18.03.2014. - Yarım milyonluq eksklüziv “Gelandewagen”in sahibi məlum oldu

18.03.2014. -  Yarım milyonluq eksklüziv “Gelandewagen”in sahibi məlum olduABŞ-ın Texas ştatında fəaliyyət göstərən “Hennesey Performance” tüninq şirkəti tərəfindən xüsusi sifariş əsasında yığılan və Azərbaycana gətirilən “Mercedes-Bens G63 AMG Gelandewagen” avtomobilinin sahibinin adı məlum olub.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə şirkətin rəsmi facebook səhifəsində məlumat yer alıb.

Xəbərdə bildirilir ki, avtomobilin sifarişçisi Azərbaycandan olan Aqşin A. (Agshin A.) adlı şəxsdir. Müştəri avtomobilin tüninqini 2013-cü ildə sifariş verib.

Həmin şəxsin familiyası tam göstərilmədiyindən onun barəsində əlavə məlumat öyrənmək mümkün olmayıb. Bununla belə həmin şəxsin Dövlət Əmək Müfəttişliyi Xidmətinin Sumqayıt şəhər 7 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Aqşin Əhədov olduğuna dair hələ təsdiqlənməmiş məlumatlar var.

1987-ci ildə anadan olmuş Aqşin Əhədov həmin vəzifəyə ötən ilin dekabrında təyin olunub və kifayət qədər imkanlı şəxs kimi tanınır. Belə ki, o, Sumqayıtda ötən ilin payızında yanan “Karvan” ticarət mərkəzinin sahibi Ağamirzə Əhədovun nəvəsi və Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun qardaşı, deputat Nazim Fərəcovun kürəkənidir.

Virtualaz.org saytı Bakıya gətirilən “tank gücündə” avtomobilin həqiqətən həmin məmura məxsus olub-olmadığı barədə araşdırmalar aparır.






Fikirlər