24.04.2014. - Varlıların ölkəsi, kasıbların vətəni – Azərbaycan

24.04.2014. -  Varlıların ölkəsi, kasıbların vətəni – AzərbaycanAydın məsələdir ki, söhbət oğurluq, rüşvətçiliklə varlananlardan getmir.

Vaxtı ilə 70 il yaşadığımız ölkədə varlı adamlar sosial baxımdan etibarsız element kimi qəbul edildiyi üçün onlara qarşı mübarizə aparılırdı. Bunların siyahısına ticarətdə işləyən, bəzi rüşvətxor məmur, adi oğrular və s. düşərdi. Onlar öz əmlakını, bağ və kooperativ mənzillərini yaxın və uzaq qohumların, hətta dostların və qonşuların adlarına yazaraq karyera pilləkənilə ilə qalxana qədər onlara ayrı-ayrı qulluq göstərərdilər. Hətta, maşınları da adətən lotereya "uduşu" ilə alınardı. Ona görə də bu insanlara qarşı neqativ münasibət formalaşmışdı.

ANS-in verdiyi məlumata görə, lakin cəmiyyətdə varlı adamların olması hər zaman pis nəticələrlə sonuclanmayıb. İnqlabdan əvvəl Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Murtuza Muxtarov, Şəmsi Əsədullayev kimi Bakı milyonçularının cəmiyyət, millət ücün etdiklərini indi də insanlar minnətdarlıq hissi ilə xatırlayır. Onların cəmiyyət və xalq üçün mühüm əhəmiyyətli proqram və lahiyələri maliyyələşdirməsi, sosial problemlərin həllində iştirak etməsi, iş yerlərinin açılması və bunun nəticəsi kimi kasıbların sayının azalmasına yönəldilirdi.
Vergi ödəyicilərin artması dövlət büdcəsinə əlavə gəlir gətirirdi. Bu baxımdan cəmiyyətdə varlı insanlar nə gədər çox olarsa, ümumi əhalinin güzəranı da yüksəlir. Əhalinin sosial problemlərinin həlli üçün büdcəyə kifayət qədər vəsait toplamaq imkanı artır.

Aydın məsələdir ki, söhbət oğurluq, rüşvətçiliklə varlananlardan getmir. Kriminal yolu ilə varlanma təzə iş yerlərinin açılmasına, büdcənin artmasına qulluq etmir, əksinə dövlətin iqtisadiyyatına zərər gətirir, kasıbların sayını artırır. Söhbət maliyyə çətinliklərindən çıxma qaydalarını öyrənən və bunun nəticəsində inkişaf edərək qanunvericilik çərçivəsində varlanma bacarığına malik olanlardan gedir. Yalnız bu yolla əldə edilən var-dövlət mesenatların sayını artırır və kasıbçılığın kökünü kəsir.

24.04.2014. -  Varlıların ölkəsi, kasıbların vətəni – Azərbaycan

Təbii ki, varlıların sayını artırmaq üçün dövlət iş adamları üçün münbit şərait yaratmalıdır. Bunun üçün isə dövlətin qəbul etdiyi siyasi və iqtisadi siyasətdən yararlanmaq lazımdır. Nəticədə isə həm varlıların sayı çoxalar, həm də kasıbların sayı azalar.

Bu mövzu ətrafında iqtisadiyyat üzrə ekspert Oktay Haqverdiyev ilə söhbət etməli olduq.

O, birinci növbədə diqqəti sahibkarlığın kənd təssərüfatında geniş inkişaf imkanlarına cəlb edilməsi üçün vacib məsələlərdən danışdı.

"İntellektual baxımdan, yəni qiymət, gəlir, tələbat maraq və münasibətlər sahəsinin hər tərəfli baxımından, ən geridə qalmış sahəmiz kənd təsərrüfatıdır. Kənd təsərrüfatında fəaliyyət göstərən iş adamlarına subsidiyaların verilmə qaydası da düzgün deyil. Vaxtı ilə Heydər Əliyev tərəfindən kənd təsərrüfatçıları torpaq vergisindən savayı bütün növ vergilərdən azad edilmişdi. Bu, daha səmərəli idi. Dövlət subsidiyaları kənd təsərrüfatı məhsulunun əldə edilmiş konket həcminə görə verilməlidir. Fermerlə tədarükçü arasında olan müqavilədə məhsulun nəzərdə tutulmuş qiyməti ilə realizasıyası minimal rentabellık ölçüsü kimi təmin edilməlidir. İnkişaf etmiş ölkələrdə bu iş belə qurulub. Bu, həm də məhsulun həddindən artıq istehsal edilməsinin qarşısını alır. Yoxsa qiymətlər həddindən artıq aşağı düşərək iş adamının iflasına gətirib çıxara bilər", - deyə ekspert qeyd edib.

Məsələ ilə bağlı ekspert hazırdakı gənclərin gələcəkdə uğurlu işgüzar adam olması üçün onların yüksək səviyyəli təhsil almasını ən vacib şərtlərdən biri hesab etdi: "Məsələnin həlli üçün gənclərimizin inkişaf etmiş ölkələrdə təhsil və təcrübə almaq imkanları daha da genişlənməlidir. Orada onlar birmənalı dərk edir ki, ölkənin yüksək səviyyəyə qalxması üçün sahibkarların fəaliyyəti yalnız qanun çərçivəsində görülməlidir. Bunun da böyük əhəmiyyəti var. Azərbaycana qayıdarkən onlar çalışacaqlar ki, aldığı bilik və təcrübədən vətənlərində istifadə etsinlər. Əlbəttə, bunun üçün müəyyən vaxt tələb olunur. Bununla belə ölkəmiz zəngindir. Gərək çalışıb tənbəllik etməyək".

Söhbət zamanı O. Haqverdiyev varlı adamların sayının artması üçün vergi qanunlarının mütləq aydın və dəqiq olmasını xüsüsi ilə vurğuladı: "Hər il büdcə təsdiqlənən zaman vergi məcəlləsində çoxsaylı dəyişıkliklər, əlavələr edilir. ABŞ-da 100 il əvvəl qəbul edilmiş vergi məcəlləsində demək olar ki, indiyədək hec bir dəyişiklik olmayıb. Bu cür vergi sistemi aydın olduğundan dəqiq anlaşılır. Bizdə isə hər şey qəliz hala çevrilir. Hər dəfə sahibkarlarla görüşəndə onlar bu cür dəyişiklik və əlavələrdən gileylənirlər. Həqiqətən də hər il vergilər məcəlləsində edilən çoxsaylı dəyişiklik və qəbul edilən əlavələr onu anlamaqda çətinliklər yaradır. Bu da kiçik və orta bizneslə məşğul olmaq istəyənlərə əlavə maneəçilik yaratmaqla onları qorxudur".

O. Haqverdiyev vurğuladı ki, iş adamlarının sayını artıran vacib amillərdən biri qanun çərçivəsində onların maraq və hüquqlarının qorunmasıdır: “İş adamı 100 faiz bilməlidir ki, bəzi məmurlardan qorunmaq üçün onun arxasında hüquqi bir baza var. Elə hallar olur ki, qanunları yaxşı bilməmək yeni biznesə qoşulan insanları bu yoldan çəkindirməyə məcbur edir. Yaşadığımız müasir dünyamızda hər bir fiziki və hüquqi şəxs “pul ver və işin düzələcək” deyimindən azad olmalıdır. Qanunla yaşamaq və iş görmək hər bir iş adamı üçün sərfəli olmalıdır. Deməli, varlı olmaq üçün ən yaxşı üsul oğurlamamaqdır”.


24.04.2014. -  Varlıların ölkəsi, kasıbların vətəni – Azərbaycan






Fikirlər