Konstitusiya dəyişikliyi, Zəngəzur dəhlizi və sülh sazişi – İrəvanda aktivlik var

Polish 20250226 191110114

Ermənistanın ədliyyə naziri Srbui Qalyanın Avropa İttifaqı-Ermənistan Parlament Tərəfdaşlığı Komitəsinin iclasında səsləndirdiyi fikirlər maraqla qarşılanıb. Belə ki, o, Ermənistan konstitusiyasının yeni mətni üzərində işlərin davam etdiyini bildirib. Bir müddət əvvəl də Ermənistan Baş naziri Nikol Paşinyan bu istiqamətdə açıqlama vermişdi.

Ermənistan Azərbaycanın əsas şərtlərindən biri olan konstitusiya dəyişikliyini yerinə yetirəcək?

Globalinfo.az-a danışan politoloq Rəşad Bayramov deyib ki, sülh sazişinin bir sıra müddəaları razılşadırılsa da razılşadırılmamış məsələlər qalmaqdadır:

“Xüsusilə də iki məsələ – beynəlxalq məhkəmələrə olan müraciətlərdən qarşılıqlı şəkildə imtina və Avropa İttifaqı müşahidə missiyasının Ermənistandan çıxarılması hələ də açıq qalıb.

Amma hətta bu iki məsələ ilə bağlı razılaşma əldə olunsa belə, Azərbaycanın şərtlərinin yerinə yetirilməsi təmin olunmadan sazişin imzalanması mümkünsüzdür. Şərtlər isə məlumdur: Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılması və ATƏT Minsk qrupunun buraxılması.

Bu iki şərtin də sülh sazişinin imzalanması üçün razılaşdırılması lazımdır. Başqa sözlə desək, sazişdəki müddəaların razılaşdırılması bir tərəfə, ondan sonrakı mərhələdə şərtlərin də icrası üçün müvafiq addımların atılması lazımdır. Lakin Ermənistan tərəfi indiki mərhələdə nə Avropa İttifaqının müşahidə missiyasının sərhəddən çıxarılmasında, nə də konstitusiya dəyişikliklərinə getməkdə maraqlı görünür”.

Resad bayramov

Rəşad Bayramov

Politoloq qeyd edib ki, Paşinyan bütün vasitələrdən istifadə edib prosesi 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkisindən sonraya saxlamaq istəyir:

“Ermənistan rəsmiləri yeni konstitusiya ilə bağlı işlərin də 2026-cı ilə qədər başa çatacağını deyirlər. Belə olan halda 2025-ci ildə də Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ehtimalı olduqca aşağıdır.

Ümumiyyətlə, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması Ermənistanın müstəqil dövlət kimi addımlar atmağa hazır olub-olmamasından asılıdır. Görünən odur ki, Ermənistan müstəqil siyasət yürüdə və müstəqil qərarlar qəbul edə bilmir. Sülh sazişinin imzalanması üçün havadarlarından, yəni maraqlarını təmin etdiyi dövlətlərdən hələ ki icazə ala bilməyib. Əgər Ermənistan nəhayət ki, ayrı-ayrı dövlətlərin deyil, öz maraqlarından çıxış etməyə başlasa, o zaman konstitusiya dəyişikliyi də olacaq, Zəngəzur dəhlizi də açılacaq, sülh sazişi də imzalanacaq”.






Fikirlər