RİYAKAR RUSİYA…

 

Yenə dünyanın «gözünə kül üfürür»!

Bu gün Rusiya KİV-nin yaydığı iki xəbər – biri «dez», biri yalan – bir daha məni əmin etdi ki, Rusiyada çox idbar bir faşizmin tüğyan etməsi barədəki qənaətimdə zərrə qədər yanılmamışam.
Bu qonşu ölkənin (hələ 25-30 il bundan qabaq dünyaya beynəlmiləlçilik «dərsi keçən» Rusiyanın!) başı üzərində iyrənc bir kabasun – faşizm kabusunun dolaşması barədə hələ 2008-ci ildə yazmışdım. Yazarkən, bu hibrid ölkədə gördüklərimə, müşahidə etdiklərimə söykənmişdim…

Budur, Rusiyanı sarmış faşizm öz iyrənc sifətini tezliklə açıb göstərdi – ölkəni «krımnaş» virusu bürüdü və yüz ildir ki, dünyaya «sülh və dostluq» dərsi keçən Rusiya bir göz qırpımında Hitler Sudeti ilhaq etdiyi kimi, Ukraynanın (təhlükəsizliyinə rəsmən zəmanət sənədi imzaladığı dövlətin!) bir hissəsini (Krımı) işğala məruz qoydu, digər bölgələrində isə separatizmi alovlandırdı!

Rusiya adlı imperiya meydana çıxandan bəri öz idbarlığı ilə seçilib və yaxın-uzaq qonşularına rahatlıq verməyib. Amma hər zaman riyakarlığını, haqsızlığını-ədalətsizliyini görünməmiş ustalıqla pərdələyib. Hələ SSRİ dönəminin dissidentlərindən biri olan yazıçı A.Soljenitsın rus faşizmi barədə özünün «nobel mühazirəsi»ndə bu barədə təxminən belə deyib: bu hakimiyyət ədalətsizlik üzərində bərqərar olub. Ədalətsizlik isə yalanla pərdələnməsə, yaşaya bilməz. Ona qalib gəlmək üçün bürünmüş olduğu «yalan pərdəsi»ni parçalayıb, gerçək simasızlığını dünyaya göstərmək lazımdır…

Moldovada, Gürcüstanda, Azərbaycanda separatizmi alovlandıran, bu ölkələrin ərazisinin bir hissəsini faktiki olaraq (digər adlar altında!) 25 ildən artıq bir müddətdə işğal altında saxlayan, Ukraynanın başına müsibətlər açan faşist Rusiyası indi də «burnunu Suriyaya soxub» və bu ölkənin əhalisinin başına öd ələyir! Dinc əhalini bombalayır, öz xalqının cəlladına çevrilmiş Hafiz oğlunun səbatsızlığından məharətlə yararlanaraq, Suriyanın sərvətlərindən pay umur! İndi Rusiya təyyarələri Suriya səmasında «pələsək» vurur, kefi duranda isə qonşu Türkiyənin hava məkanına təcavüz etməkdən çəkinmir. Amma faşist sifətini yalan informasiyalar yaymaqla dünyadan gizlətməyə çalışır. Faşist Rusiyası belə cəhdlərdən birini də bu gün sərgiləyib və heç utanıb-çəkinmədən xəbər yayıb ki, guya Suriyada yaşayan türklər (türkmənlər) Türkiyədən çox narazıdırlar, Ərdoğanı da görən gözləri yoxdur! Deməzsənmi, Rusiya buradakı türkmənlərə qırıcı təyyarələrdə, bolluca humanitar yardım gətirirmiş. Rusiyanın yardımı hesabına bir neçə ay ərzində hər bir türkmən 10-15 kilo hesabı ilə kökəlibmiş! Yüzlərlə evin dağılması, on minlərlə insanın didərgin düşməsi isə elə onların özlərinin ağılsızlığı üzündən baş verib ki, Rusiyanın buna heç bir aidiyyatı yoxmuş. Yalan da var, yalan da – bu yalan lap «qıllı yalan» oldu ki…

İkinci dünya müharibəsindən sonrakı dövr ərzində Rusiya faktiki olaraq cəzasızlıq şəraitində yaşayıb və «çox evlər yıxıb». Cəzasızlıq isə onu ildən-ilə yeni-yeni təcavüzə-zorakılığa şirnikdirib. Bu cəzasızlığı iri dövlətlərin riyakar-səbatsız siyasətinin dolayı nəticəsi də saymaq olar. Nədən ki, bircə dəfə Rusiyanın «köpək dişi» sındırılsaydı, indi o, ağzının qanını kəsməklə məşğul idi, nəinki kiməsə buynuz göstərmək…

Elə həmin cəzasızlığın doğurduğu həyasızlıq idi ki, faşist Rusiyasının qırıcıları Türkiyənin hava məkanına soxulmağa başladıar. Türkiyənin xəbərdarlıqlarına heç məhəl qoulmadı. Nəticəsi də məlumdur – sərhədi pozmuş «ivan» vuruldu. Pahooo, Rusiya daha hansı hoqqalardan çıxmadı?…

Heç bilirsinizmi, həmin vurulan təyyarə haranı bombalayırmış?! Əlbəttə, Suriyada yaşayan dinc tükmənləri! İkibaşlı qartal indi xəbər yayır ki, bombardmanlara görə, türkmənlər Rusiyaya minnətdarlıq edirlər və s.

Faşist təbliğat maşınının yaydığı digər məlumatda isə deyilir ki, Ukraynanın Rusiyadakı səfirliyi qarşısında «rus»lar etiraz aksiyası keçiriblər və şüarlar səsləndiriblər: «Kiyev xuntası məğlub olacaq» «Ukrayna, sən xəstəsən, özünə gəl, gör nə edirsən?» və s.

Əvvəla, son 2-3 ildə Putin Rusiyasının təcavüzkar davranışı göstərir ki, xunta Kiyevdə yox, Moskvadadır – artıq buna şübhə edən yoxdur.

İkincisi, xəstə Rusiyadır, Ukrayna yox! Bunu rusiyalı ziyalılar özləri açıqca etiraf edirlər. Məsələn, tanınmış jurnalist Yevgeni Kiselyov martın 7-də dərc olunmuş məqaləsini belə adlandırıb: «Rossiya, tı odurela!» (<http://echo.msk.ru/news/>, 07.03.2016).

Üçüncüsü isə Rusiya əhalisinin hələ faşizmə yoluxmamış kəsimi indi bu çağırışla öz həmvətənlərinə xitab edir: «Rusiya, özünə gəl – gör nə edirsən?»

İndi gərəkdir ki, dünya xalqları birləşib, Rusiyaya bir çağırış etsinlər: Ayıl, Rusiya – gör sənin başına hansı oyunları açırlar! Sabah-birigün törətdiyin cinayətlərin bədəlini ödəyə biləcəksənmi?

Mirzə AĞ

 

  

 

 

 

 

 






Fikirlər