“Mən pulumu ELDAR MAHMUDOVDAN tələb edirəm...”

“Mən pulumu Eldar Mahmudovdan tələb edirəm...”

Bu gün həbsdə olan MTN polkovniki Vüsal Ələkbərovun apelyasiya məhkəməsi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Qədim Babayevin icraatında olan prosesdə zərərçəkən Bahəddin Sultanov ifadə verərək V.Ələkbərovdan şikayətçi olmadığını deyib: “Mən 350 min dollar pulu xidməti otağında Mövlan Şıxəliyevə vermişəm. Vüsal Ələkbərovun bir günahı yoxdu. O sadəcə veriləm əmrləri icra edib. Mən pulumu Eldar Mahmudov və Mövlan Şıxəliyevdən tələb edirəm”.

Proses yanvarın 18-də davam etdiriləcək.

B.Sultanov isə polkovnik V.Ələkbərova 370 min dollar rüşvət verdiyi üçün zərərçəkmiş hesab edilib. Onun oğlu İntiqam Sultanov “Texnika Bank”ın Bakı filialında işləyərkən 500 min manat krediti saxta sənədlərlə rəsmiləşdirdiyi üçün MTN tərəfindən saxlanılıb. B.Sultanov oğlunun həbsdən buraxılması üçün V.Ələkbərovun tələbi ilə ona 370 min dollar verib. Daha sonra İ.Sultanov ev dustaqlığına buraxılıb.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə V.Ələkbərov 12 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə həmçinin polkovnikin rütbəsinin əlindən alınması barədə xüsusi qərardad çıxarıb. 

İttihama görə, təqsirləndirilən şəxs iş adamlarını MTN-ə gətirib, hədə-qorxu yolu ilə sahibkarların külli miqdarda pulunu ələ keçirib.

Qeyd edək ki, B.Sultanov özü də dələduzluqda təqsirləndirilir. Hazırda onun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinə baxılır. Dövlət ittihamçısı çıxışında B.Sultanovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.






Fikirlər