HÖKUMƏ ƏLİYEVANIN AİLƏSİNƏ VERİLƏN PUL OĞURLANDI - Atasından açıqlama
AZAL-ın Rusiya ərazisində vurulan təyyarəsində həlak olan stüardessa, Milli Qəhrəman Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı olub. Bu barədə "ölkə.az"-a danışan H.Əliyevanın atası Cəlil Əliyev faktı təsdiqləyib. O bildirib ki, hadisə ötən gün axşam saatlarında baş verib. C.Əliyevin sözlərinə görə, pulu oğurlayan şəxslər onu "Kapitalbank"ın əməkdaşı olduğunu deyərək aldadıb: "Telefonla zəng edərək dedilər ki, sizin şifrənizi, kartınızı Elmir Həsənov adında biri göndərib. Kartdan ümumilikdə 80 507 manat pul çəkilib. Bildirdilər ki, "Kapitalbank"ın işçisiyik. Dedilər banka yaxınlaşana qədər kartınızdakı pulu çəkəcəklər". C.Əliyev artıq məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin qaynar xəttinə zəng edərək məlumat verib. Milli Qəhrəmanın atası deyib ki, kartdan oğurlanan vəsait H.Əliyevanın vəfatına görə ödənilən sığorta pulu və 40 min manat kompensasiya məbləğindən qalan pul olub. Xatırladaq ki, dekabrın 25-də AZAL aviiaşirkətinə məxsus Bakı-Qroznı reysi ilə uçan "Embraer 190" tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 nəfər ekipaj üzvü də daxil 67 nəfər (42 Azərbaycan, 16 Rusiya, 6 Qazaxıstan və 3 Qırğızıstan vətəndaşı) olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb. Təyyarənin hər iki pilotu və bir stüardessası da həlak olub. Prezident İlham Əliyevin sərəncamı ilə həlak olan ekipaj üzvləri - İqor Kşnyakin, Aleksandr Kalyaninov, Hökumə Əliyevaya ölümlərindən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.