Milli-MƏNƏVİ dəyərlərə zərbə vuranlar - Baş redaktorlar onları QINADILAR

Sosial şəbəkələrdə milli-mənəvi dəyərlərimizə zərbə vuran paylaşımları, bu yöndə xəbərləri görmüşük. Təəssüf ki, bəzi saytlar da həvəslə belə paylaşımları tirajlayır.

Qeyd etməliyik ki, bir çoxları bu cür paylaşımlara sərt reaksiya nümayiş etdirsə də, bəzən elə ən çox müzakirə edilən xəbərlər də onlar olur.

Halbuki, həmin paylaşımlar heç bir ictimai məzmun daşımır, əksinə milli dəyərlərimizi alçaltmaqdan o yana keçmir.
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı Modern.az-a bildirib ki, mətbuatda verilən xəbərlərin mütləq ictimai məzmunu, mahiyyəti olmalıdır:

“Cəmiyyəti maraqlandıran, mövzunu əhatə edən xəbərlərin verilməsi vacib amillərdəndir. Ancaq indi bizim mediada peşəkarlarla yanaşı, qeyri-peşəkarlar da var. Onlar belə hesab edirlər ki, siz dediyiniz xəbərləri yaymaqla reytinq qazana bilərlər. Bunu internet saytlarında tez-tez görürük. Hansı ki, o saytlar 90-cı illərin “sarı mətbuat”ını xatırladır”.

Akif Aşırlı qeyd edib ki, milli-mənəvi dəyərləri aşağılayan xəbərləri yaymağa çalışanlar müəyyən oxucu auditoriyası formalaşdırmağa çalışırlar. Ancaq bu zaman cəmiyyətin maraqlarını düzgün qiymətləndirə bilmirlər: “Media cəmiyyətin bir hissəsidir. Cəmiyyətin inkişafında medianın böyük rolu var. Problemlərin göstərilməsində və cəmiyyətimizə yararlı olan mövzuların gündəmə gətirilməsində media bir ictimai institut kimi fəaliyyət göstərməlidir. Ancaq bəzi xəbərlərdə heç bir ictimai çəki yoxdur, sadəcə şəxsi maraqlar var. Bu cür informasiyaların yayılması problemlər yaradır. Bunlar da şəxsi maraqlardan, qeyri-peşəkarlıqdan irəli gəlir”.

Akif Aşırlının sözlərinə görə, bu tip xəbərlərin ən əsas məqsədi reytinqdir. Oxucu kütləsi yığmaq üçün atılan addımlardır.

“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli təəssüflə bildirib ki, mətbuatda, sosial mediada bəzən elm adamları, tarixi qəhrəmanlar, ədəbiyyat nümayəndələri təhqir olunuru: 
“Xüsusilə sosial şəbəkələrdə belə xəbərləri görürük. Bunun müxtəlif səbəbləri var. Bəzən öz yaradıcılığında uğur qazana bilməyən insanlar özlərini tanıtmaq, aqressiyalarını nümayiş etdirmək üçün bu yola əl atırlar. Milli-mənəvi dəyərləri alçaltmaq yolunu və ya hansısa tanınmış şəxsi hədəf seçirlər. Məqsədyönlü şəkildə Azərbaycan cəmiyyətinin təməlinə zərbə vurmağa çalışan, istiqlalımızla, azdlıq ideallarımızla, müstəqilliyimizlə barışmayan şəxslər və dairələr də var”.

Elçin Mirzəbəylinin sözlərinə görə, bu şəxslər azadlıq, müstəqillik ideyalarını, Azərbaycanın tarixini və dilini gözdən salmağa çalışırlar. Bu qruplar fərqli qruplar olsa da, məqsədləri eynidir: 
“Bu məqsədlərin qarşısının alınması üçün müxtəlif yollar var. Bunlardan biri hüquqi tənzimləmələrdir. Düzdür, bununla bağlı bəzi məsələlər qanunvericilkdə öz əksini tapıb, amma kompleks şəkildə yoxdur. Ola bilsin ki, bu məsələlərə xüsusilə diqqət yetirmək lazımdır. Digər məsələ ictimai qınaq faktorudur. Cəmiyyətimiz lazımi qədər bu məsələyə sərt reaksiya göstərir. Belə xəbəri yayımlayanlara da elə bu lazımdır. Guya tənqid və təzyiqlərə məruz qaldıqlarını önə çıxarsınlar, hədəflərinə bu yolla nail olsunlar”.

Elçin Mirzəbəyli qeyd edib ki, dünyanın bir çox ölkəsində oxşar hadisələr baş verir. 
“Bir müddət öncə Azərbaycanda Əkrəm Əylislinin “ Daş yuxular”əsəri ətrafında yaranmış qalmaqalı misal göstərmək olar. Azərbaycan xalqına, tarixinə, mədəniyyətinə, millət kimi mövcudluğuna qarşı olan bir əsər ortaya çıxarılmışdı. Baxmayaraq ki, ictimai qınaq böyük oldu, sonradan bu şəxsi müdafiə edənlər də tapıldı”.

Elçin Mirzəbəyli deyib ki, bizim ölkədə hələ milli dəyərlər tam formalaşmayıb: 
“ Milli-mənəvi dəyərlərimiz nələrdir? Kimlərə, nələrə toxunmaq olmaz, təhqir etmək olmaz? Məncə bu məsələlərlə bağlı cəmiyyətdə geniş müzakirələr açlmalıdır. Eləcə də belə xəbərlərə aqressiv reaksiyanın verilməsi, qarşılıqlı təhqir və vulqar ifadələrin işlədilməsi çıxış yolu deyil. Məsələ açıq şəkildə müzakirə olunmalıdır. Bu xəbərləri yayanlar da başa düşməlidir ki, bizim milli dəyərlərə, dilimizə, tariximizə, tarixi şəxsiyyətlərimizə toxunanda nə baş verə bilər”.

“Yeni Müsavat” qəzetinin  baş redaktoru Rauf Arifoğlu isə bildirib ki, hazırda mətbuatda milli-mənəvi dəyərləri tapdalayan xəbərlər demək olar ki, yox səviyyəsindədir: 
“Bu hadisəyə yalnız sosial şəbəkələrdə rast gəlinir. Mətbuat isə buna qarşı mübarizə aparmaqla məşğuldur. Müxtəlif faktlarda da bu, özünü bariz göstərir. Burada məsuliyyət faktoru var. Lakin belə proses sosial şəbəkələrdə kifayət qədər gedir. Çünki burada hər kəsin öz səhifəsi var, kim nə istəyir, onu yazır. Mənim fikrimcə, bu gün mətbuatımız milli dəyərlərimizi qorumaq üçün mübarizə aparır”.






Fikirlər