"XƏBƏR GƏLDİ Kİ, Gürcüstan prezidentini deviriblər və o Azərbaycana keçib"

"Daşaltı əməliyyatı barədə az qala 10 gün əvvəldən biz məlumatlıydıqsa, deməli erməni də xəbər tutmamış deyildi" 

Moderator.az bir neçə gündür ki, təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert, ölkənin ən peşəkar çekistlərindən olmuş yüksək çinli keçmiş MTN zabiti İlham İsmayılın qələmə aldığı, amma hələ çap olunmayan kitabının təqdimatına başlayıb. Bəri başdan oxucuları əmin etmək istəyirik ki, kitab çox maraqlıdır və müəllif o vaxt Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini bitirdiyi halda taleyin gərdişinin onu adı gələndə sovetlər ölkəsinin hər bir guşəsində dodaqları cadar-cadar edən dövlət təhlükəsizlik orqanlarına aparıb çıxarmasının tarixçəsini oxucularla bölüşür, müstəqilliyimizin ilk illərini və ondan sonrakı keşməkeşli dönəmi təsvir edərək maraqlı bir tablo yaradır...

Moderator.az kollektivi və yüz minlərlə oxucumuz adından müəllifə bizə göstərdiyi lütfkarlığa və etimada görə təşəkkürlərimizi bildirərək kitabın təqdimatını davam etdiririk. 
Əvvəlini bu linkdən oxumaq olar---
 
 MÜSTƏQİL DÖVLƏT-MÜSTƏQİL FƏALİYYƏT
Vaqif Hüseynov vəzifədən azad edildikdən sonra faktiki olaraq DTK əməkdaşları xüsusi təyinatlı dəstə istisna olmaqla Qarabağ döyüşlərinə cəlb edilmədi. Yeni sədr İlhüseyin Hüseynov əvvəldən prinsipial olaraq bizim döyüşlərdə iştirakımızın əleyhinə idi. İ.Hüseynovun  işinin peşəkarı olması mübahisə doğurmasa da,  bu gün də hesab edirəm ki, düzgün mövqe deyildi, çünki Azərbaycan Ordusu hələ yaranmamışdı. 
Çaykənddən sonra içimdə bir boşluq hiss edirdim. Elə bilirdim ki, Xanlar rayonu üçün mənim görəcəyim bir iş qalmayıb. Açığı vuruşmaq istəyirdim. Ona görə hər həftənin sonu Ağdama,Tərtərə gedir,vəziyyətlə tanış olur, maddi və mənəvi köməyimi yerli kolleqalarıma əsirgəmirdim.
 
Oktyabrın 18-də Milli Məclis Müstəqillik Aktını qəbul etdi. Şüurlu həyatımın, tələbəlik illərimizin, həmfikir dostlarımızın arzuladığı, xəyalında olduğumuz tarixi hadisə baş verdi-biz müstəqil dövlət olduğumuzu elan etdik!  Amma millət olaraq həmin günü təntənə ilə qeyd edə bilmədik.  Müstəqilliyimizin elan olunmasını hakimiyyət də, xalq da sükutla, hətta əndişə ilə qarşıladı. Bu tarixi gün elan olunanda fikirləşirdim ki, hamı küçələrə axışacaq, atəşfəşanlıq olacaq, sevinc yaşları axacaq. Olmadı..,heç indi də istədiyim, ürəyimdən keçən o ehtişamı görmürəm. Səbəbləri çoxdu. Səlahiyyət sahiblərinin də, toplumun da bu günə münasibətdə dərin siyasi, sosioloji problemləri var ki,onun da başında defisit sayıla biləcək AZAD OLMAQ  düşüncəsi gəlir...
Noyabrda daha ağır itki  ölkəni sarsıtdı. Azərbaycanın say-seçmə oğulları, dövlət rəhbərləri Qarabağda vertalyotun ermənilər tərəfindən vurulması nəticəsində həlak oldular. Azərbaycan indiki dillə desək şok yaşayırdı. Mütəllibovun komandası faktiki olaraq  yox idi.  Həmin günlərdə Gəncədə Leninin heykəli axşam saat 10 –da götürüldü. Heykəlin götürülməsinə nə sevinən vardı, nə etiraz edən. Xalq ağır dövrünü yaşayır, baş verən siyasi hadisələr xalqın yarasına məlhəm olmurdu. Bu ağır zamanda məni Şəmkir rayon bölməsinə rəis təyin etdilər. Bakıya əmrimi almağa gəlmişdim. Kadrlar İdarəsində bildirdilər ki, gözlə bəlkə Mütəllibov səni qəbul etdi. Adətən SSRİ dönəmində rəislər təyin olunanda respublika rəhbərliyi qəbul edər, söhbət aparılardı. Günün sonuna kimi gözlədim, dedilər ki, prezidentin vaxtı yoxdu, qəbul edə bilməyəcək. Həmən gün dəhlizdə Riyad Əhmədovla qarşılaşdım. Riyadı Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinə rəis  təyin etmişdilər. Biləndə ki, rayona rəis təyin edilmişəm ciddi görkəm alıb dedi:”Mən də fikirləşirdim ki, səni Müdafiə Nazirliyinə aparam. Nə var rayonda, sən döyüşçüsən, gəl gedək Qarabağa . Kadr yoxdu, peşəkarlar azdı.” Mən:”Əmrə tabeyik,hara deyirlər hələ ki, ora getməliyəm. Baxarıq, sabah şərait elə olar ki, dəstəmizin hamısı ora gələr”. Bu mənim Riyadla son görüşüm oldu. Yanvarda Daşaltı əməliyyatında Riyadın öldüsü, qaldısı bilinmədi...Riyad Əhmədov həqiqətən qəhrəman idi, qəhrəman kimi də Vətən yolunda getdi.
Şəmkirdə rəis vaxtilə məni KQB-yə qəbul etmiş Əvəz Quliyev idi. Kadr İdarəsinin şöbə rəisi məni təqdim etməyə gələndə yarızarafat, yarıciddi dedi :”Günah məndədi, səni niyə orqana götürürdüm ki, bu gün də mənim yerimə gələsən.”Kadrın əməkdaşı Adil müəllim:-Əvəz müəllim,deməli düzgün kadr seçmisiniz, Sizi öz kadrınız əvəz edir”.
İcra başçısına təqdim olundum. Daşkəsən rayonu da Şəmkir rayon bölməsinin xidməti ərazisi olduğu üçün səhərisi gün də Daşkəsən rayon rəhbərliyilə tanışlıq oldu. Bu tarixi ona görə qeyd edirəm ki, aylar keçəcək, Daşkəsənlə, Şəmkirlə bağlı hadisələr ortaya çıxacaq və o hadisələri yada salmaq bir bölgəni deyil, bir kiçik rayonu deyil, Azərbaycanı  səciyyələndirdiyinin şahidi olacaqsınız.
 
Şəmkir respublikanın ən böyük rayonlarından biridi. Əhalisinin sayına görə, ərazisinə görə də. Dağdan dağı, arandan aranı olan, su elektrik stansiyasının, Sovet Ordusunun desant briqadasının, qırıcı aviaeskadrilyasının, vertalyot bazasının yerləşdiyi Şəmkir, Ermənistanın sərhəddində olan Gədəbəy rayonu ilə qonşuluğuna ,  Başkənd kimi Ermənistanın tabeliyində olan anklav  bir ərazinin yaxınlıqda yerləşməsinə görə  əməliyyat şəraitinin gərgin olduğu  bir bölgə idi.  Çaykənddən çıxıb rahatlığa düşməmişdim. İlk işim bölmənin giriş qapısındakı lövhəni dəyişmək oldu. 1991- ci ilin dekabrın  25-də  Gəncədə hazırlatdığım üçrəngli bayrağımızın fonunda “Azərbaycan Respublikası MTN Şəmkir rayon bölməsi” loqosunu ürəyimdəki böyük təntənə ilə giriş qapısından vurdurdum. Özümü xoşbəxt sanırdım. Mənə  müstəqil Azərbaycanın xüsusi xidmət orqanının tərkib hissəsi olan bir bölmənin rekvizitini darvaza önündə asdırmaq nəsib olmuşdu. Müstəqil fəaliyyətimi arzularımla, xəyallarımla həyata keçirirdim.Tabeliyimdə olanlarla davranışdan tutmuş rayon ictimaiyyətilə olan münasibətlərə qədər.Hadisələr,  ölkədə vəziyyət sürətlə dəyişirdi.
İşə bax ki, əvvəl işlədiyim Xanlar rayonunda olduğu kimi  Şəmkir rayonunun da mərkəzi almanlar tərəfindən salınıb. Qismətimə alman kaloniyasının Azərbaycandakı izlərinin ardınca getmək yazılıbmış. Şəmkirin adı Aninfeld olub, qısaca Anino deyirmişlər. Almanlar Şəmkirdə də böyük mədəniyyət qoymuşdular. Səliqə ilə salınmış 5 küçə, alman memarlığının nümunələri olan fərdi evlər, kirxanın binası, konyak zavodu,  indi adı Çinarlı olan böyük  Georqsfeld qəsəbəsi və ordakı şərab zavodu almanlardan qalan qiymətli yadigarlardı.
1992-ci il gəldi. İl  gərgin hadisələrlə başladı. Gərginliyə səbəb Gürcüstandakı hadisələr oldu. Yanvarın 5-də 
Gəncədən zəng vurub xəbər verdilər ki, Gürcüstan prezidenti Zviad Qamsaxurdiyanı deviriblər və o Azərbaycan ərazisinə keçib Gəncə istiqamətində gəlir, qarşılayıb Gəncəyə gətirin. Şəmkirin ərazisində qəbul edərək  onlarla hərbiçi-mühafizəçinin müşayət etdiyi Gürcüstan prezidentini Gəncəyə çatdırdıq. Z.Qamsaxurdiya DTK Gəncə şəhər şöbəsinin rəisi Cəbrayıl Nağıyevin qaldığı evdə yerləşdirildi. Bir neçə saat ölkə başçısı A.Mütəllibovla danışıqlar aparıldı. Rusiyadan ehtiyat edən Azərbaycan rəhbərliyi  hələ Gürcüstan prezidenti olan şəxsi ölkədə saxlaya bilmədi və bu Qamsaxurdiyaya çatdırıldı. Qamsaxurdiya Ermənistanla, konkret olaraq Ter-Petrosyanla əlaqə saxladı. Ermənistan prezidenti onun ölkəsinin ərazisinə keçməsinə razılıq verdi. Ermənistan tərəfindən olan bu jest Azərbaycanın Qamsaxurdiyadan olan imtinasına görə idi və mən bu fikirdəyəm ki, bizim rəhbərlik düz addım atmadı. Qamsaxurdiya və onun yorğun, əldən düşmüş silahlı dəstəsinin üzünə baxanda xəcalət çəkirdim. Bizə sığınmaq istəyən qonaqdan imtina etmişdik. Məni bu düşüncə narahat edirdi, nəinki Rusiyanın hansısa növbəti təzyiqi. Amma, Ermənistan Rusiyaya bizdən yaxın olsa da bu “qonaqpərvərliyi”göstərdi. Mənimsə gücüm Qamsaxurdiyanı müşayət edən hərbiçilərə “Motel” deyilən restoranda nahar yeməyi verməyim oldu. İndiyə kimi,  Qamsaxurdiya və onun adamlarının əzablı sifəti, yuxusuz gözləri yadımdan çıxmayıb, Gəncənin rəisi Cəbrayıl Nağıyevin dedikləri də:” Yaman kəmfürsətlik etdi bizimkilər. Heç bir gün də saxlamadılar ki, adam dincini alsın. Erməni bizdən ağıllı tərpəndi.” Cəbrayıl müəllimlə həmfikir idim.
Müstəqil dövlət idik. Ölkələr bizim müstəqilliyimizi tanıyırdı. BMT-nin üzvü olduq. Amma, bölmənin növbəti il üçün planının tutulmasına göndərilən təkliflər sənədi rus dilində tərtib olunmuş və məzmunu da sovet zamanından heç nə ilə fərqlənmirdi. Bir nömrəli düşmən yenə ABŞ və Qərb göstərilirdi. Etirazımı rəhbərliyə bildirdim. Hər şeyin zamanı var dedilər. Bu sətirləri yazanda televiziyalarımızda ABŞ,Qərb az qala düşmən kimi hər gün söyülür və bu illərdə xüsusi bir dəyişikliyin baş vermədiyini düşünüb o zaman da ,indi də təzyiqin eyni yerdən gəldiyini və ona təəssüf ki,əməl olunduğunu bir daha yəqin edirdim. Qarabağda isə vəziyyət dramatik olaraq qalırdı.
Yanvarın 26-da bəd xəbər gəldi, Daşaltı əməliyyatı uğursuz olmuşdu.100-dən çox əsgərimiz ölmüşdü və təəssüf ki, Riyad Əhmədov da onların arasında idi. Heyf Riyaddan...
Daşaltı əməliyyatı barədə az qala 10 gün əvvəldən biz məlumatlıydıqsa, deməli erməni də xəbər tutmamış deyildi. Müdafiə Nazirliyinin bir Şahin Musayevi vardı, general idi. Hamı deyirdi ki, bu Rusiyanın adamıdı, amma yenə də saxlayırdılar onu.Rusiyanın Şahin Musayevin yerini boş saxladığına heç inanmıram.Şübhələnmək mənim peşəmdi,həm də şimal qonşumuzu yaxşı tanıyıram. 
 
Daşaltıdan sonra daxil olan əməliyyat məlumatları ürəkaçan deyildi. Torpaq itkisi ilə hakimiyyəti dəyişmək planları barədə informasiyalar gəlirdi, hakimiyyətə gəlmək istəyən qüvvələr mövcud iqtidarın torpaq itkilərini hakimiyyətə gəlmək üçün bir divident kimi görürdülər.Yəqin MTN-in arxivində qalar .O zaman bu istiqamətdə Şəmkirdən bir analitik informasiya göndərmişdim ki, Xocalı və Şuşanın itirildiyi təqdirdə müxalifət prezident aparatına hücum edib hakimiyyəti dəyişəcək.
Açığı deyim ki, məsələni bir az da şişirirdim ki, rəhbərlik qınağa dolsun, heç olmasa hakimiyyət naminə torpaqların müdafiəsini möhkəmlətsin.Təəssüf ki, olmadı, təəssüf ki, mənim arayışımın təsiri qaranquşun alovun üstünə atdığı bir damcı su effektindən o yana olmadı, hakimiyyət qınağa dolmadı. Fevralın 26-da millətimizin böyük faciəsi -Xocalı qətliamı baş verdi.
Martın  6-da Ayaz  Mütəllibov hakimiyyətdən istefa verdi. Şəmkirdə işlədiyim iki il ərzində ölkədə 5 dövlət başçısı dəyişdi. Mən Mütəllibovun zamanında rəis kimi işə başlamışdım, martda Yaqub Məmmədov, mayda İsa Qəmbər, iyunda Elçibəy, bir il sonra Heydər Əliyev  dövlət başçısı olacaqdı. Belə sürətli əvəzləmələr ölkəyə, cəmiyyətə yaxşı heç nə vermirdi.
  
Ali Sovetin sədri Yaqub Məmmədov ölkə başçısı səlahiyyətlərini icra edirdi. Rəhim Qazıyev artıq müdafiə naziri idi.  Şəmkirdə üç növ sovet qoşun növləri dislokasiya olunmuşdu. Zəyəm qəsəbəsində yerləşən qırıcı təyyarə eskadrilyası aprel ayında  Azərbaycanı tərk etməyə başladı. Məlumat daxil olurdu ki, yük maşınları Gürcüstana aparılıb satılır. Yük təyyarələri hərbiçilərin ailələrini köçürmək üçün Zəyəm aerodromuna enmişdi. İcra başçısı Elxan Əliyev Rəhim Qazıyevin rayona gələcəyini, amma onunla görüşmək istəmədiyini dedi. Rəhim Qazıyevi mən qarşıladım. YanındaYaşar adlı  bir türk generalı, nazirliyin mətbuat xidmətinin çəkiliş qrupu və bir neçə hərbiçi vardı. Zəyəm aerodromuna getdik. Hərbi hissənin komandirinin otağında komandir və digər zabitlərlə uzun söhbət, mübahisə oldu. Azərbaycan tərəfi bir neçə qırıcı təyyarə, hücum vertalyotları, hərbi texnikanın saxlanmasını tələb edirdi. Komandir hər iki ölkənin razılığa gəldiklərini, bir neçə texnikanın veriləcəyini təsdiqləsə də, qırıcı təyyarələrin verilməyəcəyini israr edirdi.Təyyarələrin yanına getdik. Komandir:
-Gəl, təyyarəyə minib səninlə uçaq.İdarə edə bilərsənmi?
-Əlbəttə yox.Mən pilot deyiləm.
-Bəs ,kimdi pilot sizdə? Heç kim. Pilotunuz yoxsa təyyarə nəyinizə lazım?
-Pilotumuz olacaq.
Komandir əlini yelləyib dedi ki, o təyyarə verə bilməz, amma vəziyyətin dramatik olduğunu Moskvaya  çatdıracağını və nə  qərar verilsə ona əməl edəcəyini bildirdi.
Komandir bir hərbiçi kimi düz danışırdı. Söhbət xeyli çəkdi. Prinsipial razılıq olsa da daha yüksək səviyyədə danışıqlar olacağı qərara alındı, bir şərtlə ki, razılıq olanadək aerodromdan bir təyyarə də qalxmayacaq. İrəli gedərək deyim ki, sonralar razılıq əsasında iki qırıcı təyyarə bizə verildi.
 Rəhim Qazıyev geri qayıtmalı olduqlarını deyəndə mən onu , qonaqlarla birlikdə  nahara dəvət etdim. Rəhim bəylə süfrə arxasında bir az sıcaq söhbətimiz oldu və  söhbətdən o nəticəyə gəldim ki, Rusiya necə istəsə Qarabağda vəziyyət elə olacaq. Sabahı bu görüş televiziyada nümayiş etdirildi.
  
May gəldi. İndiyədək Azərbaycanın ağlına gəlməyən, başına gəldi. Mayın 8-dən-9-na keçən gecə Şuşa işğal olundu. Gəncədən əməliyyat rabitəsilə zəng vurub Şəmkirə xəbər verdilər.Təcili Gəncəyə gəldim. Hərə bir söz danışırdı, biri döyüş getdiyini, o biri artıq hər şeyin bitdiyini söyləyirdi. Bakıdan da dəqiq bir söz demirdilər. Gecə Şuşa ilə heç bir əlaqənin olmadığı bəlli oldu. Nə edəcəyimi bilmirdim. Fikirləşirdim ki, yəqin sabah səfərbərlik olar, hamı silahlanar, hər tərəfdən hücuma keçər, Şuşanı azad edərik. Gözləyirdim ki, sabah bütün nazirlik səfərbər ediləcək, bizi Ağdama yığacaqlar, ordan hücuma keçəcəyik. Eyni vaxtda Kəlbəcərdən, laçından, Ağdamdan hücum etsək erməni Şuşanı boşaldacaq. Evə gələndə yoldaşım: Doğrudan Şuşanı alıblar?-deyib üzümə baxanda otağın ortasında dizi üstə çökdüm. Ağlamağımı güclə boğur, danışa bilmirdim. Yoldaşım qoluma girib məni qaıdırdı. Özümə gələndə:
-Yəqin sabah bizi Ağdama apararlar, hərbi paltarı çıxar, hazırla.
 Məni hərbi paltarda , əli silahlı  görməyə adət etmiş xanımım heç nə demədi, amma qorxduğu, həyəcanlandığı hiss olunurdu.
Sabah Şəmkirə yox , Gəncə şöbəsinə getdim. Məni formada görüb əməkdaşlar təəccüb etdilər,elə mən də ..,niyə hamı formada deyil? Bakı ilə əlaqə saxladıq. Heç bir göstəriş, informasiya olmadı. Mən elə bilirdim ki, ölkə əhalisi axın edib, döyüş tələb edəcək, döyüşə gedəcək. Olmadı..,millət faciələrə, torpaq itkisinə alışmışdı. Amma, Şuşa itkisi başqa itkiyə bənzəmirdi axı... Bir süstlük, hərəkətsizlik vardı ölkədə. Bakıdan Şəmkirə getməyimi istədilər. Şəmkirdə nə edim?
 
Şuşa bütün yaddaşımla gözümün önündə idi.

 






Fikirlər