Azərbaycan AŞ PA-ya getməkdən imtina etdi - ŞVABE İSƏ DEYİR Kİ...
Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası başlasa da, Azərbaycan nümayəndə heyəti sessiyaya nümayəndə göndərməyib. Qeyd edək ki, ötən ilin yanvarından insan hüquqlarının vəziyyətinə istinad edilərək, Azərbaycan nümayəndə heyətinin mandatı 1 il müddətinə dondurulub. 2025-ci il sessiyasına qatılmayan deputat qrupumuzun rəhbəri Səməd Seyidov Gununsesi.info-ya açıqlamasında Strasburqa getməmələrində təəccüblü bir şey olmadığını deyib: “Biz bir il əvvəl oranı tərk edərkən, mövqeyimizi açıq şəkildə ifadə etmişik ki, bizə qarşı qərəz , böhtan kampaniyası dayandırılmalıdır. 2025-ci il sessiyası başlayıb, bu günə qədər də bizə qarşı münasibətdə müsbət dəyişiklik olmadı. Ona görə də mövqeyimiz dəyişməz olaraq qaldı”. Azərbaycanın Avropa Şurasında səs hüququndan məhrum edilməsinin təşəbbüskarlarından almaniyalı deputat Frank Şvabe isə X sosial şəbəkəsində Azərbaycanlı deputatların AŞ PA-ya getməməsinə dair paylaşım edib: “Azərbaycan Avropa Şurasının dəyərlərinə və qaydalarına prinsipial hörmətsizlik nümayiş etdirdiyinə görə Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinə malik ola bilməyəcəyini etiraf edir və Strasburqa akkreditasiya üçün nümayəndə heyəti göndərmir”.