2018-ci İL DƏ Qarabağ ÜÇÜN İTİRİLDİ - ŞƏRH

2018-ci ilin son ayının son günlərindəyik. Bu il ərzində ölkədə bir çox sahədə yeniliklər oldu. Bəs görəsən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hansı irəliləyişlər oldu?
Məsələ ilə bağlı Modern.az-a danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki,  bu il də Qarabağ münaqişəsinin həllində irəliləyiş əldə olunmadı:

“Danışıqlar yerində sayır. Həmsədrlər Ermənistana təsir etmədilər. Bu il sadəcə yenilik ondan ibarət oldu ki, 20 ildir Ermənistanda hakimiyyətdə olan “Qarabağ klanı” hakimiyyətdən uzaqlaşdırıldı və son parlament seçkilərinin nəticələrinə görə, hətta müxalifətdə də yer ala bilmədi. Bunu haradasa müsbət hadisə adlandırmaq olar. Torpaqlarımızın işğalında birbaşa bu klanın əli olub. İndi Ermənistanda hakimiyyətə yeni bir şəxs gəlib. O da yeni açıqlama verməyib. Amma fərq ondadır ki, bu siyasətçi Ermənistan doğumludur, torpaqların işğalında bilavasitə iştirak etməyib. 5 ay əvvəl hakimiyyətə gələn Nikol Paşinyan 5 ayı boşuna verdi, çünki Paşinyan bu müddət ərzində Qarabağ münaqişəsi ilə bağlı heç bir addım atmadı. Beləcə ili yekunlaşdırdıq”.

Prezident katibliyinin keçmiş rəhbəri, politoloq Eldar Namazov isə bildirib ki, bizim üçün vacib olan, konkret real nəticədir. Nəticə əldə edilməyənə, torpaqlarımız işğaldan azad olunmayana qədər hər ili itirilmiş il kimi qiymətləndirəcəyik:
“2018-ci ildə Ermənistanda baş vermiş çevriliş gələcəkdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm rol oynaya bilər. Ermənistandakı yeni hakimiyyət “İrəvan klanı” adlanan qrupdur. Bu klanın “Qarabağ klanı”nı devirməsi Ermənistanın daxilindəki qarşıdurmaları artırdı.

Dağlıq Qarabağdakı qondarma qurumun rəhbərliyi ilə İrəvan arasında ciddi qarşıdurma mövcuddur və bu, daha da güclənir. Son günlər İrəvanın təzyiqi ilə Xankəndində bir çox vəzifəli şəxslər istefaya getməyə məcbur oldular. Çünki onlar seçki prosesində Nikol Paşinyanı tənqid etdilər, hakimiyyətə gəlməyinə qarşı çıxdılar. Daxildəki mərkəzdənqaçma prosesləri düşməni zəiflədir. Eyni zamanda Azərbaycanla qarşıdurmada da Ermənistanı həm siyasi, həm də iqtisadi cəhətdən zəiflədir. Bununla yanaşı, yeni hakimiyyət ümumi müttəfiq ölkələrlə də dil tapa bilmir. Xüsusilə, Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzvləri ilə soyuqluq o dərəcəyə çatıb ki, təşkilatın üzvləri Paşinyana heç bir təbrik məktubu göndərmədilər.

Hesab edirəm ki, 2018-ci il torpaqlarımızı işğal edən işğalçı dövlətin ciddi zəifləməsi və daxilində dağıdıcı proseslərin başlanması ili kimi yadda qaldı. Bu proses 2019-cu ildə davam edəcək. Ola bilsin, gələn il daha vacib nəticələri görəcəyik”. 
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov da danışıqların heç bir nəticə vermədiyini xatırladıb. Onun sözlərinə görə, müharibə təhlükəsi yüksək olaraq qalır:

“Münaqişənin həlli istiqamətində real dnışıqlar olmadığına görə, müharibə təhlükəsi çox real görünür.

Ermənistanda vəziyyət dəyişib. Buna bağlı olaraq, bütün Cənubi Qafqazda geopolitik vəziyyət dəyişməyə başlayıb. Əsas məsələ, Ermənistanda Rusiyanın nüfuzu azalıb. Ona görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansısa fərqli addımları gözləmək olar. Gələn il üçün danışıqlarla bağlı olmayan proseslər baş verə bilər”.






Fikirlər