PUTİN NİYYƏTİNİ BƏYAN ETDİ, TRAMP İSƏ... – Rusiya lideri müharibədən yox, sülhdən qorxur
Kreml müharibəni uzatmaq üçün mənasız bəhanələr gətirir Məlum olduğu kimi, Vladimir Putin Kremlin media orqanına son açıqlamasında Volodimir Zelenskini yenə “qeyri-legitim” adlandırıb. Onun iddiasına görə, Zelenski Ukrayna adından Rusiya ilə müqavilə imzalaya bilməz: "Rusiya-Ukrayna danışıqları, əgər indi başlasaydı, qeyri-legitim olardı. Rusiya israr edir ki, Moskva ilə müqavilə imzalayacaq Kiyev nümayəndələri tam legitim olsun. Bunu hüquqşünaslar yoxlamalıdırlar. Zelenski qeyri-legitimliyinə görə Rusiya ilə danışıqlara qoyulan qadağanı aradan qaldıra bilməz, lakin bunu Ali Radanın sədri edə bilər". Putin daha sonra yenə köhnə bayatılarını təkrarlayıb və qeyd edib ki, Qərbin Kiyevə dəstəyi olmadan Ukrayna münaqişəsi tez bitə bilər. Yəni, Rusiyanın gerçək niyyətini gizlətməyərək açıq deyib ki, Ukraynanı dövlət kimi məhv etmək istəyir, lakin Qərb imkan vermir: "Sponsor pulu və patronlar tükənərsə, “xüsusi hərbi əməliyyat” bir ay yarıma, iki aya bitə bilər. Bu mənada Ukraynanın suverenliyi demək olar ki, sıfra bərabərdir". Göründüyü kimi, Donald Trampın hakimiyyətə gəlişilə bağlı yaranan ümidlərə rəğmən, Putin Ukraynanın müdafiəsiz qalmasını istəyir və yalnız bu şərtlə hansısa sülhə gedə bilər. Məntiqlə hazırda ABŞ-də kimin hakimiyyətdə olmasının Kreml üçün elə bir əhəmiyyəti olmamalıdır. Çünki yalnız iki halda Putin real sülh imzalamağa hazır ola bilər. Birincisi, Rusiya üçün hərbi, siyasi və iqtisadi çöküşün qaçılmazlığını, müharibni davam etdirməyin heç bir perspektivinin olmadığını anlayacağı halda. İkincisi isə istənilən pis-yaxşı sülh razılaşmasından sonra Ukraynada daxili siyasi gərginliyin artacağı və Kiyevdə hakimiyyətə rusiyayönlü qüvvənin gələcəyinə tam əmin olacağı halda. Yəni, məqəsdinə sırf siyasi yolla nail ola biləcəyini görəndə. Bu variantlarınsa hələlik heç biri yaxın perspektivdə real görünmür. Belə ki, Rusiya əvvəlcə Qlobal Cənubun və Çinin sayəsində iqtisadi və siyasi izolyasiyadan qismən çıxa bildi. İndi isə Donald Tramp Qərbin lideri simasında faktiki olaraq Putini və işğalçı Rusiyanı siyasi izolyasiyadan çıxarmağa başlayır. Baydendən fərqli olaraq, Trampın Putinlə birbaşa danışıqlara razılıq verməsi onu faktiki “izqoy” durumundan çıxarmaq anlamına gəlir və onun işğalçılıq müharibəsini digər Qərb ölkələrinin və liderlərinin, hətta cəmiyyətlərinin gözündə legitimləşdirir. Odur ki, yuxarıda qeyd etdiyimiz birinci variant ən azından yaxın gələcəkdə real görünmür. İkinci varianta gəlincə, Ukrayna cəmiyyətində Rusiyaya qarşı nifrət o dərəcədə yüksəskdir ki, yaxın gələcəkdə daxili siyasi proseslər nəticəsində hakimiyyətə dinc siyasi yolla rusiyayönlü qüvvənin gəlişi tamamilə qeyri-real görünür. Bu, yalnız o halda ola bilər ki, Qərbyönlü hakimiyyətdən narazılıq pik həddə çatsın, cəbhədə böyük canlı qüvvə və ərazi itkiləri baş versin, cəbhə çöksün, fərarilik çoxalsın, Qərbin dəstəyi tamamilə kəsilsin və sair. Eyni zamanda, “Qərb bizi aldatdı, qırğına verdi və indi də köməksiz buraxdı” şüarları ilə hərəkət edən alternativ siyasi qüvvə Rusiya ilə davamlı sülh, təhlükəsizlik və ölkənin nisbi də olsa suverenliyinin qorunmasını vəd etsin. Hələlik Ukraynada bu vəziyyət müşahidə olunmur və hətta hipotetik olaraq Tramp administrasiyası Ukraynaya dəstəyi birmənalı olaraq kəssə belə, Avropa Ukraynanı tək buraxmayacaq. Çünki Ukraynanın itirilməsi Avropa üçün ən azı təhlükəsizlik baxımından dağıdıcı nəticələr yarada bilər. Odur ki, ikinci variant da, yəni, Qərbin Ukraynadan imtinası və Kiyevdə hakimiyyətə rusiyayönlü qüvvənin gəlməsi yaxın perspektivdə qeyri-real görünür. Buna görə də Putinin min cür bəhanə ilə müharibəni sürünə-sürünə də olsa davam etdirməkdən, uzatmaqdan başqa heç bir alternativi qalmır. Ukrayna hakimiyyətilə bağlı legitimlik məsələsinin bəhanə kimi ortalığa atılması da bundan irəli gəlir. Əks halda, Ukrayna Konstitusiyasının və Ukrayna cəmiyyətinin legitimliyini tam tanıdığı Zelenski hakimiyyətini danışıqlardan kənarda qoymaq cəhdinə siyasi cığallıqdan,mənasız bəhanədən başqa ad vermək mümkün deyil. O da aydındır ki, bu bəhanə aradan qaldırılsa belə, Kreml yeni bəhanələr uyduracaq… Trampa gəlincə, Kremlin bu oyunlarını o da anlamamış deyil. Lakin onun Rusiyaya real təsir rıçaqları elə də çox deyil. Özü də Tramp Baydendən daha çox Putinin nüvə hədələrindən qorxurmuş kimi görünür və buna görə də Baydendən fərqli olaraq, Üçüncü Dünya Müqharibəsi təhlükəsindən daha tez-tez danışır. Ona görə də Trampın Putinin yola gəlməyəcəyi təqdirdə “hirslənib” Ukraynaya saysız-hesabsız silah, hərbi yardım göstərəcəyi barədə deyilənlər ciddi təsir bağışlamır. Rusiya mallarına qoyulacaq embarqo və rüsumlara dair hədələr də gülüncdür. Hazırda Rusiyanın ABŞ-yə satdığı bir şey qalmayıb və onun satışlarının dəyəri 3 milyard dollardan da azdır. Ona görə də müharibəyə görə artıq yüz milyardlarını, böyük bazarlarını itirən və itirməkdə davam edən Rusiya üçün bu hədələr mənasızdır. Nəhayət, neft qiymətlərinin kəskin endiriləcəyi və Rusiyanın bu səbəbdən sülhə razılaşacağı iddiaları da bir o qədər ağlabatan deyil. Ən azı ona görə ki, mütəxəssislərin də dediyi kimi, Tramp üçün ən yaxşı ssenaridə belə qiymətlərin kəskin enişi (əgər o da mümkün olsa) 1-1.5 ildən tez baş verməyəcək. Tramp isə müharibəni indi və dərhal bitirməyə söz verib. Əslində, Rusiyaya qarşı ən effektiv iqtisadi təsir yolu Rusiya neftinin satışının tam bloklanmasıdır. Bu, daha inandırıcı və real variantdır. Hazırda məlum “kölgə tankerləri”nə qoyulan qadağa və digər maliyyə sanksiyaları rus neftinin əsas alıcıları olan Çin və Hindistanı tədricən ondan imtina etməyə vadar edir. Bu məsələdə qadağalar ciddiləşsə və onlara əməl edilsə, Rusiya neft gəlirlərindən doğrudan da məhrum edilə bilər. Lakin məsələ ondadır ki, hətta Rusiyanın neft gəlirlərindən məhrum edilməsi, iqtisadiyyatının çökdürülməsi belə hələ Kremlin güzəştə gedəcəyi, Ukraynadan çəkiləcəyi, yaxud ədalətli sülhə razılaşacağı anlamına gəlmir! Rusiya cəmiyyəti göstərir ki, onun yarıdan çoxu ən azı Putin qədər qana susayıb, Ukraynanı düşmən, ukraynalıları isə məhv edilməli olan “ikinci sort” millət hesab edir. Buna görə pul müqabilində həvəslə Ukraynaya müharibəyə gedir, əsir düşən ukraynalıları vəhşicəsinə güllələyir, dinc Ukrayna şəhərlərini bombalayır, əhalinin qışın soyuğunda qazsız, işıqsız, istiliksiz qalması üçün əllərindən gələni edirlər. Bu gün şovinizm, imperiyaçılıq, millətçilik xəstəliyi iliyinə qədər işləmiş rus cəmiyyətində Putinə və onun işğalçılıq siyasətinə 100 faizlik olmasa da, əzici üstünlük təşkil edən dəstək var. Yəni, Rusiya ciddi iqtisadi çətinliklərə, məhrumiyyətlərə rəğmən müharibəni davam etditrə bilər və buna görə hələ xeyli müddət çətin ki, daxildə Putinə qarşı hər hansı böyük üsyan baş qaldırsın. Əksinə, istisna etmək olmaz ki, Ukrayna tam məhv edilmədən sülh müqaviləsinin bağlanması Putin hakimiyyəti üçün daha təhlükəli ola bilər. Odur ki, Putin müharibədən yox, daha çox sülhdən qorxur… Bunu Putinin son bəyanatını şərh edən Zelenski də deyib. Onun dediyinə görə, Putin son bəyanatı ilə danışıqlardan, güclü liderlərdən qorxduğunu və müharibəni uzatmaq üçün hər şey etdiyini bir daha təsdiqlədi: “Onun atdığı hər addım və bütün həyasız hiylələri müharibəni sonsuza qədər davam etdirmək məqsədi daşıyır. İndi biz görürük ki, real sülhə nail olmaq üçün imkan var, ancaq məhz Putin hər şeyi edir ki, ya sülh əvəzinə geniş miqyasda insanları öldürməyə davam etsin, ya da fasilə götürsün ki, sonradan hibrid zərbələr endirərək, yeni genişmiqyaslı işğal üçün hazırlıq aparsın”. Beləliklə, Trampın inauqurasiyasında az qala 10 gün vaxt keçib. Lakin Trampın vəd etdiyi müharibənin 24 saata bitməsi və sülh danışıqları məsələsində bir addım da irəliləyiş yoxdur. Əvəzində, qana susamış Rusiya hakimiyyəti mənasız bəhanələrlə savaşı sürdürməyə çalışır. Odur ki, əgər Kreml Trampın qeyri-stabil, ziddiyyətli, merkantil, populist siyasətindən öz maraqları üçün istifadə etməyi bundan sonra da bacarsa, müharibə nəinki 24 saat, 24 ay, hətta daha uzun müddət davam edəcək… “AzPolitika.info”