Baydenin “ümidləri” Qafqaza təhlükədir: Bakı Ağ Evi “sevindirmək” niyyətində deyil

Baydenin “ümidləri” Qafqaza təhlükədir: Bakı Ağ Evi “sevindirmək” niyyətində deyil

Azərbaycan öz milli maraqlarını ABŞ-ın Cənubi Qafqazdakı hədəflərinə uyğunlaşdırmaq məcburiyyətində deyil, Ağ Ev dəstəklədiyi Ermənistana beynəlxalq hüquq normalarını təlqin etməyincə, planları boşa çıxmaqda davam edəcək... Əgər, Ağ Ev bu regionda ABŞ-ın maraqlarını düşünürsə, onda ilk növbədə ermənipərəstlikdən uzaqlaşmalıdır və rəsmi Bakı ilə təzyiq deyil, məhz qarşılıqlı anlaşma prinsiplərinə uyğun münasibətlər qurmağa çalışmalıdır...
Cənubi Qafqaz dünya nəhəngləri arasında artıq “nifaq alması”na çevrilmiş kimi görünür. Bu regionda geopolitik oyunçuya çevrilmək üçün ABŞ, Avropa Birliyi və Fransa son vaxtlar Cənubi Qafqazda cərəyan edən proseslərə daha aktiv müdaxilə etməyə çalışır. ABŞ və Qərb Rusiyanı bu regiondan sıxışdırıb, çıxartmaq üçün bütün təzyiq mexanizmlərindən istifadə edir. ABŞ, Avropa Birliyi və Fransanın regional maraqlarında da kəskin ziddiyyətlər mövcud olsa da, hələlik Rusiyaya qarşı ortaq mövqedən çıxış etməyə cəhd göstərirlər. Və bu məsələdə Ermənistandan “geopolitik alət” kimi istifadə edirlər.

Onu da qeyd etmək lazımdır ki, ABŞ və Qərb Ermənistan üzərindən Rusiyaya qarşı geopolitik savaş açsa da, bu qarşıdurmanın yekun nəticələri məhz Azərbaycanın mövqeyindən asılıdır. Çünki Cənubi Qafqazda şəriksiz geopolitik iradə mərkəzi funksiyaları hazırda rəsmı Bakının əlində cəmləşib. Ona görə də, həm ABŞ və Qərb, həm də Rusiya Cənubi Qafqazda öz hədəfləri üzərindən manevr etmək üçün Azərbaycanın verəcəyi reaksiyanı mütləq nəzərə almaq məcburiyyətindədir. Və bu reallıq hər iki tərəfi rəsmi Bakının dəstəyini qazanmaq məcburiyyətində də buraxır.

Son bir neçə il ərzində baş verənlər onu göstərir ki, Kremldə Azərbaycanın Cənubi Qafqazda hegemon mövqeyi ilə artıq barışmağa başlayıblar. Ona görə də, Rusiya rəsmi dairələri Azərbaycanla anlaşma variantını həmişə ön planda tutmağa üstünlük verir. İki dövlət arasında ziddiyyət yarada biləcək problemlərin qabardılmasından mümkün qədər yayınmağa çalışır. Və bu səbəbdən də, rəsmi Bakının Kremllə olduqca qəliz görünən bəzi regional problemlər üzərində anlaşma əldə etməsi qətiyyən çətinlik törətməyib.

77a8a08fa6a5dff1f0e83379a22b7a23.jpg (417 KB)

Ancaq eyni prosesi ABŞ, Avropa Birliyi və Fransaya aid etmək qətiyyən mümkün deyil. Belə ki, ABŞ və Qərb hələlik Azərbaycanla imkan daxilində təzyiqlər vasitəsilə münasibətlər qurmağa cəhd göstərir. Qərbdə çox yanlış olaraq, belə qənaətə gəliblər ki, Azərbaycanla anlaşmaq deyil, onu geopolitik güzəştlərə məcbur etmək lazımdır. Üstəlik, ABŞ və Qərb yenə də çox böyük səhvə yol verərək, Azərbaycana qarşı təzyiq kampaniyasını məhz Ermənistana istinadla yönəltməyə üstünlük verir. Və nəticədə rəsmi Bakının sərt müqaviməti ilə üzləşməli olur.

Məsələ ondadır ki, ABŞ və Qərb Azərbaycanla münasibətlərdə Ermənistana tam dəstək verdiyini artıq qətiyyən gizlədə bilmir. Əksinə, hər imkanda rəsmi İrəvanın böhtan xarakterli, reallıqdan uzaq və absurd iddialarla yüklənmiş narrativlərini ön plana çıxarır. Nəticədə Qərb siyasi dairələri rəsmi Bakı ilə anlaşmaq şanslarından uzaq qalır. Və Cənubi Qafqazda Azərbaycan kimi prinsipial geopolitik rəqibin qətiyyətli müqavimət potensialı ilə qarşı-qarşıya qalmış olur.

Maraqlıdır ki, Ağ Ev sahibi Co Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda da müəyyən ziddiyyətli məqamlar qabarıq şəkildə nəzərə çarpır. ABŞ prezidenti həmin məktubda vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına xidmət edəcək sülh sazişinin yekunlaşdırılması istiqamətində iki ölkənin əldə etdiyi davamlı tərəqqidən məmnundur: “Sizi əmin etmək istəyirəm ki, ABŞ əsrlər boyu davam edən münaqişəyə nəhayət, son qoyacaq Azərbaycan ilə Ermənistan arasında dayanıqlı və ləyaqətli sülhün əldə edilməsinə dəstək verməyə hazırdır”.

1528745391_4e61f958d4a76fb410b67ebb35ebd14c.jpg (420 KB)

İlk baxışdan, Ağ Ev sahibinin məktubu pozitiv və sülhpərvər məzmun daşımış kimi görünür. Ancaq prezident Co Baydenin bu dedikləri ilə Ağ Evin davranışları arasında kəskin ziddiyyətlərin olduğunu nəzərə aldıqda, situasiya ciddi şəkildə tünd rənglər almış olur. Çünki “sülh prosesi ilə bağlı tərəqqidən məmnun olan və dayanıqlı sülhün əldə edilməsinə dəstək vəd edən” Ağ Ev sahibi son vaxtlar ABŞ-ın Azərbaycana qarşı erməni narrativləri ilə yüklənmiş təzyiq cəhdlərinin, xüsusilə də, 907-ci düzəlişin hüquqi qüvvəsinin bərpa olunmasının əsl səbəblərini izah etməyi nədənsə, unudub. Və “sülhə dəstək verən” ABŞ-ın ermənipərəst davranışları hər halda, istər-istəməz müəyyən suallar doğurur.

Digər tərəfdən, prezident Co Bayden vurğulayıb ki, Azərbaycan lideri İlham Əliyev dünyanın diqqəti COP29 ilə bağlı Bakıya yönəldiyi bir vaxtda qlobal ictimaiyyətə sülhə sadiqliyini nümayiş etdirmək üçün misilsiz imkana malikdir: “Bildiyiniz kimi, sülh sazişinin razılaşdırılmamış bəndlərinə dair işin yekunlaşdırılması hər iki tərəfdən kreativlik və güzəşt tələb edəcək. Lakin əminəm ki, bu imkandan yararlanmağa davam edəcəksiniz. Mən Sizi cari ildə sazişi yekunlaşdırmağa dəvət edirəm”.

Təbii ki, Ağ Ev sahibi yenə də qeyri-müəyyən mövqedən çıxış etməyə üstünlük verir. Əks halda, Ermənistana beynəlxalq hüquq normaları çərçivəsində beş baza prinsipinə bağlı yekun sülh sazişinin imzalanması təklifinin müəllifinin məhz Azərbaycan Prezidenti İlham Əliev olduğunu da “unutmazdı”. Öz məktubunda Azərbaycan liderinin sülhə sadiq olduğunu artıq dəfələrlə nümayiş etdirdiyini vurğulayardı. Üstəlik, onu da nəzərə alardı ki, yekun sülh sazişinin mətni üzərində işin yekunlaşdırılmasında kreativliyə və güzətlərə deyil, məhz ədalətə və beynəlxalq hüquq normalarına istinad həlledici önəm daşıyır. Və bu məsələdə məhz ABŞ-ın himayəsində olan Ermənistan qeyri-konstruktiv, hətta pozucu mövqe tutur.

sulh-muqavile.jpg (293 KB)

Nəhayət, Ağ Ev sahibinin Azərbaycan liderini cari ilin sonuna qədər yekun sülh sazişi üzərində işi başa çatdırmağa dəvət etməsi də mövcud situasiyadan yayınmaq cəhdi təsiri bağışlayır. Belə ki, yekun sülh sazişinin tam mətninin razılaşdırılması qarşısındakı əsas əngəl məhz ABŞ-ın öz dəstəyi ilə revanşizmə cəsarətləndirdiyi Ermənistanın siyasi manipulyasiyalarıdır. Çünki rəsmi İrəvan həm sülh sazişinin bəzi bəndləri ilə bağlı müzakirələri qəlizləşdirir, həm də Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını aradan qaldırmaq istəmir. Və belə vəziyyətdə Ağ Ev sahibinin bu ilin sonuna qədər sülh sazişinin imzalanmasına “ümid bəsləməsi” olduqca şübhəli məqamdır.

Çünki əgər, Ağ Ev sahibi həqiqətən də bu ilin sonuna qədər sülh sazişinin imzalanmasında maraqlıdırsa, onda ABŞ-ın dəstəklədiyi Ermənistana beynəlxalq hüquq normalarının çərçivəsi daxilində davranmağın vacibliyini təlqin etməlidir. Halbuki, ABŞ prezidenti deyəsən, özünün belə əziyyətə salmaq barədə hələlik düşünmür. Belə situasiyadasa, Ağ Evin Cənubi Qafqazda sülh sazişinin Ermənistanın maraqlarına uyğun şərtlər daxilində imzalanmasına cəhd göstərdiyini düşünmək üçün ciddi əsaslar yaranır. Və Ağ Evin rəsmi Bakıya müxtəlif bəhanələrlə, hətta COP29 səbəbiylə təzyiq göstərməyə çalışdığı anlaşılır.

Ancaq rəsmi Bakının öz prinsipial mövqeyindən geri çəkiləcəyinə hazırda yalnız sadəlövhlər inana bilər. Azərbaycan öz milli maraqlarını ABŞ-ın Cənubi Qafqazdakı hədəflərinə uyğunlaşdırmaq məcburiyyətində deyil. Əgər, Ağ Ev Cənubi Qafqazda maraqlarının pozitiv nəticələr qazanmasını istəyirsə, neytral mövqe tutmalıdır, ədalətli olmalıdır və ermənipərəst yanaşma tərzindən dərhal uzaqlaşmalıdır. Və rəsmi Bakı ilə təzyiq metodları deyil, məhz qarşılıqlı anlaşma prinsiplərinə uyğun münasibətlər qurmağa çalışmalıdır.(musavat.com)






Fikirlər