Nazirlik BMT İLƏ fəaliyyət planı imzaladı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin Uşaq Fondu (UNİCEF) arasında 2016-2020-ci illərə dair Əməkdaşlıq Proqramı çərçivəsində “2016-2017-ci illər üçün Uşaq Müdafiəsi və Sosial Müdafiəyə dair Dövri Fəaliyyət Planı” imzalanıb. “Qafqazinfo” xəbər verir ki, Səlim Müslümov ölkəmizdə sosial təminat sistemi sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları, müharibə əlillərinin və onlara bərabər tutulanların, şəhid ailələrinin, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarını, aztəminatlı ailələrdəki 1 yaşınadək uşaqları, beşdən çox uşağı olan qadınların uşaqlarını və müvafiq təbəqələrdən olan digər uşaqları da əhatə edir. Nazirliyin sosial sifarişləri əsasında 1500-dən çox uşağa və ailələrinə reabilitasiya yönümlü sosial xidmətlər göstərildiyini qeyd edən S.Müslümov bu əməkdaşlığın davamı kimi, “Uşaq qayğı sistemində islahatlar” layihəsi çərçivəsində 2014-2015-ci illər üzrə İş Planı icra edilib. Plana əsasən, UNİCEF tərəfindən sosial iş, sosial müdafiə və uşaq qayğı sistemi üzrə milli potensialın inkişafına, bu sistemdə çalışanların öz sahələri üzrə qabaqcıl təcrübə ilə tanışlığı üçün Türkiyəyə təcrübə səfərinə dəstək göstərilib, müvafiq işçi heyətinin planlaşdırma və monitorinq, qiymətləndirmə üzrə bacarıqlarının artırılması üçün təlim keçirilib. Proqramın digər tərəfdaşının da Təhsil Nazirliyi olduğunu qeyd edən S.Müslümov sənədin çətin həyat şəraitində olan uşaqların reabilitasiya yönümlü sosial xidmətlərlə təminat şəraitində təhsil xidmətlərindən yararlanmaq imkanlarının artırılmasında da mühüm rol oynayacağını bildirib. UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Andro Şilakadze Azərbaycanın uşaqların müdafiəsi sahəsində uğurlu iş təcrübəsini qeyd edib, ölkədə uşaqların rifahının dəstəklənməsi, çətin həyat şəraitində olan uşaqların sosial xidmətlərlə əhatə edilməsi üçün məqsədyönlü fəaliyyətin həyata keçirildiyini bildirib. AzerTaym.az