"Zahid Oruc mövcud hakimiyyətin ən məlumatlı şəxslərindən biridir. Müəyyən qədər də hakimiyyətin dediklərini bu və ya digər şəkildə ictimai rəyə ötürür. Görünür, hakimiyyətdə belə bir fikir var ki, "Zəfər Konistitusiyası” adlı yeni Əsas Qanun qəbul edilsin”.
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Qulamhüseyn Əlibəyli Milli Məclisin deputatı Zahid Orucun "Bu il Konstitusiya islahatları ilə bağlı referendumun keçirilməsi gözləntiləri var” fikirini şərh edərkən deyib.
Qulamhüseyn Əlibəyli bildirib ki, yeni Konstitusiyanın qəbul olunmasının zəruriliyi məsələsi Milli Məclis və digər platformalarda tez-tez qaldırılır:
"Bunu onunla izah edirlər ki, zəfər qazanmışıq, ərazilərimiz işğaldan azad olunub. Bizim dövlətçiliyimiz tarixində yeni dövr başlayır. Və buna görə yeni Konistitusiya qəbul olunacaq. Əslində, məsələnin bu şəkildə qoyulmasını uğurlu variant hesab etmirəm. Nə mənada? Konstitusiya sabit bir sənəd olmalıdır, uzun müddətli dövr üçün nəzərdə tutulmalıdır. O cümlədən ərazi bütövlüyünün bərpası və digər məsələlərlə əlaqədar Konstitusiyanın yenidən qəbul olunmasını zəruri edən amillər yoxdur. Amma Konstitusiyaya dəyişikliklər edilməsi, islahatların keçirilməsini zəruri edən başqa amillər mövcuddur. Buna ilk növbədə hakimiyyətlərin bölünməsi prinsipinə real məzmun verilməsi, hakimiyyət qolları arasındakı səlahiyyət hüdudlarının dəqiq müəyyən edilməsi, qarşılıqlı nəzarət mexanizminin, icra hakimiyyətinin təşkili mexamizminin müəyyən edilməsi, o cümlədən parlament seçkilərinin keçirilməsi, qarışıq seçki sisteminin tətbiq olunması, parlamentin səlahiyyətlərinin genişləndirilməsi, yerlərdə icra hakimiyyətlərinin təşkili mexanizminin dəqiqləşdirilməsi və s. kimi məsələlər aiddir. İndiki mexanizm o qədər də uyğun deyil, çünki ikili mexanizm mövcuddur. Bir tərəfdən icra hakimiyyətlərinin başçıları, o biri tərəfdən prezidentin səlahiyyətli nümayəndələri var ki, onlar faktiki olaraq eyni funksiyaları yerinə yetirirlər. Əslində isə fərqli funksiyaları yerinə yetirməlidirlər. Bu kimi məsələləri həll etmək üçün hesab edirəm ki, konstitusion islahatlara ehtiyac var”.
Siyasi şərhçi bildirib ki, bu islahatlar ya qüvvədə olan Konstitusiyanın mətnində dəyişikliklər edilməsi, yaxud da yeni Əsas Qanunun qəbul olunması yolu ilə mümkün olan məsələdir:
"Hər halda hesab edirəm ki, mövcud Konstitusiyanın mətnində müəyyən qədər dəyişiklik etməklə dediyimiz məsələlərin çoxunu həll etmək olar. Belə bir fikirlər səslənirsə, yeni Konstitusiyanın qəbulunu məqsədəuyğun hesab edirəm. O mənada yox ki, mütləq biz ərazilərimizi işğaldan azad etmişik. Ona görə ki, konstitusiyon islahatlara çox ehtiyac var. Cəmiyyət də bu islahatları gözləyir, bu baxımdan düşünürəm ki, yeni konistitusiyanın qəbul olunması da mümkün məsələdir”.
Xatırladaq ki, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc komitənin bugünkü iclasında deyib ki, Azərbaycanda 2025-ci ilin "Konstitusiya və Suverenlik ili” elan olunması ilə əlaqədar qarşıda bir çox çağırışlar, baxışlar var və bu çağırışlara yeni referendumun keçirilməsi də daxildir.
Fikirlər