Qarabağla bağlı kritik məqam... -Lavrov İrəvanda

Dağlıq Qarabağın statusu məsələsi danışıqlarda çox ciddi çətinliklər yaradacaq, ancaq Azərbaycan bu məsələdə sona qədər dirənəcək.

 Bunu Rusiya Xarici İşlər nazirinin İrəvana səfərini şərh edən politoloq Qabil Hüseynli deyib. Sabiq dövlət müşavirinin sözlərinə görə, Azərbaycan yalnız Dağlıq Qarabağın muxtar statusu məsələsində kompromisə gedə bilər:
 “Rusiyada artıq münaqişənin həllinə maraq yaranıb. Ancaq Qarabağ münaqişəsində belə bir variant da irəli sürülür ki, hər iki tərəf kompromisə hazır olmalıdır. Kompromis limiti bitdiyi halda Azərbaycanı yenidən buna dəvət etmək yalnız Dağlıq Qarabağın statusu məsələsində ola bilər. Məncə, Dağlıq Qarabağın hüdudlarından kənardakı bütün rayonları geri qaytarmaqla status məsələsini referendum yolu ilə həll etmək istəyirlər. Ermənilər referendum haqqında ayrıca bir qanun qəbul etməklə, yəni sırf Dağlıq Qarabağda referendum keçirməklə indidən bu məsələni öz xeyirlərinə  həll etməyi planlaşdırırlar. Azərbaycan referendumun əleyhinə deyil, o şərtlə ki, bu, bütün Azərbaycan miqyasında keçirilsin. Məsələ hələ danışıqlar predmetinə daxil edilməsə də, Azərbaycan öz mövqeyində təkid edir. Dağlıq Qarabağın statusu məsələsi danışıqlarda çox ciddi çətinliklər yaradacaq, ancaq Azərbaycan sona qədər dirənəcək. Bir sözlə, bu, hələ prosesin son pilləsi deyil. Xarici işlər nazirləri səviyyəsində danışıqlardan və məsələnin müəyyən həddi keçməsindən sonra prezidentlərin görüşü gözlənilir. Yəni buna qədər elə bir iş görülməlidir ki, böyük sülh sazişinin bütün məqamları razışlaşdırılsın və buna uyğun olaraq da prezidentlər bir araya gəlsinlər”.
 
Qeyd edək ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar aparmaq üçün bu gün İrəvana səfər edəcək.(Axar.az)






Fikirlər