AZAL-ın SƏRNİŞİN TƏYYARƏSİ QƏZAYA UĞRADI - Həlak olanların son sayı açıqlandı + VİDEOLAR (Yenilənir)
Aktau yaxınlığında AZAL-ın təyyarəsinin qəzaya uğraması nəticəsində 38 nəfər ölüb. Bu barədə Tengrinews.kz Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayevə istinadən məlumat yayıb. Hazırda Aktauda olan Baş nazirin müavini Kanat Bozumbayev sərnişin təyyarəsinin qəzaya uğramasının təfərrüatlarını açıqlayıb. Baş nazirin müavininin sözlərinə görə, hazırda 38 nəfərin öldüyü məlumdur. Baş nazirin müavini yanmış meyitlərin tanınmaz halda olduqlarını, onların morqa aparılacağını və şəxsiyyətlərinin müəyyənləşdiriləcəyini qeyd edib. Bozumbayev onu da bildirib ki, 29 nəfər, o cümlədən iki uşaq qəza nəticəsində xəsarət alıb, yaralılardan 11-nin vəziyyəti ağır, yerdə qalanların isə vəziyyəti orta-ağır qiymətləndirilir. Baş nazirin müavini onu da bildirib ki, sağ qalanlar arasında Qazaxıstan vətəndaşları yoxdur: “Orda hələlik bir qadın var ki, huşu özündə olmadığından onun şəxsiyyətini müəyyən etmək mümkün deyil. Sənədləri də yoxdur, o, xəstəxanadadır”. *** Qazaxıstanın Mangistau vilayətinin Səhiyyə İdarəsinin məlumatına görə, qəzadan ən azı 29 nəfər sağ qurtulub. AZAL-a məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması zamanı 5 ekipaj üzvündən iki nəfər sağ qalıb. Pilotların hər ikisi həlak olub. Bu barədə Rusiya nəşrləri məlumat yayıb. AZAL ekipaj üzvlərinin adlarını açıqlayıb: 1. Kşnyakin İqor 2. Kalyaninov Aleksandr 3. Əliyeva Hökumə 4. Əsədov Zülfüqar 5. Rəhimli Aydan *** Qazaxıstan Səhiyyə Nazirliyinin son məlumatına görə, qəzada 14 nəfər sağ qalıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan beşinin vəziyyəti ağırdır. *** "Göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub". Bu barədə AZAL-dan bildirilib. Qeyd olunub ki, sərnişinlər arasında uşaqlar olmayıb, zərərçəkənlər barədə məlumat tezliklə təqdim ediləcək. Məlumata görə sağ qalanlar var, onlara ilkin tibbi yardım göstərilir. Qazaxıstan tərəfi ilə təmaslar həyata keçirilir və hadisə yerində Qazaxıstanın fövqəladə xilasetmə qurumları tərəfindən lazımi operativ zəruri dəstək göstərilir. Qeyd edək ki, “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. *** “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin olduğu bildirilib. Bu barədə məlumatı Qazaxıstanın Səhiyyə Nazirliyi yayıb. Bildirilib ki, qəza zamanı 6 nəfər sağ qalıb. Xatırladaq ki, ilkin məlumata görə, təyyarədə 67 sərnişin, 5 ekipaj üzvü olub. *** “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. Qazaxıstanın Aktau şəhəri yaxınlığında təyyarənin qəzaya uğradığı yerdə yanğının söndürülməsi üçün 52 yanğınsöndürən və 11 texnika cəlb olunub. Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi bildirib. Fövqəladə Hallar Nazirliyinin (FHN) fəaliyyət göstərdiyi Komanda Mərkəzində respublika operativ qərargah yaradılıb. Məlumata görə, qəza nəticəsində 10 nəfər sağ qalıb. *** AzAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarə Xəzər dənizi üzərində “SOS” siqnalı verib. Daha sonra məcburi eniş etmək üçün Qazaxıstana istiqamət alan təyyarə Aktau aeroportunda qəzaya uğrayıb. İlkin məlumata görə, təyyarədə 67 sərnişin, 5 ekipaj üzvü olub. AZAL-dan verilən açıqlamaya görə, “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. İlkin məlumata görə hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub. Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.