Sona YAXINLAŞDILAR: Tramp və şahzadə üçün ÇƏTİN GÜNLƏR BAŞLAYIR

Sona YAXINLAŞDILAR: Tramp və şahzadə üçün ÇƏTİN GÜNLƏR BAŞLAYIR

ABŞ Konqresinin Senatı Səudiyyə jurnalisti Camal Qaşıqçı cinayəti ilə əlaqədar Səudiyyə Ərəbistanına sanksiyaların tətbiq olunub-olunmaması mövzusunda prezident Donald Tramp administrasiyasından brifinq alacaq.

Publika.az “The Hill” nəşrinə istinadən xəbər verir ki, Senat alacağı informasiyalara görə Səudiyyə Ərəbistanına sanksiyaları tətbiq etməyi və silah satışının dayandırılmasını dəyərləndirəcək.

Brifinqin ABŞ-ın müdafiə naziri Ceyms Mettis və dövlət katibi Mayk Pompeo tərəfindən veriləcəyi bildirilir.

Ötən gün ABŞ prezidenti Donald Tramp Floridada Mar-a-Lago iqamətgahında jurnalistlərə açıqlamasında deyib ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı jurnalist Camal Qaşıqçı cinayətində ittiham etmək üçün kifayət qədər dəlil yoxdur.

Şahzadənin Qaşıqçı cinayəti barədə əvvəldən məlumat sahibi olduğu yönündə iddiaları qəti şəkildə rədd etdiyini dilə gətirən Tramp özünün mövqeyinin “bəlkə bilirdi, bəlkə də bilmirdi” şəklində olduğunu xatırladıb.

“The Hill” nəşrinin adının açıqlamadığı mənbələrə istinadən yazdığına görə, Səudiyyə Ərəbistanına qarşı sanksiyaların qəbulu Trampın mövqeyi ilə əlaqədar çətin olsa da, Senatın respublikaçılar qanadında Məhəmməd bin Səlmana qarşı sanksiyaların tətbiq olunması düşüncəsi ağır gəlir.

Daha əvvəl “Middle East Eye” saytında dərc olunan məqalədə bildirilirdi ki, ABŞ prezidenti Donald Tramp Camal Qaşıqçı cinayətindən sıyrılması üçün Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı 450 milyard dollarlıq sərmayəyə razı salmağa çalışır.

Xatırladaq ki, bir neçə gün əvvəl MKİ-dəki mənbəyə istinadən “Vaşinqton Post” nəşrinin yazdığına görə, MKİ Qaşıqçının ölüm əmrinin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman tərəfindən verildiyi qənaətinə gəlib.

Daha əvvəl isə Səudiyyə Ərəbistanının Baş Prokurorluğu Qaşıqçının cəsədinin parçalanaraq İstanbuldakı baş konsulluqdan çıxarıldığını etiraf edib. Açıqlamada Qaşıqçının ölümündə boğulmanın və öldürücü dozada verilən dərmanın təsiri olduğunu bildirib.

Prokurorun açıqlamasına görə, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın məsləhətçisi Səud əl Kahtaniyə Qaşıqçını ölkəyə geri qaytarmaq əmri verilib. Ölkəyə geri qaytarılması təmin olunmadıqda isə öldürülüb. Ölüm əmrini İstanbula göndərilən komandanın başçısı verib. Kahtaninin ölkədən çıxışı qadağan edilib.

Cinayətdə adları çəkilən 11 şübhəlidən 5-nin edam edilməsi tələb olunub.

Xatırladaq ki, Qaşıqçı oktyabrın 2-də öldürülüb.






Fikirlər