu gün. Lakin dözümlü olun. Siz onların tayı deyilsiniz və bunu hamı da çox yaxşı anlayır. Siz Azərbaycanı internet və kosmos ölkəsinə çevirmiş və həqiqi alim və vətənpərvər insan olan əsl ziyalısınız! Kaş bundan sonra nazir olmuş olaydınız – Azərbaycanın o quldur dəstəsindən azad olub, əsl azadlığa çıxdığı bir dövrdə. Mən bilirəm ki, Siz əsl xarüqalər yaradardınız.

Jurnalistlərdən də rica edirəm ki, bu gün ölkə rəhbəri tərəfindən ölkədə aparılan bu ciddi islahatları işıqlandırarkən, Əli müəllimin bu xidmətlərini və həm də əsl ziyalı olmasını, eyni zamanda o mütəşəkkil cinayətkar şəbəkənin qarşısında tək onun yox, hətta ən güclü nazirlərin də əli-qolu bağlı vəziyyətdə qalmasını, tir-tir əsməsini nəzərdən qaçırmasınlar.

Mən hətta deyərdim ki, ölkə Prezidenti onların həbsinə qərar verib, xalqı bu quldur dəstəsindən xilas etmək cihadına qalxarkən, bəlkə də öz həyatı ilə risk etdiyini də göz önünə almışdı. Çünki onlar hətta ölkədə dövlət çevrilişi etmək və Prezidentin həyatına qəsd etmək qədər gücə, imkana, Prezidentin heç özünün də görə bilmədiyi gizli terrorçu dəstələrinə, gizli həbsxanalara, xarici dövlətlərlə separat əlaqələrə malik idilər. Bəlkə də “Delta” telekom kimi neçə zəruri strateji obyektlərin düymələrini öz əllərində saxlamışdılar ki, onların şəbəkəsinə təhdid olsa, bütün ölkəni diz üstə qoya bilsinlər. Çox şükür ki, hər şey qansız-qadasız ötüşdü, onlara əks hücuma macal verilmədən, məharətlə və düşünülmüş cəldliklə ölkə Prezidenti bütün riskləri göz önünə alıb, xalqı arxasına çəkib, mübarizəyə qalxdı və şükr ki, qalib gəldi. Əks halda, təsəvvür belə etmək mümkün deyil ki, biz hansı quldurların hakimiyyəti altına düşə bilərdik?!

Əli Abbasov isə bu nəhəng Xeyir və Şər müharibəsində ayaq altında qalan, kiçik bir fiqur oldu.

Allah özü Sizə yardımçı olsun, Əli müəllim. Azərbaycanın məhz Sizin kimi həqiqi alimlərə, ziyalılara çox ehtiyacı var.
Ölkə Rəhbərliyindən də rica edirəm ki, bütün bu proseslərdə Əli Abbasovun öz iradəsi altında olmadığını, və abırlı, ləyaqətli bir insan kimi, onlardan həqiqətən qorxduğunu (bütün digər nazirlər kimi) və bununla belə Azərbaycana indiyə qədər həqiqətən böyük xidmətlər göstərmiş olması həmişə nəzərə alınsın, belə bir alimimiz ləkələnməsin, o quldur dəstəsinin çirkabına adı bulaşdırılmasın, həbs olunmasın. Onun bir alim kimi bilik və bacarığı, zəngin təcrübəsi ölkəmizə hələ çox lazımdı.

Cabbar MƏMMƏDOV

 

 






Fikirlər