Səs yazısı Rusiya generalına aiddir? - 298 nəfərin ölümü barədə ŞOK AUDİO

Səs yazısı Rusiya generalına aiddir? - 298 nəfərin ölümü barədə ŞOK AUDİO

Donbas üzərində vurulmuş Malayziyanın MH17 “Boeing” mülki təyyarəsi haqqında iş üzrə axtarılan əsas fiqurantın şəxsiyyətini müəyyən etmək mümkün olub.

Publika.az xəbər verir ki, bu haqda“The Insider” nəşri və “Bellingcat” beynəlxalq tədqiqat qrupunun birgə araşdırmasında deyilir.

Araşdırmaya görə, bu, “Delfin” ləqəbli general-polkovnik, Rusiya Mərkəzi hərbi dairəsinin əsas inspektoru Nikolay Tkaçevdir. Qeyd edilir ki, iki müstəqil ekspertiza qrupu axtarılan səsin Tkaçevin səsi ilə eyni olduğunu təsdiq edib. Məlumata görə, qrup üzvlərindən biri jurnalist adı ilə Tkaçevdən müsahibə götürüb, daha sonra onun səsi Kolorado Universiteti və Litva Məhkəmə Ekspertiza Mərkəzində əvvəldən olan səsi ilə birgə analiz edilib. Bundan sonra məhz bu general “Boinq” təyyarəsinin vurulmasında iştirak etdiyi müəyyən edilib.

Birgə istintaq qrupu rusiyalı generalın faciədə konkret olaraq hansı rol aldığını dəqiqləşdirmir, amma onu vurulmuş MH17 haqqında işin əsas fiqurantlarının siyahısına daxil edir.

Jurnalistlər açıq mənbələr üzrə aydınlaşdırıblar ki, Tkaçev bu adla və atasının adı ilə (Fedoroviç) hazırda yaşayan Rusiya generalları arasında təkdir.

Qeyd edək ki, Malayziya təyyarəsi 17 iyul 2014-cü il tarixində Ukraynanın şərqində vurulub. Amsterdamdan Kuala-Lumpura uçan təyyarədəki 298 sərnişinin hamısı həlak olub. Onların əksəriyyəti Hollandiya vətəndaşı idi.

ABŞ da təyyarənin rusmeyilli separatçılar tərəfindən vurulması versiyasını müdafiə edir. Rəsmi Kiyev də təyyarənın Rusiyanın separatçılara verdiyi “Buk” zenit-raket sistemi ilə vurulduğunu bildirib.

Niderland Təhlükəsizlik Şurası da 2015-ci ilin oktyabrında açıqladığı hesabatında sərnişin təyyarəsinin Rusiyanın “Buk” zenit-raket kompleksi ilə vurulduğunu açıqlayıb. Qurumun sədri Çibbe Yaustra bildirib ki, bu, Niderland Təhlükəsizlik Şurasının apardığı istintaqın rəsmi nəticəsidir.

Niderland polisinin araşdırmalar üzrə departamentinin başçısı Qilbert Paulissen “Buk” zenit-raket kompleksinin təyyarənin vurulmasından sonra Rusiyaya aparıldığını bildirib.

Onun sözlərinə görə, raket separatçıların nəzarətində olan Pervomayskiy kəndinin yaxınlığındakı fermanın ərazisindən buraxılıb.

“Bunu ABŞ da təsdiq edir. Raketin işə salındığı ərazi Snejnoqo kəndindən altı kilometr cənubda idi”, - o, deyib.

Moskva isə bu iddiaları rədd edir.

 






Fikirlər