Kadırovun qisası - o, Türkiyəyə sığınan mücahidləri tələb edir

 Kadırovun qisası - o, Türkiyəyə sığınan mücahidləri tələb edir

Rusiya hakimiyyəti müharibədən sonra sağ qalan çeçen komandirlərini qətlə yetirir

 

Çeçenistan prezidenti Ramzan Kadırov Türkiyə prezidentinə müraciət edərək Türkiyədə həbs olunan çeçenlərin Çeçenistana qaytarılmasını istəyib. İstanbulda baş verən terror aktından sonra Türkiyə prezidentinə başsağlığı verən Kadırov deyib ki, Çeçenistanda terror törədən şəxslər hələ də Türkiyədə gizlənir. 
“Terrorçulara qarşı onların anladığı dildə danışmaq lazım olduğunu” deyən Kadırov Türkiyədə gizlənən çeçenlərin geri qaytarılıb ifadə verməsi və cəzalarını alması lazım gəldiyini qeyd edib. “Mən dəfələrlə Türkiyə hakimiyyətindən xahiş edərək bu terrorçuların Rusiyaya geri verilməsini istəmişəm. Məqsədimiz cinayətkarları tapıb cəzalandırmaqdır. Bu gün sizə təkrar bu mövzuda müraciət edirəm. Əminəm ki, terrorçularla sərt şəkildə davranmaq, onların anladığı dildə danışmaq lazımdır”.
Kadırovun nəzərdə tutduğu 3 çeçen noyabrın 5-də həbs olunub. Ancaq Rusiyanın tələblərinə baxmayaraq Türkiyə hökuməti onları geri qaytarmaq fikrində deyil. Saxlanılan 3 nəfər Mahran Saidov, Aslanbek Vadalov və Tarxan Qazıyev olub. 
Qeyd edək ki, ikinci çeçen müharibəsindən sonra yüzlərlə keçmiş döyüşçü bir sıra Avropa ölkələrinə, əsasən də Türkiyəyə yerləşib. Türkiyədə islamçı təşkilatların Çeçenistan savaşçı qruplarına dəstək verməsi, eləcə də Türkiyədə 100 il əvvəldən köçmüş çeçen diasporunun olması və nəhayət, hakimiyyət orqanlarının münasibəti çeçenlərin Türkiyədə yerləşməsinin əsas səbəblərindən biri idi. Ancaq müharibə başa çatdıqdan sonra Rusiya çeçen müqavimətini qırmaq, savaş zamanı ruslara qarşı müqavimət göstərmiş nüfuzlu səhra komandirlərini göz dağı məqsədilə “ovlamağa” başladı. Burda əsas məqsəd Münhen Olimpiadasından sonra İsrailin etdiyi kimi qisas və göz qorxutmaq idi. Avropada, o cümlədən Türkiyədə və Qatarda nüfuzlu çeçen komandirlər qətlə yetirildi. Onlardan ən səs-küylüsü 2004-cü il fevralın 13-də Qatarın paytaxtı Dohada baş verdi. Çeçen səhra komandiri, eks-prezident Yandarbiyev rus sui-qəsdçilərin partlatdığı bomba ilə öldürüldü. 
Oxşar hadisələr Avropanın bir sıra ölkələrində də baş verdi. Nüfuzlu keçmiş səhra komandirləri müəmmalı şəkildə qətlə yetirildi. Ən çox sui-qəsd hadisələri Türkiyədə baş verib. Keçmiş səhra komandirləri, Çeçen Respublikasının siyasətçi və diplomatları səs-küysüz aradan götürülürdü. Bu qəsdlərin sifarişçisinin Rusiya olduğu, icraçıların isə əsasən çeçen killerlər və ya agentlər olduğu bildirilirdi. Türkiyədə ən səs-küylü çeçen qətli hadisəsi 2013-cü ildə Ankarada baş verdi. Çeçen mühacir hökumətinin konsulu Medet Ünlü naməlum şəxslər tərəfindən öz otağında qətlə yetirildi. Çeçen diasporunun Türkiyədə rəsmi dairələrlə əlaqələrini koordinasiya edən Ünlü İçkeriya Çeçen Respublikasının konsulu idi. M.Ünlü ilə birlikdə Türkiyədə 7 nəfər məhur çeçen aktivi öldürülüb. 
Türkiyədə qətlə yetirilən məşhur çeçenlərdən biri səhra komandiri Qazi Edilsultanovdur. Q.Edilsultanov 1999-cu ildə başlayan ikinci çeçen müharibəsində vuruşub, polkovnik rütbəsi daşıyıb. 2001-ci ildə yaralanan Edilsultanov 2004-cü ildə Türkiyəyə yerləşib. İstanbulda Fenerbahçe bölgəsində yerləşən çeçen düşərgəsindən Maltəpəyə getmək adı ilə çıxıb və yoxa olub. 
Daha bir məşhur çeçen səhra komandiri çeçen ordusunun ikinci şəxsi olan İslam Canibekov Rusiya hökuməti tərəfindən 30 nəfəri öldürməkdə ittiham edilərək axtarışa verilmişdi. 2002-ci ildə Türkiyəyə qaçan Canibekov uzun müddət gizli yaşayıb, tez-tez yer dəyişdirib. Ancaq 2008-ci ilin dekabrında Canibekov ailəsi ilə birlikdə avtomobilini park etmək istəyərkən naməlum şəxslər tərəfindən başından vurularaq öldürülüb.
Doku Umarovun Türkiyə təmsilçisi Əli Osayev ikinci çeçen müharibəsindən sonra Türkiyəyə sığınıb. Türkiyədə gizli yaşayan Osayev 2009-cu ildə Zeytunburnu bölgəsində avtomobilində güllələnərək öldürülüb. 
Berkaj Musayev, Rustam Altemirol və Zaverbek Amiyev məsciddən namazdan çıxdıqları əsnada naməlum bir avtomobildən açılan atəş nəticəsində öldürülüblər. Qətlə yetirilən hər 3 şəxs çeçen müharibəsində iştirak etmiş səhra komandirləri olub. Bu qətllərdən bir qismi artıq açılıb. Əsasən çeçen əsilli şəxslər olur və kriminal hesablaşma kimi təqdim olunsalar da, ekspertlər bu şəxslərin Rusiya və Çeçenistan hakimiyyəti ilə əlaqələrinin olduğunu düşünür. Bu şəxslər çeçen icmasında nüfuzlu olublar, müharibədə iştirak ediblər. Bununla da onların qətlə yetirilməsi həm müharibənin qisası, həm də yeni toparlanmanın qarşısının alınması, xof yaratmaq məqsədi güdür. 

 






Fikirlər