ABŞ Rusiyaya qarşı “cəhənnəm sanksiyaları” hazırlayır...

Xəbər verildiyi kimi, ABŞ senatorları Rusiya əleyhinə olan sanksiyaların daha da sərtləşdirilməsi haqqında qanun təklifi veriblər.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, yeni məhdudlaşdırıcı tədbirlər Rusiyanın təkcə biznesmen və siyasətçilərinə deyil, həmçinin dövlət borcları üzrə tranzaksiyalarına və enerji sahəsindəki sərmayələrinə də şamil ediləcək.

Qanun layihəsinin müəlliflərindən biri, senator Lindsi Qrem (Respublikaçılar, Cənubi Karolina ştatı-red.) yeni təklifi Moskva üçün sarsıdıcı adlandırıb.

Qeyd olunur ki, qanun layihəsi Senatdakı hər iki partiyanın bir çox üzvü tərəfindən dəstəklənir. 
“Hazırda qüvvədə olan sanksiya rejimi Rusiyanı 2018-ci ilin noyabrında keçiriləcək aralıq (Nümayəndələr palatasının hamısı və Senatın bir hissəsinə-red.) seçkilərinə müdaxilə etmək niyyətindən vaz keçirməyib. Bizim hədəfimiz bu status-kvonu dəyişmək və Putin Rusiyasına qarşı sarsıdıcı sanksiyalar tətbiq etməkdir.

Bu tədbirlər Putini ABŞ-dakı siyasi proseslərə qeyri-qanuni şəkildə qarışmaqdan vaz keçəcəyinə, habelə Ukraynadan qoşunları çıxaracağına və Suriyada xaos yaratmaqla bağlı fəaliyyətinə son verəcəyinə qədər sürəcək”,- Lindsi Qrem bəyan edib.

Image result for lindsi qrem

Lindsi Qrem Rusiyanı “cəhənnəm sanksiyaları” gözlədiyini hələ iyulun 29-da bildirib. Həmin gün Fox News kanalına verdiyi müsahibədə amerikalı senator ABŞ-dakı seçkilərə müdaxilə etmək istəyən istənilən ölkəni eyni aqibəti gözlədyini deyib.

Maraqlıdır ki, Trampa qarşı əks mövqedə dayanması ilə bilinən senator Qrem bu dəfə onun Rusiya ilə bağlı mövqeyini tərifləyən cümlələr işlədib və hətta onun Kremlə qarşı Barak Obamadan daha sərt siyasət yürütdüyünü qeyd edib.


Demokrat senator Bob Menendez isə qanun layihəsini ABŞ-ın Rusiyaya qarşı siyasətinin sərtləşdirməsində növbəti addım adlandırıb.

Image result for Kirsten Nilsen

“Seçkilərə Rusiya müdaxiləsi” məsələsi avqustun 1-də daxili təhlükəsizlik naziri Kirsten Nilsenin də gündəmində olub. Xanım Nilsen bununla əlaqədar həm Rusiyaya, həm də digər ölkələrə təhdid dolu mesajlar yollayıb:
“Birləşmiş Ştatlar sizin bu cür qeyri-qanuni fəaliyyətinizə göz yummayacaq. Siz ifşa olunacaqsınız və olduqca ağır bədəl ödəyəcəksiniz”.

Xatırladaq ki, ABŞ 2017-ci ilin avqustuada qəbul olunan “Amerikanın rəqiblərinə qarşı sanksiyalar vasitəsilə mübarizə” (Countering America's Adversaries Through Sanctions Act, CAATSA) adı altında qəbul olunan qanuna uyğun olaraq bu ilin yanvarın 29-dan Rusiya vətəndaşları və şirkətlərinə qarşı sanksiyalar tətbiq edir. ABŞ-ın qara siyahısı iki dəfə yenilənib.

 






Fikirlər