VASİF TALIBOV ÖZ MÜAVİNİNİ “VURDU”

vasif-talibov-serencam

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Vasif Talıbovun 2017-ci il 14 noyabr tarixli sərəncamı ilə Mirhəşim Seyidov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini vəzifəsindən azad edilib. “AzPolitika” Naxcivan Televiziyasına istinadla bu barədə xəbər verir.

Sərəncamda deyilir: “Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 32-ci maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alıram:

Mirhəşim Əhməd oğlu Seyidov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini vəzifəsindən azad edilsin”.

Mirseyid HeshimovM.Seyidovun hansı səbəbdən vəzifəsindən azad olunduğu məlum deyil. İstisna deyil ki, bu, son aylarda Naxçıvanın hakim elitasındakı çalxalanmaların davamıdır. Məlum olduğu kimi, V.Talıbov son aylarda bir xeyli nazir, nazir müavini və digər yüksək rütbəli məmurları vəzifələrindən azad edib, onların bəzilərinin barəsində cinayət işi qaldırılıb. Bu dalğanın Ali Məclisin özünü də “vuracağı” haqda məlumatlar da olub. Lakin “vurulmağa” namizədlər sırasında M.Seyidovun yox, əsasən Ali Məclis Sədrinin birinci müavini Azər Zeynalovun adı çəkilirdi.

O da maraqlıdır ki, Ali Məclis sədrinin müavinləri seçkili vəzifələrdir – Ali Məclis tərəfindən seçilir. M.Seyidov da məhz 17 noyabr 2015-ci ildə V çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini vəzifəsinə seçilmişdi. 21 saylı Məzrə Seçki Dairəsindən deputat Mirhəşim Seyidov IV çağırış Ali Məclisdə də Ali Məclis sədrinin müavini olub.

M.Seyidovun Naxçıvan hökumətində elə də nüfuzunun və rolunun olmadığı bildirilir.

 AzPolitika.info 






Fikirlər