“TÜRKİYƏ ABŞ-la hər hansı TOQQUŞMAYA RİSK etməyəcək” – Rusiyalı POLİTOLOQ

Rusiyalı ekspert, Yaxın Şərq üzrə mütəxəssis Harun Sidorov Yenicag.ru-ya müsahibəsində Suriyanın şimalında yaranmış vəziyyətdən və hadisələrin mümkün inkişafından danışıb.

– Mətbuatda Fransanın Mənbiçə xüsusi təyinatlı qoşun göndərəcəyinə dair məlumatlar yayılıb.

Bundan sonra Türkiyənin Mənbiçdə əməliyyat aparması real görünür?

– Türkiyənin Mənbiçdə əməliyyat keçirtməsi mümkündür. Belə deyək, türklər Vaşinqtonla razılaşdırdıqdan sonra Mənbiçə girə bilərlər. Ancaq düşünmürəm ki, Türkiyə ABŞ-la hər hansı toqquşmaya risk etsin. Hərçənd, Vaşinqtonda PKK-dansa, Türkiyə ilə əməkdaşlığa çağıranların səsi daha ucadan eşidilməkdədir. Donald Trampın təhlükəsizlik məsələləri üzrə yeni müşaviri Co Bolton da bu barədə fikir bildirib.

– Türkiyə ilə Fransa hərbçilərinin toqquşacağını gözləmək olar?

– Dünən Parisdən bəyanat verildi ki, Fransa xüsusi təyinatlılarının Suriyaya göndəriləcəyi haqda məlumatlar əsassızdır. Türkiyə mətbuatının yazdığı kimi, məhdud sayda Fransa hərbi kontingentinin Suriyada çoxdan yerləşdirilməsi artıq başqa mövzudur. Fransa Qərb koalisiyasına daxil olduğunu nəzərə alsaq, bu, sürpriz deyil. Sürpriz olan Fransa hərbçilərinin Mənbiçə göndərilməsinə dair artıq təkzib olunmuş məlumatdır.

– Bu məqam Türkiyə-Fransa münasibətlərinə necə təsir göstərəcək?

– Bu, Türkiyə-Avropa münasibətlərində olduğu kimi Türkiyə-Fransa münasibətlərinə də pis təsir göstərəcək. Digər tərəfdən, düşünürəm ki, Türkiyə üçün Fransanın yeni oyunçu qismində onun strateji nüfuz zonasına daxil olması qəbuledilməzdir. Eyni zamanda, qaçqınları fransız sərhədçilərinin basqınından qorumaq üçün Türkiyənin Aralıq dənizinin Fransa sahillərinə donanma göndərməsi də Paris üçün qəbuledilməz idi. Bu mənada Ərdoğanın Parisə yönələn kəskin çıxışlarının tam əsası var.






Fikirlər