AZƏRBAYCAN, RUSİYA və İRAN qazı ətrafında rəqabət sərtləşir – “BÖYÜK OYUN” başlayıb

Azərbaycan, Rusiya və İran qazı ətrafında rəqabət sərtləşir – “böyük oyun” başlayıb

Kaladzenin qəfil Bakı ziyarətinin və Gürcüstan prezidentinin “Qazprom” xəbərdarlığının əsil mahiyyəti; Ərdoğanın Bakı səfərində də qaz mərkəzi mövzulardan olacaq; Ermənistan isə sanksiyalardan qurtulmuş İranın təbii qazı ilə Kremli şantaj etməyə çalışır... 

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakı səfərinə 10 gün qaldı. Rəsmi məlumata görə, səfər çərçivəsində iki ölkə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti toplantısı keçiriləcək. Digər detallar haqda bilgi verilməsə də, analitiklərə görə, Ərdoğan həmkarı İlham Əliyevlə görüşdə Azərbaycan qazı və TANAP-ın inşasının sürətləndirilməsi, həmçinin, Rusiya qazından asılılığın tədricən azaldılması yollarını da müzakirə edəcək. 
 
Xatırladaq ki, baş nazir Əhməd Davudoğlunun ötən ilin sonunda - Rusiya təyyarəsi ilə bağlı insidentdən az sonra Bakıya etdiyi ziyarətində də bu məsələlər önə çəkilmişdi. O zaman prezident İlham Əliyev qardaş ölkəyə dəstək olaraq, “Türkiyə harada, biz də orada, biz həmişə bütün məsələlərdə bir-birimizi dəstəkləyəcəyik”, bəyanatını səsləndirərək, rəsmi Ankara ilə həmrəylik nümayiş etdirmişdi...
 
***
Maraqlıdır ki, az sonra Azərbaycan prezidentinin özünün Gürcüstan səfəri planlaşdırılır. Təhlilçilər bu səfərdə də strateji hədəflər qismində Cənub Qaz Dəhlizinin mühüm hissəsi kimi TANAP-ın inşasının sürətləndirilməsi, habelə Gürcüstanın qaza artan tələbatının ödənməsinin yolları ətrafında məsələlərin olacağını güman edirlər. Böyük ehtimalla, ötən həftə Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladzenin qəfil Bakı səfəri də öncəliklə elə sadalanan məsələlərə həsr olunub. Bunu Kaladzenin son açıqlaması bir daha təsdiqləyir.
 “Hazırda danışıqlar çox aktiv fazadadır. Lakin hələlik anlaşma əldə edilməyib. Danışıqlar müsbət nəticələnərsə, o zaman Gürcüstana Rusiyadan əlavə mavi yanacaq lazım olmayacaq. Söhbət 300-400 milyon kubmetr qazdan gedir”, - deyə gürcü nazir Bakı görüşünün detallarından danışarkən vurğulayıb və faktiki surətdə, Rusiya qazı məsələsinin tədricən arxa plana keçdiyinə işarə vurub. 
Diqqətçəkici daha bir detal odur ki, Kaladze Bakıda ikən Gürcüstan prezidenti Georgi Marqvelaşvili “Qazprom”latəbii qazla bağlı danışıqlar aparan hökumətə xəbərdarlıq edib. “Gürcüstan hökumətinin Rusiyanın ”Qazprom" şirkəti ilə apardığı danışıqların bir çərçivəsi olmalıdır və bu çərçivədən kənara çıxmaq olmaz", - deyə prezident söyləyib.
Sitat: “Qazprom” mövzusu yalnız iqtisadiyyat və energetika ilə məhdudlaşmır. Burada təhlükəsizlik, xarici siyasət, geosiyasət kimi məsələlər də var. Məhz buna görə ali hakimiyyət orqanları “Qazprom”la aparılan danışıqlarda vahid bir çərçivə cızmalı və bu çərçivədən kənara çıxmamalıdır".
***
Bir daha yada salaq ki, Gürcüstanın əsas qaz təchizatçısı Azərbaycandır. Bundan əlavə, Gürcüstanda istehlak olunan qazın 12%-ni Rusiya nəql edir. Bu - Gürcüstan üzərindən Rusiyadan Ermənistana nəql olunan mavi yanacağa görə tranzit haqqı kimi alınan qazdır.
Tiflis hökuməti Rusiya tərəfinin nəql etdiyi təbii qazın həcmini artırmaq üçün neçə vaxtdır “Qazprom”la da danışıqlar aparırdı. Gürcüstan müxalifəti və toplumu isə buna qarşıdır. Müxalifətə görə, bu, Gürcüstanın enerji təhlükəsizliyinə təhdiddir. Bu yerdə xatırladaq ki, 2007-ci ilin qışında Gürcüstan Rusiyadan güclü qaz asılılığında olarkən Moskva qazın nəqlini dayandıraraq, ölkəni təhdid eləmişdi. O zaman köməyə məhz Azərbaycan gəlmişdi. 
Bəzi iddialara görə, rəsmi Tiflisin “Qazprom”la aylardır davam edən müəmmalı qaz danışıqlarının arxasında Rusiya qazının həcmini artırmaqdan daha çox, elə Azərbaycan qazının qiymətinin aşağı salınmasına nail olmaq istəyi dayanır. Yəni bir növ incə şantaj məsələsi. Hər halda zaman bu məsələyə də aydınlıq gətirəcək...   
*** 
Qaz məsələsi işğalçı Ermənistanla Rusiya arasında da zaman-zaman çəkişmə mövzusu olub. Məlumatlara görə, İrəvan təzəlikcə Rusiyanı beynəlxalq sanksiyalardan qurtulan və əl-qolu xeyli açılan digər müttəfiqi - İranla şantaj etməyə başlayıb. Belə ki, Ermənistan baş naziri Ovik Abramyan yeni “geosiyasi situasiya”ya işarə edərək deyib ki, onun ölkəsi əhalinin və biznesin üzərindən yükü azaltmaq üçün təbii qazın qiymətini aşağı salmağa Rusiyanı inandıracağına ümid edir. 
“Hesab edirəm ki, beynəlxalq iqtisadiyyatdakı mövcud situasiyadan və geosiyasi proseslərin inkişafından irəli gələrək təkcə qazın ucuzlaşdırılması zərurəti yaranmır, eyni zamanda, bunun üçün imkan da meydana çıxır” - baş nazir deyib. Bununla belə, Abramyan Rusiyanın qazı nə qədər ucuzlaşdırmalı olduğunu söyləməyib.
Xatırladaq ki, az öncə erməni iş adamları baş nazirə müraciət edərək Rusiyaya qazın qiymətini aşağı salmaq üçün müraciət etməyə çağırıblar. Onlar həmçinin “Qazprom”la hesablaşmanın milli valyuta ilə - dramla aparılmasını istəyirlər. Məlumat üçün onu da bildirək ki, hazırda “Qazprom” Ermənistana qazın min kubmetrini 165 dollara satır. 
Rusiya şirkəti Gürcüstanla Ermənistana qaz tranzitinin artırılmasına, habelə deyildiyi kimi, Tiflisin özünə qaz satışına dair danışıqlar aparmaqdadır. Analitiklərə görə, qaz həcmini artırmaq Rusiya şirkətinin özünə lazımdır. Çünki Ermənistandakı Razdan İstilik Elektrik Stansiyası (İES) qazla işləyir və bu İES Rusiyanın mülkiyyətindədir.
Göründüyü kimi, Ermənistan baş naziri bu dəfə Rusiyanı “geosiyasi vəziyyətin dəyişməsi” motivi ilə güzəştə razı salmağa çalışır. Geosiyasi vəziyyətin dəyişməsi dedikdə isə, əlbəttə ki, İrana qarşı sanksiyaların ləğvinə işarə edilir. Bəllidir ki, beynəlxalq sanksiyaların götürülməsindən sonra Tehran Gürcüstanla qaz nəqlinə dair danışıqlara başlayıb, həmçinin, Ermənistan üzərindən üçüncü ölkələrə qaz ötürülməsi ideyası var. 
Qısası, Ermənistan baş naziri bununla eyham vurur ki, Rusiya qiyməti aşağı salmasa, onun ölkəsi İrandan qaz təchizatını artırmaq barədə fikirləşə bilər. Lakin bunun mümkünlüyü sual doğurur. Çünki İrandan Ermənistana qaz nəql edən yeganə kəmər “Qazprom-Armeniya” şirkətinin mülkiyyətindədir...
*** 
Beləcə, qaz amili İran üzərindən sanksiyaların qaldırılması və kəskinləşən Ankara-Moskva münasibətləri fonunda bölgədə sırf iqtisadi, energetik faktor olmaqdan çıxaraq, sürətlə aparıcı geosiyasi amilə çevrilməkdədir - istər qardaş Türkiyə və Bakı-Ankara, Ankara-Moskva münasibətləri üçün olsun, istər Gürcüstan üçün və Tiflis-Moskva, Tiflis-Bakı münasibətləri üçün, istərsə də işğalçı Ermənistan və İrəvan-Kreml münasibətləri üçün.
Proseslərin kulminasiya nöqtəsi isə yəqin ki, qabaqdadır. İstisna deyil ki, tezliklə Kremlin qaz ölkələrinə qarşı yeni şantajlarının və hiyləgər sövdələşmə təkliflərinin şahidi olacağıq. Bir şey dəqiqdir ki, qaz faktoru və yeni qaz layihələri Güney Qafqazın geosiyasi şəkillənməsi və təzədən “format” edilməsində həlledici sözünü hələ deməyib. 
 
Bu faktordan ən çox o dövlət(lər) maksimum qazanc götürəcək ki, daha çevik və daha ağıllı siyasət yürüdə biləcək. Təbii ki, Qərb amilini də hesaba almaqla. 

 






Fikirlər