ƏYALƏT MOLLASININ “NƏHAVƏND FƏRYADI”... – Və yaxud “Çaldıran təəssübkeşliyi”
Mübariz Ağalarlı, AMEA-nın Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, dosent Bir neçə gün əvvəl İranın ali dini rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi ayətullah Seyid Həsən Amilinin iştirak etdiyi və İranın Radio və Televiziya Təşkilatının “Xəbər Şəbəkəsi” kanalında yayımlanan “Müqavimət: Aşuradan Çaldırana, Çaldırandan zühura” adlı məqsədli və siyasi xarakter daşıyan tədbirdə Azərbaycana və Prezident İlham Əliyevə qarşı sərt tənqidi ifadələrlə, ölkəmizə qarşı növbəti ittihamlarla start verildi. Azərbaycanın rəsmi dairələri bu şəxsin Azərbaycana qarşı cəfəng fikirlərinə, siyasilərə qarşı sərt ittihamlarına görə İranın müvafiq qurumlarına etiraz notası göndərdi. Həmçinin, İranın siyasi və dini elitası arasında yer alan bu şəxsin siyasi etiket qaydalarına məhəl qoymaması Azərbaycan cəmiyyəti arasında da haqlı etiraz və tənə ilə qarşılandı. Məlum şəxsin öz çıxışında Çaldıran savaşında məğlub olan Şah İsmayıla qeyri-səmimi təəssübkeşlik edərək, türk xalqları arasında uğursuz təfriqə yaratmaq cəhdləri də, ikrah və təəssüf hissi doğurmaya bilməzdi. Xüsusilə də özünün məlum moizəsində Azərbaycan Respublikasının torpaqlarını hədəf göstərərək, Şah İsmayılın nəvələrini bu ərazilərə yürüşə səsləməsi, Amili təfəkkürlü məlum cəmiyyətin bəsitliyindən xəbər verir. İlk öncə bu şəxsin fikirlərini diqqətə almamağa çalışsaq da, lakin onun çıxışındakı siyasi çalarları, məqsədli təşviqatı və ideoloji təxribatı nəzərə alaraq, Amilinin köhnəlmiş tarixi yaddaşını bir tarixçi-alim olaraq təzələməyi özümüzə borc bildik. Bu yazıda məqsədimiz tarixin yaddaşını qurcalamaqla, Amili təfəkkürlü məlum cəmiyyətin hiss və həyəcanla, qeyri-səmimi şəkildə müsəlman dəyərlərindən ürəkdolusu danışmasının, tarixi gerçəklikləri ört-basdır edərək, İslam dünyasının hamisi kimi çıxış etməsinin gerçəkliklə uzlaşmamasını göstərməkdir. 642-ci il. Nəhavənd döyüşü... Bu zaman və məkan çərçivəsində İran (fars) kimliyinin yüz illər boyu unuda bilməyəcəyi bir hadisə baş verdi. Xəlifə Ömər ibn Xəttabın hakimiyyəti dönəmində Sasani - fars imperiyasının çöküşünün əsası qoyuldu. Bu hadisə ilə təkcə Sasani imperiyasının çöküşünün əsası qoyulmadı, eyni zamanda ərəb–fars düşmənçiliyinin də əsası qoyuldu. Haşiyə çıxaraq qeyd edək ki, 226-cı ildə farslar tərəfindən əsası qoyulan Sasani imperiyası 227-ci ildə Azərbaycan Atropatena dövlətini işğal edərək Ərdəbili, Təbrizi, Həmədani, Marağanı bütünlüklə Cənubi Azərbaycanı ələ keçirmiş, 262-ci ildə isə Azərbaycanın Şimalını - Albaniya dövlətini işğal edərək özünün siyasi təsir dairəsinə almışdır. Azərbaycan dövlətçilik tarixinin heç də xoş olmayan bu dövrü dövlətçilik ənənələrinin tənəzzülü, mədəni və mənəvi dəyərlərimizin yadellilər tərəfindən mənimsənilməsi dövrü kimi tarixə düşmüşdür. Onu da qeyd edək ki, Sasani dövləti mövcudluğu dövründə bütün Cənubi Qafqaz, İraq, Əfqanıstan, Pakistan, Türkmənistan, Şərqi Anadolu ərazilərini də işğal edərək siyasi hüdudlarına daxil edə bilmişdir. Sasani işğalı dövründə həyata keçirilən dini, etnik, mədəni diskriminasiya, zorakılığa əsaslanan mədəni və etnik zülm, imperiyada mövcud sosial-iqtisadi böhran, işğal altında olan xalqların tarixinə qara hərflərlə yazılmış, bu xalqların Sasani zülmünə, işğalına qarşı azadlıq mübarizəsi dövrün tarix kitablarında və yaddaşlarda həkk olunmuşdur. VII əsrdə Yaxın və Orta Şərqdə yeni bir sivilizasiyanın – İslam dininin meydana gəlməsi yeni bir mədəni və mənəvi eranın əsasını qoymaqla yanaşı, çürüməkdə olan Sasani ideologiyasının, çoxtanrıçılığa əsaslanan dini dünyagörüşün və deformasiyaya uğramış cəmiyyətin mövcud mədəni-mənəvi dəyərlərinin sonunu da gətirdi. Və nəhayət, bu tarixi hadisə baş verdi. 642-c il. Nəhavənd döyüşü... Tarixi qaynaqlar 642-ci ildə Ərəb xilafəti tərəfindən Sasani fars dövlətinin çöküşünü bu şəkildə təsvir edir. “642-ci ilin yayında Nəhavənd şəhəri yaxınlığında 3 gün davam edən misli görünməmiş qanlı döyüş başladı. Bu döyüşdə qan su yerinə axırdı. O dərəcədə ki, insanlar və atlar döyüş meydanındakı qan selindən ayaq üstə dayana bilmir, məğlubiyyətə məhkum olan Sasani əsgərlərinin fəryadı göylərə yüksəlirdi. Sayca xeyli üstün olan ərəb ordusunun qələbəsi ilə bitən bu döyüşdə 30 mindən artıq Sasani döyüşçü həlak oldu…” Tarixin gedişatını dəyişən bu döyüşdən əvvəl İslam Peyğəmbəri Məhəmməd Peyğəmbər (s.ə.v) dövrün iki aparıcı dövlətinə - Bizans İmperatoruna və Sasani şahına məktub göndərərək haqq yoluna gəlməyə, İslam dinini qəbul etməyə dəvət etmişdi. İslam Peyğəmbərinin elçisi Abdullah bin Hüzeyfə əs-Səhmi vasitəsilə Sasani şahına göndərdiyi məktubda deyilirdi: “Allahın rəsulu Məhəmməd (s.ə.v.)-dən Fars şahı Xosrova. Salami-sülh o kəsə ki, Hidayət yolunu tutub, Allaha və Onun Rəsuluna iman gətirərək şəhadət edib ki, Vahid Allahdan başqa ilahi yoxdur. Ona şərik olan yoxdur və Məhəmməd (s.ə.v.) Onun bəndəsi və Rəsuludur. Səni Əziz və Qadir Allahın dininə çağırıram. Həqiqətən, mən Allahın bütün insanlara Rəsuluyam ki, sağ olan hər kəsə öyüd verəm. “Kafirlər üçün belə bir söz haqlıdır: özünü (Allaha) təslim et - səlamət qalarsan! Boyun qaçırsan məcusilərin (atəşpərəstlərin) günahları üçün məsuliyyəti sən daşıyırsan”. İslam Peyğəmbərinin elçisi Dihyətul Kəlbi vasitəsilə bu məzmunda digər bir məktub imperator Herakliusa (610-641) göndərilmiş, Bizans imperatoru İslam Peyğəmbərinin tələbini və istəyini müsbət mesaj kimi dəyərləndirmiş, öz xoş məramını ifadə etmişdir. Sasanı-fars hökmdarı Xosrov Pərviz (591-628) isə Herakliusdan fərqli olaraq Peyğəmbərin məktubunu gətirən elçiyə qəzəblənmiş, “... etinasızlıqla məktubu cıraraq demişdi: Bu kişi kimdir ki, məni öz dininə çağırır?! Mənim adımdan qabaq öz adını yazan və məni cürətlə öz dinimdəm başqa bir dinə dəvət edən bəndəni mənim yanıma gətirin”... İslam xəlifəsi Ömər ibn Xəttabın hakimiyyəti dövründə (634-644) Sasani imperiyasına Nəhavənd döyüşündə vurulan ağır zərbə nəticəsində 651-ci ildə Sasani imperiyası tamamilə tarix səhnəsindən silinmiş, onun hüdudlarına daxil olan torpaqlar Xilafətinin tərkibinə qatılmışdı. Fars imperiyasının tarix səhnəsindən silinməsi dövlətin siyasi tənəzzülü ilə bərabər imperiyanın özəyini təşkil edən fars bürokratiyasına da böyük zərbə vurdu. Uzun illər Xilafət hakimiyyəti altında olan fars bürokratiyasi siyasi və ideoloji-dini vasitələrdən və metodlardan istifadə edərək öz mövcudluğunu qorumağı və dövlətlərini yenidən bərpa etməyi qarşılarına məqsəd qoymuşdu. Bu məqsədlə Xilafət dönəmindən başlayaraq “İmamiliyi”-“İslamda Vilayət” prinsipini mənimsəyərək, fars ideologiyasının təməl dayağına çevirmiş, bu məqsədlə çoxlu miflər və rəvayətlər uydurmuşlar. Bu rəvayətlərdə dönə-dənə vurğulanırdı ki, “Sasani dövlətinin süqutu ərəfəsində Sasani hökmdarı III Yezdəgirdin qızı Şəhrəbanu imam Əlinin övladı imam Hüseyn ilə ailə həyatı qurmuş və bu nikahdan şiələrin dördüncü imamı Əli ibn Hüseyn (Zeyn al-Abidin) doğulmuşdur”. Qeyd edək ki, mənbələrin verdiyi məlumatlar və tarixçilərin araşdırmaları göstərir ki, Yezdəgirdin qızı Şəhrəbanunun imam Hüseynin həyat yoldaşı və imam Zeyn al-Abidinin anası olması bir tarixi mifdir. İranlı ilahiyyatçılar Mürtəza Mütəhhəri, Seyyid Cəfər Şahidi, Doktor Əli Şəriəti və digərləri İmam Hüseynin Şəhrəbanu ilə evlənməsi hekayəsinin həqiqiliyinə şübhə ilə yanaşıb və bu rəvayətləri rədd ediblər. Ərəb tarixi qaynaqlarında isə, demək olar ki, III Yezdəgirdin övladları haqqında heç bir məlumat verilmir. Ortaya atılan bu mifik iddia – farsların Məkkəli imamlarla qohumluğu – uzun illər boyu farsların İslamda Vilayət iddiasına (Vilayət-Allah tərəfindən buyrulan imam və rəhbərin İslam Peyğəmbərindən sonra onun canişininə-imam Əliyə və övladlarına aid olması) sahib çıxmasına səbəb olmuş, bunu öz siyasi və dini məqsədləri üçün istifadə etmişlər. Hətta uzun illər boyu fars bürokratiyasının İslam dünyasının ümumi faciəsi olan Kərbəla faciəsini (680-ci il) özününküləşdirərək fars millətinin tarixi faciəsi kimi lokallaşdırması dini, insani dəyərlərdən çox siyasi mahiyyət daşımış, İslam dünyasında məzhəb parçalanmasına, sünni-şiə ixtilafına səbəb olmuşdur. Bir çox tədqiqatçılar İslamda şiəlik məzhəbinin zühurunü Sasani imperiyasının süqutundan sonra İslamiyyət dönəmində fars bürokratiyasının dini-siyasi mübarizəsi kimi dəyərləndirirlər. Qeyd edilən İran rəvayətlərinin görünməyən siyasi çalarlarını təhlil edən görkəmli ideoloq, ictimai-siyasi xadim Əhməd Bəy Ağaoğlu yazırdı ki, “Şiə məzhəbi iki şəkildə İran-fars kimliyini mühafizə edir. Belə ki, şiəlikdə İmamət (Vilayət) anlayışı və hakimiyyətin atadan oğula keçməsi məsələsi bu məqamda böyük əhəmiyyət kəsb edir. Şiələrin Məhəmməd Peyğəmbərdən (s) sonra siyasi və dini hakimiyyətin İmam Əliyə (ə) keçməsi barədə inancı, xüsusilə Əlinin oğlu İmam Hüseynin (ə) sonuncu Sasani şahı Yezdəgirdin qızı ilə evlənməsi İranın tarixi dövlətçilik ənənələrinin qorunmasına xidmət edir. Bildiyimiz kimi, imamət zənciri Hüseyn ibn Əli (ə) ilə Yezdəgirdin qızı Şəhrəbanunun izdivacından dünyaya gəlmiş İmam Zeynalabidin Əli ibn Hüseynin (ə) vasitəsi ilə davam etməkdədir. Şiələrin dördüncü imamı Hüseyn ibn Əli (ə) son Sasani hökmdarı Yezdəgirdin kürəkəni olduğundan, gələcəkdə İran xalqı İmam Hüseynin soyundan gələnləri dəstəkləməklə onları istila edən ərəb axınına qarşı müqavimət, daxili immunitet əldə etmiş olur". Əhməd Bəyə görə, “Şiəliyin fars milli kimliyi üçün ikinci əhəmiyyətli tərəfi isə Mehdilik inancıdır. Mehdi inancı fars tarixi və düşüncələrinin qorunması və ümid yerinin saxlanılması üçün inam yeridir”. Əhməd Ağaoğlu “Şiə dinində məzdəki inancları” əsərində qeyd edirdi ki, “Şiəlik nə sözün əsl mənasında bir din, nə də siyasi bir partiyanın təzahürüdür. O fars milli ruhunun sintezidir, uzun əsrlərdən bəri keçmişlə və indi, Məzdəkilik və İslam arasında yaranmış bir uzlaşmadır… Bir sözlə, İranlı, İslam örtüyü altında yeni bir din yaratmağa başladı. Sahibini (Xilafəti) duyuq salmamaq üçün bu iş ərəb adı altında görülürdü, amma eyni zamanda fars keçmişi və qədim fars mifologiyasını da özündə saxlayırdı”. Əhməd Ağaoğlu ərəblər tərfindən süquta uğradılan Sasani dövlətinin yenidən bərpası uğrunda mübarizədə şiə inancının iranlılar üçün böyük əhəmiyyət daşıdığını xüsusi vurğulayırdı. O, yazırdı: “Şəhrəbanunun əri və Yezdəgirdin kürəkəni olan imam Hüseyn farslar arasında böyük hörmətə malikdir. Onu imamların ən əzizi sayırlar; onun əzablarına həsr olunmuş bir tamaşa oynanılır, müxtəlif əsərlər yazılıb. İranlılara görə o, imamlığın ən bariz nümunəsi, keçmiş və müasir İran arasında əlaqə vasitəsidir. Onun şəxsiyyəti iranlıların gözündə hüquq, aşkarlıq və ləyaqətin simvolu idi və İranı işğal və qarət etmiş əvvəlki üç Xəlifənin əksi sayılırdı. İranın Əli ailəsinə ancaq Sasanilərin tək və əsl varis kimi baxdığını nəzərə alanda şiəliyin mənşəyini izah etmək mümkün olur”. Ərəb xilafəti dövründə fars bürokratiyasının gizli siyasi və ideoloji mübarizəsi davam etmiş, hətta Xəlifə Məmun (813-833) xilafət hakimiyyətində İran mənşəli bürokratiyanın mövqeyinin güclənməsinin qarşısını almaq üçün türklərin xidmətlərindən istifadə etmək məcburiyyətində qalmışdır. Bu məqsədlə Türküstan bölgəsindən, Xəzər Xaqanlığı və Xorasandan gətirilərək İraq, Suriya, Misir ərazisinə yerləşdirilən çoxsaylı türklər xilafətin ordu sistemində və bürokratik aparatda söz sahibi olmuş və fars bürokratiyasının öz siyasi nostaljisini həyata keçirməsinə imkan verməmişdir. Qeyd edək ki, uzun dövr tarixinə baxdığımızda İslam adı altında siyasi və ideoloji mübarizə aparan, gerçəkdə isə Sasani dövlətini və keçmiş dini dəyərləri bərpa etməyə çalışan fars bürokratiyası İslamın yayılmasında da xüsusi bir rola malik olmamışdır. Dövrün bir çox fars kökənli tanınmışları ərəb mədəniyyətinə, İslam mənəvi dəyərlərinə həqarətlə yanaşmışdır. Fars dövlətçiliyinin ideoloqlarından biri hesab olunan Əbülqasim Firdovsi özünün “Şahnamə” əsərində qeyd edirdi ki, “Dəvə sidiyini içən və kərtənkələ yeyən ərəb İşi öylə bir yerə çatdırmış ki, Kiyanilər tacını yiyələnmək istəyir. Tüpürüm sənin çarxına ey fələk, tfuu!..” Bu misralarda əks olunan ifadələr onu deməyə əsas verir ki, hələ orta əsrlər dövründə İslam dünyasında ifrat “panfarsizm” ideologiyası və düşüncə sistemi mövcud idi. Ərəb xilafətinin tənəzzülü prosesində IX-XI əsrlərdə İslam dünyasının fars kəsimi bölgədə yaranan siyasi idarəçilik sistemlərində təmsil olunsa da, öz siyasi və ideoloji istəklərinə nail ola bilməmişdir. Xüsusilə də XI əsrdə Oğuz türklərinə məxsus Böyük Səlcuq imperiyasının yaranması əski sasani ideologiyasının gerçəkləşməsinə imkan vermədi. Lakin bu dövrdə də İslamın şiə məzhəbi ilə silahlanan fars bürokratiyası gizli və ya açıq şəkildə fəaliyyət göstərmişdir. Xüsusilə də məşhur Səlcuqi sultanları Alparslan va Məlikşahın vəziri olmuş fars zədaganlarından Nizamülmülk, həmçinin Həsən Səbbah və Ömər Xəyyam öz məram və məqsədlərinə nail olmaq üçün bütün vasitələrdən istifadə edirdilər. Bu şəxslər haqqında tarixi qaynaqlarda yetərli məlumatlar mövcuddur. “Vəzirin tərcümeyi-halı” adlı bir kitabda Nizamülmülk haqqında yazılır: “Bir ara Xacə (Nizamülmülk) Bəlx əmiri ibn Şadanın yanında katiblik edirdi. Vaxtaşırı ibn Şadan Xacəyə deyirdi: “Ey Həsən (Nizamülmülk), yaman kökəlibsən”. Sonra nəyi varsa əlindən alıb deyərdi: “Sən katibsən, qələmin sənə bəsdir”. Bir qədər işləyəndən sonra onun əmlakı müsadirə edildi, özü isə tutulmamaq üçün qaçıb aradan çıxdı”. Amma bütün bunlar onun üçün bir məktəb olur. O, saray sirrlərini, yaltaqlıq, nifaq salmaq, ürəyə girmək, kiçik və böyük məmurlarla necə davranmaq və s. dərindən öyrənmişdi. Dövlət işləri üçün önəmli fəaliyətləri olsa da, öz məqsədinə çatmaq üçün heç bir tədbirdən, yeri gələndə xəyanət və cinayətlərdən də çəkinmirdi. Nəhayət, öz rəqiblərini bir-bir vuraraq vəzirliyə kimi yüksəldi”. Özünü sasanilərin nəvəsi adlandıran Həsən Səbbah Fatimilərin hakim olduğu Qahirədən qayıtdıqdan sonra Səlcuqlu sarayında məşhur Böyük Səlcuqlu vəziri Nizamülmülkün əmrində işə başlamışdır. Nizamülmülk vasitəsilə Səlcuq sarayında işə düzələn Həsən Səbbah sonra öz məqsədlərinə nail olmadıqda Misirə qaçır, sonra Ələmut qalasına çəkilir, gizli terrorçu təşkilat yaradır və öz çirkin məqsədlərinə nail olmaq üçün səlcuqilərə qarşı mübarizə aparır. Həsən Səbbahın yaratdığı terrorçu təşkilat İslam dünyasında ilk terrorçu təşkilatlarından biri hesab olunur. Bu dövrdə Səlcuq sarayında dövlət dili statusu qazanan xüsusilə də rəsmi yazışmalarda istifadə olunan fars dilinin saraya ayaq açmasında da Nizamülmülkün rolu danılmazdır. Mənbələrdə verilən məlumatlardan aydın olur ki, Səlcuq sultanları dövründə fars dilində yazılan diplomatik məktubların əksəriyyəti Nizamülmülkün vəzirlik dövrünə təsadüf edir. Mənbədə qeyd olunur ki, “Sultan Toğrul bəy zamanında Divani-inşanın (diplomatik məktubların yazıldığı şöbə) başında türk soyundan gənc bir əmir dayanırdı. Nizamülmülkün vəzirlik zamanından etibarən isə bu vəzifəyə iranlı bir məmur təyin edildi". Onu da qeyd edək ki, Sultan Toğrulun zamanında Nizamülmülkün vəzirliyindən əvvəl Səlcuq sarayında tərtib olunan diplomatik məktublar adətən Çağatay türkçəsində yazılırdı. XVI əsrdə Azərbaycanda Səfəvilər sülaləsinin hakimiyyətə gəlməsi və Şah İsmayılın Azərbaycan şəhəri Təbrizdə taxta çıxması Yaxın Şərqin siyasi və ideoloji tarixində xüsusi iz buraxdı. Azərbaycanda İmamiliyi (Qızılbaş şiəliyi) dövlətin dini ideologiyasına çevirən Şah İsmayıl qısa zamanda digər əraziləri, həmçinin sünni məzhəbli Fars vilayətini də dövlətin hüdudlarına daxil etdi. Səfəvilər bu bölgənin sünni fars əhalisini zor gücü ilə olsa da imamiliyə dəvət etdi. Bu dövrdə Səfəvi hakimiyyətində imamiliyin dini ideologiyaya çevrilməsi fars bürokratiyasının fəallaşmasına səbəb oldu. Lakin Qızılbaş türklərinin imamiliyə farslardan fərqli yanaşması, onların sufi kimlikləri fars şiəliyinin əl-qol açmasına imkan vermədi. Əhməd bəy Ağaoğlu farslar arasında yayğın olan bir İran mifi haqqında yazırdı ki, “Səfəvilər taxta gələndə bütün İranda şayiə yayılmışdı ki, İsfahan yaxınlığında bir quyuda, dünyada haqq-ədaləti bərpa etmək üçün tam silahlanıb hazır olan və kömək üçün Mehdinin gəlməsini gözləyən Rüstəm, öz quyusundan çıxmışdır və vaxtın çatdığına inanır. Amma o ümidinin boşa çıxdığını görüb dünyanın sahibini gözləmək üçün öz yerinə qayıtmışdır”. Bu İran nağılından göründüyü kimi, mifik İran qəhrəmanı Rüstəmin mifoloji arzusu Səfəvilər dövründə də gerçəkləşməmişdi. Səfəvi dövlətini İran dövləti kimi təqdim etmək, Azərbaycan dövlətçilik tarixinə qızıl hərflərlə yazılan Səfəvi dövrünü farsçılıqda, İran şiəliyində ittiham etmək olduqca yanlışdır. Tarixi mənbələrdə göstərilən çoxsaylı məlumatlar bu dövlətin Azərbaycan dövləti olduğunu birmənalı təsdiq edir. Bir tərəfdən Səfəvi dövlətinə İran dövləti deyərək öz siyasi və dini məqsədlərinə nail olmağa çalışan İran tarixçiləri və teoloqları, digər tərəfdən Şah İsmayıla olan daxili nifrətlərini gizlətməmişlər. Bu məqsədlə müasir İran tarixçisi Nəsrulla Fəlsəfi yazır ki, “... Fars dili Osmanlı imperiyasında və Hindistanda siyasət və ədəbiyyat dili olduğu bir dövrdə Şah İsmayıl türk dilini Səfəvi sarayının rəsmi dili etmişdi. Hətta o özü də yalnız türk dilində şeirlər yazırdı. Nəticədə türk dili Səfəvilər sarayında elə geniş yayıldı ki, bu sülalənin hakimiyyətinin sonunadək sarayın rəsmi dili olaraq qaldı... Qızılbaşlar özlərini türk mənşələrinə, əsil-nəcabət və ad-sanlarına görə İranın əhalisindən yüksəkdə tutur, onları həqarətlə tatlar və taciklər adlandırırdılar...” Göründüyü kimi, fars tarixçisi ürək ağrısı ilə Azərbaycan əhalisini - Qızılbaşları İran əhalisindən tatlar və taciklərdən fərqləndirir, həmçinin Azərbaycan-Qızılbaş mədəniyyətini fars mədəniyyətinə ən ciddi alternativ görürdü. Təəssüflər olsun ki, Nəsrullah Fəlsəfi kimi tarixçilər və bilim adamları orta əsrlər dövründə Azərbaycan dövlətlərinin qeyri-türk əhaliyə – farslara, taciklərə, tatlara münasibətdə müsbət davranışlarını dəyərləndirə bilməmişlər. Bu simalar, Azərbaycan dövlətləri – Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər zamanında fars dilinə verilən dəyəri məqsədli şəkildə görməzdən gəlmişlər. İslamiyyət dövründən başlayaraq elmi və ədəbi dillər cərgəsindən kənarda qalan fars dili yalnız türk Səlcuqlar dövründə saraya ayaq açmış, Səlcuqlu cəmiyyətində elmi və siyasi dəyər qazanmışdır. Xüsusilə də, Azərbaycan alimlərinin, ədiblərinin böyük dühası sayəsində elmi və ədəbi status qazanan fars dili, Nizami Gəncəvinin, Xaqani Şirvaninin, Şah Xətainin və onlarla şəxsiyyətin siyasi və ədəbi təfəkkürünün sintezindən keçərək həyata vəsiqə qazanmışdır. 1828-ci ildə Azərbaycanın Şimalının Rusiya tərəfindən işğal edilməsi siyasi cəhətdən fəal olan bu bölgənin Cənubi Azərbaycandan ayrı düşməsinə səbəb oldu. Azərbaycanın iki hissəyə bölünməsi ümüm Azərbaycan dövlətçiliyinə ciddi zərbə vurmaqla yanaşı Qacar Türk xanədanlığında sasani təməlli “panfarsizm” ideyasının güclənməsinə də münbit zəmin yaratdı. Qacar Şahlarının səbatsızlığı və siyasi iradəsizliyi ucbatından hökumət bürokratiyasında yer alan fars kəsimi dövlətin dini ideoloji sistemini dəyişməyə nail ola bildi. Bu dövrə qədər öz mövcudluğunu qorumağı bacaran qızılbaş-türk şiəliyi öz sufi xarakterini dəyişərək İslam çadralı sasani şiəliyinə çevrildi. Təəssüflər olsun ki, 1918-ci ildə türk –müsəlman dünyasında bir ilk olan Azərbaycan Cümhuriyyətinin uzun bir mərhələ ərzində türk əsilli Qacarlar hökuməti tərəfindən tanınmamasında da fars bürokratiyasının böyük xidmətləri olmuşdur. 1925-ci ildə fars Pəhləvilərin Qacar Türk hakimiyyətini devirərək hakimiyyəti ələ keçirməsi və İran Şahı Rza Şah Pəhləvinin çoxmillətli İran coğrafiyasında tək millət, tək bayraq, tək din şüarını irəli sürməsi, Sasani dövlətinin İslam-şiə qiyafəsində yeni təzahür forması idi. Düşünürəm ki, bu sadalanan faktları, tarixi məlumatları, gerçəklikləri İranın Ərdəbil şəhərinin imamı cənab Amili bilməmiş deyil. Cənab Amili onu da bilməmiş deyil ki, ərdəbilli Qızlbaş türkləri Şirvanı, Bakını, Naxçıvanı, Gəncəni almamışdan öncə, sünni məzhəbli Farsda, Yəzddə, İsfahanda, Qumda, Xorasanda haqq-ədaləti bərqərar etmiş, Qızılbaş bayrağını dalğalandıraraq İmamiliyi-Şiəliyi göylərə yüksəltmişdir. Şah İsmayılın ərdəbilli, təbrizli nəvələrinə də babalarının yolu ilə getmək düşər... Ümumiyyətlə, tarixi mənbələrdə qeyd olunduğu kimi, Nəhavənd döyüşündə “ərəblər qarşısında ağır məğlubiyyətə düçar olan sasani əsgərlərinin fəryadı” sonrakı dövrdə fars cəmiyyətinin fəryadına və milli faciəsinə çevrilmişdir. Amilinin məlum çıxışında da bunu görmək mümkündür. Onun məlum çıxışı zamanı “Çaldıran təəssübkeşliyi” və Şah İsmayılın nəvələrinə səslənişi, çağırışdan çox Nəhavənd döyüşündə sasani əsgərlərinin fəryadını xatırladırdı...