Siyasi sabitlik və təhlükəsizlik HƏR ŞEYDƏN önəmlidir

 

 Ölkəmizdə demokratiyanın inkişafına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminat mexanizmlərinin formalaşdırılmasına, siyasi sistemin təkmilləşdirilməsinə, ictimai-siyasi sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edən “Azərbaycan Respublikasının Konstitusiyasında  dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinin ictimai müzakirəyə çıxarılması təkcə dövlət quruculuğu prosesinin daxili qanunauyğunluqlarından deyil, həm də xarici faktorlardan qaynaqlanır. Bu baxımdan, bir çox ekspertlər Azərbaycanda qanunvericilik bazasında bir sıra dəyişikliklərin edilməsini labüd sayırlar.

Cəmiyyətin bütün təbəqələri Konstitusiyaya təklif edilən dəyişikliklərlə bağlı müzakirələrdə aktivlik nümayiş etdirirlər. Referendum Aktı layihəsinin müzakirəsi hazırda ölkənin əsas gündəmini zəbt edib.

“Konstitusiyada prezidentlik müddətinin artırılması, yaş senzinin aradan qaldırılması, vitse-prezidentlik institutunun tətbiq edilməsi, insan hüquq və azadlıqları ilə bağlı təkliflər beynəlxalq praktikaya söykənir”. Bunu Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli Referendum Aktına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, dəyişikliklər  insan hüquq və azadlıqlarının, demokratiyanın təməl prinsiplərinin daha təkmil qaydada qorunmasına şərait yaradır. T.Kərimli əlavə edib ki, bəzi müxalif qüvvələrin sosial şəbəkələrdə, mətbuatda yazdıqları fikirlərin heç bir hüquqi əsası yoxdur: “Onların hamısı siyasi yönümlü bəyanatlardır. Konstitusiyaya nəzərdə tutulan dəyişiklikləri müsbət və vaxtında həyata keçirilən siyasi islahat kimi dəyərləndirirəm. Çünki siyasi sabitlik və təhlükəsizlik hər şeydən önəmlidir. Azərbaycanda siyasi sabitlik və təhlükəsizlik olmadan nə demokratiya, nə iqtisadi inkişaf, nə də insan haqlarının qorunması mümkündür. İndiki məqamda, yəni Ermənistan-Azərbaycan münaqişəsinin mövcud olduğu bir halda, Azərbaycanda daha mükəmməl və güclü prezident üsul-idarəsinə ehtiyac var”.

Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı mediaya verdiyi müsahibədə bildirib ki, Prezident İlham Əliyevin Konstitusiyaya dəyişikliklə bağlı təşəbbüsü Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə, Azərbaycanın beynəlxalq proseslərin inkişaf etməsinə hədəflənən təşəbbüsdür: “Bu təşəbbüs artıq Konstitusiya Məhkəməsi səviyyəsində müsbət həllini tapıb. Ümidvaram ki, sentyabrın 26-da Azərbaycan xalqı bu Konstitusiya dəyişikliklərinə səs verəcək və onu dəstəkləyəcək. Beləliklə, Azərbaycanın siyasi və idarəçilik sisteminin daha da yüksəlməsi və inkişafı üçün yeni imkanlar açılacaqdır”.

Dağıdıcı müxalifətin məsələ ilə bağlı yaratmaq istədiyi ajiotaja münasibət bildirən F.Ağamalı qeyd edib ki, bu azsaylı qrup özünün ənənəvi yanaşmalarından xilas ola bilmir: “Azərbaycan müxalifətinin müəyyən bir qanadı var ki, bunlar indiyə qədər, 1993-cü ildən üzü bu tərəfə Azərbaycan dövlətinin keçmiş olduğu çox möhtəşəm bir yolda hər hansı bir uğuru etiraf etməsinin şahidi olmamışıq. Azərbaycanın xarici və daxili siyasətində əldə etdiyi uğurlar, ölkəmizin bu gün dünyanın lider dövlətlərindən birinə çevrilməsi, nüfuzunun artması kimi faktlar tarixi həqiqətdir. Bu tarixi həqiqət o kəsim tərəfindən heç zaman etiraf olunmur və əksinə, Azərbaycan dövlətinin əldə etmiş olduğu uğurlar onlar tərəfindən hər zaman bu cür top-tüfənglə qarşılanır. Çox böyük qısqanclıqlar, müxtəlif fikirlər ifadə olunur”.






Fikirlər