21.05.2014.- Nazirlikdən Morninqstara etiraz

21.05.2014.-  Nazirlikdən Morninqstara etirazÖtən həftə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın Azadlıq Radiosuna verdiyi müsahibə hələ də müzakirə olunur. Səfirin toxunduğu məsələlərdən biri də təhsil sahəsində korrupsiyanın olması ilə bağlı idi.

AzVision.az xəbər verir ki, Təhsil Nazirliyi səfirin səsləndirdiyi ittihamla bağlı qafqazinfo-nun sorğusuna belə cavab verib:

“Əslində cənab Morninqstarın bu sözləri Təhsil Nazirliyində böyük təəccüb və təəssüf hissi yaradıb. Təhsil naziri cənab Mikayıl Cabbarov bu vəzifəyə təyin olunduqdan sonra ABŞ-ın səfiri ilə 3 işçi görüş keçirmiş, onların 3-ü də səfirin xahişi ilə baş tutmuş və bu görüşlərdə təhsil islahatları, xaricdə təhsil, şagird və tələbə mübadiləsi, ali təhsil müəssisələri arasında əməkdaşlıq kimi müxtəlif mövzular ətraflı şəkildə müzakirə olunub. Bu görüşlər zamanı cənab Morninqstarın hər hansı istənilən məsələni qaldırması üçün məneələr olmayıb. Lakin bu görüşlərin heç birində cənab Morninqstar Azərbaycanın təhsil sistemində korrupsiya probleminə toxunmayıb.

Təhsil Nazirliyi dost və tərəfdaşlarının ölkəmizin təhsil sisteminin təkmilləşdirilməsi ilə bağlı rəy, təklif və bu sahədə mümkün problemlər barədə konkret faktlara əsaslanan müraciətlərinin ictimailəşdirilmədən öncə Nazirliklə müzakirə olunmasını və mövcud problemlərin həlli perspektivlərinin konstruktiv əməkdaşlıq mühitində birgə dəyərləndirilməsinin tərəfdarıdır.
Ətraflı faktlar və sübutlar təqdim etmədən bu kimi ümumi xarakterli mülahizələrin təcrübəli diplomat tərəfindən səsləndirilməsi dərin təəssüf hissi doğurur”
.






Fikirlər