Deputatlardan ölkə başçısına - Yubiley təbriki

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin doğum günüdür. Prezident 55 yaşını qeyd edir.

Milli Məclisin deputatları açıqlamalarında İlham Əliyevi yubiley münasibətilə təbrik ediblər və onun Azərbaycanın müasir dövlətçilik tarixindəki rolundan danışıblar.

 Aydın Mirzəzadə:

 

"Azərbaycan xalqının layiqli oğlu, dövlətimizin rəhbəri İlham Əliyevin 55 illik yubileyi bu gün hər bir evdə, kollektivdə böyük bir razılıqla qeyd edilir. İlham Əliyev böyük siyasətdə, o cümlədən Azərbaycanın rəhbəri olduğu dövrdə həmişə dövlətin, xalqın maraqlarını yüksək səviyyədə qoruyub. Onun hakimiyyəti dövründə Azərbaycanın büdcəsi artıb, insanların sosial vəziyyəti yaxşılaşıb, Azərbaycan vətəndaşı daha yaxşı yaşamağa, özünü güvənli hiss etməyə başlayıb. Həmçinin beynəlxalq aləmdə nüfuzumuz artıb, Dağlıq Qarabağ probleminin həlli yolunda Azərbaycanın mövqeyi möhkəmlənib. Bu gün Azərbaycan əməkdaşlığın arzu olunan dövlət səviyyəsindədir. Cənab prezident cəmiyyətdə hər bir vətəndaşa kifayət qədər açıqdır. Onun tez-tez regionlara səfər etməsi, ölkənin problemlərinə bələd olması və onların həlli istiqamətində ciddi addımlar atması diqqəti cəlb edir. Biz onun ad gününü təbrik edir, ona uzun ömür, can sağlığı arzu edirik. Onun rəhbərliyi altında Azərbaycanın inkişafının bundan sonra da şərəfli bir yol keçməsini arzu edirik”.

 Ziyad Səmədzadə:

 "Azərbaycan dövlətinin başçısı, prezident İlham Əliyev dövlətimizin iqtisadiyyatının inkişafı və beynəlxalq aləmdə nüfuzunun qalxması üçün çox böyük işlər görüb. Bu gün bütün dünya Azərbaycanı tanıyır, onun uğurlarını yüksək qiymətləndirir. Çünki Azərbaycan xalqının milli maraqlarına cavab verən, ölkə iqtisadiyyatının dinamik və keyfiyyətli inkişafını təmin etmək üçün İlham Əliyevin apardığı siyasət birmənalı şəkildə dəstəklənir. Bu gün Azərbaycan dünyanın ən irimiqyaslı layihələrinə imza atıb. Cənab prezident Böyük İpək Yolunun bərpası ilə əlaqədar böyük işlər görüb, TANAP və TAP kimi layihələr Azərbaycanın dünyada nüfuzunun artmasına xidmət edib. Bütövlükdə Azərbaycan dövlətinin apardığı uğurlu siyasət, İlham Əliyevin məhsuldar fəaliyyəti heç şübhəsiz ki, xalqımızın xoşbəxt gələcəyini, ölkəmizin ərazi bütövlüyünü təmin edəcək. Mən cənab İlham Əliyevə uğurlar arzu edirəm. Allah onu qorusun. Dövlətimiz bundan sonra da daha güclü və varlı olsun”.

 

 Fazil Mustafa:

 "Prezident İlham Əliyev Azərbaycan cəmiyyətində çox böyük işlər görüb. Azərbaycanı sabitlik ölkəsi kimi saxlaması böyük bir uğurdur. Prezidentə can sağlığı, işlərində uğurlar arzulayıram. Baxmayaraq ki, biz müxalifətik, amma həqiqətləri söyləmək lazımdır. Həqiqətən də çətin bir dövrdə İlham Əliyev Azərbaycanı bir çox xaoslardan, təhlükələrdən və qarşıdurmalardan qoruyub çıxara bilibsə, bu böyük uğurdur. Bunu qeyd etməyimiz vacibdir".

 

 Çingiz Qənizadə:

 

"Cənab İlham Əliyevin apardığı daxili xarici siyasət düzgün şəkildə tənzimlənib. Bu, Azərbaycan xalqının rifahına və dövlətimizin təhlükəsizliyinə xidmət edən bir balanslaşdırılmış siyasətdir. İnsan kimi də, millət vəkili olaraq da müxtəlif tədbirlərdə, regionlara səfərlər zamanı cənab prezidentlə təmasda olmuşuq. Olduqca humanist, dünya görüşlü, xalqını və vətənini sevən bir insandır. Mən ona ailəsi ilə birlikdə can sağlığı, uzun ömür arzu edirəm. Azərbaycanın uğurlu gələcəyi naminə apardığı işlərdə uğurlar diləyirəm. Onu allah qorusun”.






Fikirlər