KEÇMİŞ NAZİR UZUN İLLƏRDƏN SONRA ÜZƏ ÇIXDI – Fikrət Yusifov aktiv fəaliyyətə başlayıb (Fotolar)

KEÇMİŞ NAZİR UZUN İLLƏRDƏN SONRA ÜZƏ ÇIXDI – Fikrət Yusifov aktiv fəaliyyətə başlayıb (Fotolar)Fikrət Yusifov: “Mənim nazir olduğum dövrdə də çatışmazlıqlar olub, bu gün də var”

Noyabrın 26-da sabiq maliyyə naziri, hazırda “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov təsis etdiyi təşkilatın ilk mətbuat konfransını keçirdi.

Tədbirdə bu ilin oktyabrında dövlət qeydiyyatına alınan təşkilatın yaranma səbəbləri və gələcək fəaliyyəti haqda məlumat verildi.


BİAB-ın sədri qeyd etdi ki, uzun illər Rusiyanın Sankt-Peterburq şəhərində elmi-pedaqoji fəaliyyətlə məşğul olub. Keçmiş nazir bildirdi ki, bununla belə Azərbaycanda gedən xüsusən iqtisadi prosesləri diqqətlə izləyib.

F.Yusifovun sözlərinə görə, dünyanın ağır maliyyə böhranı keçirdiyi dövrdə Azərbaycan bütün sahələrdə iqtisadi sıçrayış əldə edib: “Əhalinin gəlirlərinin artması, nəhəng infrastruktur layihələrinin həyata keçirilməsi, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi yer alması danılmaz faktdır. Belə şəraitdə iqtisadçı-alim olaraq, proseslərdən kənarda qalmağım, ölkəmin hərtərəfli inkişafına dəstək vermək arzumla mütənasiblik təşkil etmirdi. Hər bir vətəndaş ölkənin rifahına çalışmalıdır, bacarıqlarını sərf etməlidir”.

F.Yusifov vurğuladı ki, BİAB-ın məqsədi Azərbaycanın iqtisadi islahatlarında bir qeyri-hökumət təşkilatı olaraq yaxından iştirak etməkdir: “Əsas işimiz bu sahədə cərəyan edən prosesləri dərindən təhlil edib, qərəzli yanaşmadan, siyasiləşdirmədən obyektiv qiymət vermək olacaq. Böyük işlər gedən yerdə nöqsanlar da olur. Biz bu nöqsanları da açıqlayacağıq. Həmçinin, hədəfimiz əsas reallığın nədən ibarət olduğunu şəffaflığı ilə vətəndaşlarımıza, eyni zamanda Avropa və Qərb dövlətlərinə göstərməkdir”.

Keçmiş nazir təşkilatın devizini də açıqladı: “Hər şeyi olduğu kimi göstərmək. Biz nöqsanları sadəcə sadalamaqla işimizi bitmiş saymaq fikrindən uzağıq. Məqsədimiz proseslərə elmi və praktiki baxımdan nüfuz etmək, konkret təkliflər verməkdir. Bu halda nəticələr daha səmərəli olar. Biz həm də media ilə sıx əlaqə quracağıq. Təşkilatımızın bir layihəsinə siz jurnalistlərlə birgə start verəcəyik”.

F.Yusifov dedi ki, bəzən gülməli təhlillər edilir: “Bir yazı oxudum. Başlıqda “Neft Fondu talan edilir” yazılmışdı. Yazının içində müəllif dörd dəfə özü-özünü təkzib edib”.

Jurnalistlərin suallarını cavablandıran təşkilat rəhbəri bildirdi ki, neftin qiymətinin dünya bazarında ucuzlaşmasına baxmayaraq Azərbaycanın rezervləri var: “Azərbaycanın imkanı var ki, bu vəziyyətdən çıxa bilsin və rezervlər var. Neft Fondunun gəlirləri investisiyalar qoyulur. İlk növbədə qeyri-neft sektorunu yaratmaq lazımdır. Bunun üçün başqa layihələr reallaşdırılmalıdır. Üç ildə hər ilə 2, 7 faiz büdcənin neftdən asılılığı azalıb. Mən bunu proqress hesab edirəm. Üç ildə büdcənin neftdən asılılığı 7, 8 faiz azalıb ki, bu da yaxşı nəticədir”.

Sabiq nazir söylədi ki, büdcə vəsaitlərinin istifadəsində hər zaman çatışmazlıqlar olub: “Mən nazir olduğum dövrdə də nöqsanlar olub, bu gün də var. Bunun tamamilə qarşısını almaq real deyil. Rusiyada olan iqtisadi prosesləri də bilirəm. İqtisadi sahədə ixtisaslaşan jurnalistlərlə də əməkdaşlıq edəcəyik”.

Maliyyə mənbələrindən danışan BİAB sədri dedi ki, hazırda ianələr hesabına təşkilat saxlanır.

F.Yusov bildirdi ki, indiki maliyyə naziri Samir Şərifov peşəkar kadrdır və işini bilir: “Biz zamanında bir yerdə işləmişik. Maliyyə Nazirliyi ilə bizim təşkilatın əməkdaşlıq etməsi ilə bağlı təkliflərimiz olacaq. Ümid edirəm ki, nazirlik bu təkliflərə müsbət yanaşacaq”.

Qeyd dək ki, F.Yusifov 1994-cü ildən 1999-cu ilə qədər maliyyə naziri vəzifəsində çalışıb.

Musavat.com


KEÇMİŞ NAZİR UZUN İLLƏRDƏN SONRA ÜZƏ ÇIXDI – Fikrət Yusifov aktiv fəaliyyətə başlayıb (Fotolar)
KEÇMİŞ NAZİR UZUN İLLƏRDƏN SONRA ÜZƏ ÇIXDI – Fikrət Yusifov aktiv fəaliyyətə başlayıb (Fotolar)






Fikirlər