14.04.2014. - Tibb elmləri namizədi hədələnib, işdən qovuldu

14.04.2014. -  Tibb elmləri namizədi hədələnib, işdən qovuldu Tibb elmləri namizədi, həkim-kardioloq Azadə Aslanova qanunsuz olaraq işdən çıxarılması ilə bağlı mediyaya açıqlama verib

2010-cu ildən etibarən Mərkəzi Neftçilər Xəstəxanasında çalışdığını deyən A.Aslanova xəstəxananın direktorunun birinci müavini Həbib Yüzbaşıyev və ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri Rəşad Mahmudovun ona qarşı qərəzli mövqedə olmalarından bəhs etdi. “İşlədiyim müddətdə rəhbərlik tərəfindən mənə heç bir irad tutulmayıb, intizam tənbehinə cəlb olunmamışam. Amma 2013-cü ildən başlayaraq Həbib Yüzbaşıyevlə Rəşad Mahmudov müstəqil müayinələr aparmağıma qadağa qoyur, mənə qarşı əsası olmayan şər-böhtan kampaniyası təşkil edir, işdən azad olunmağım üçün ərizə yazmağa təhrik edir, davamlı təqdimatlar yazmaqla şantaj edirdilər. Guya mən kollektivlə münasibət qura bilmirəm, xəstələrlə və tibb bacıları ilə kobud davranıram və s. Belə bir təqdimat 26 fevral, 2013-cü ildə təşkil olundu.

Bununla bağlı Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru Leyla Seyidbəyovaya izahat yazdım. Barəmdə yazılanların həqiqətəuyğun olmadığı müəyyən edildiyindən Rəşad Mahmudovun təqdimatı rədd olundu, Həbib Yuzbaşıyevin etdiyi qanunsuzluğun qarşısı alındı. Şöbə müdiri Rəşad Mahmudov məni otağına çağıraraq yenidən pasiyentləri qəbul etməməyimi, onları Mədinə Yüzbaşıyevaya (Həbib Yüzbaşıyevin qızı-red.) yönəltməyimi tələb etdi. İmtina etdikdə təhqiramiz ifadələrlə məni aşağıladı, nalayiq söyüşlər söyərək hədələdi”
- deyə A.Aslanova bildirdi.

Kardioloqun sözlərinə görə, bu vəziyyət dəfələrlə təkrarlanıb: “Bu hallar təkrarlandığından şöbə müdirinin kobudluğunu sübut etmək üçün onun səsini yazmağa məcbur oldum. Şöbə müdiri həkimlik praktikamda, müayinələrimdə heç bir səhv və irad tapmadığından çirkin kampaniyaya baş vurdu, tibbi personalla kobud rəftarım barədə iddialar irəli sürdü, tibb bacılarını işdən çıxartdıracağı hədəsi ilə əleyhimə şablon təqdimatlar yazmağa məcbur etmişdi. Beləcə, çirkin araşdırmaya start verildi. Bir neçə gündən sonra xəstəxananın hüquqşünası Rəna Hüseynova məni otağına çağırdı və Rəşad Mahmudovun yazdığı imzasız təqdimatını, tibb bacılarının 2013-cü ildə yazılmış təqdimatlarını verdi. Kobud şəkildə məni hədələyərək işdən çıxmağım barədə ərizə yazmağa təhrik etdi. Ərizə yazmayacağımı dedikdə isə bu təqdimatlar əsasında həkim nüfuzumu ləkələyərək məni işdən qovduracağını bildirdi”.

A.Aslanovanın sözlərinə görə, bu qərəzli kampaniyanın, şantajın dayandırılması və hüquqlarının qorunması üçün növbəti dəfə bu il mart ayının 14-də xəstəxananın direktoru Leyla Seyidbəyovaya ərizə ilə müraciət edib: “Rəşad Hüseynovla Həbib Yüzbaşıyev ərizəmin ümumi şöbədə qeydiyyata alınmasına qadağalar qoyduğundan həmin gün Səhiyyə Nazirliyinin “qaynar xətti”nə zəng vurdum. Onların müdaxiləsindən sonra direktorun adına yazdığım ərizə qeydiyyata alınaraq qəbul edildi. Həmin andan etibarən mənə qarşı daha da şiddətli təzyiq və hədələr başlandı. Bu gün - aprelin 12-də isə artıq qanunsuz olaraq işdən kənarlaşdırıldım”.

A.Aslanova ona qarşı olunan bu haqsızlıqlarla bağlı müvafiq qurumlara, ölkə başçısına, səhiyyə naziri Oqtay Şirəliyevə müraciət etdiyini dedi: “Üzümə deyirlər ki, hara gedirsən get, kimə istəyirsən şikayət elə, onsuz da şikayətlərin cavabsız qalacaq, bizim nüfuzumuz və əlaqələrimiz səhiyyə sistemində hər hansı bir həkimin üstündən xətt çəkməyə kifayət edir və s.

Mən buna inanmaq istəməzdim. Amma Leyla Seyidbəyovanın onların qanunsuz əməllərinə susması Səhiyyə Nazirliyinə, ölkə başçısına müraciət etməyimə rəvac verdi.

Moskvada təhsil aldığım zaman akademik Leo Bokeriya mənə dedi ki, qal burada işlə, ora getmə, ora bataqlıqdır. Amma onun dedikləri ilə razılaşmadım, öz xalqıma, vətənimə gərək olduğumu düşündüm. İndi isə belə vəziyyətə düşmüşəm. Bu dərəcədə də ədalətsizlik olarmı? Mən özümə qarşı qərəzli mövqeyi ictimailəşdirmək niyyətində deyildim. Amma sonda buna məcbur oldum. Bir alim kimi hüquqlarımın müdafiə edilməsinə köməklik göstərməyinizi xahiş edirəm”
.







Fikirlər