Deputatların mandatına 175-ci maddə TƏHLÜKƏSİ-təfərrüat

Tahir Kərimli: “Seçki Məcəlləsinə təklif edilən əlavə konstitusiya ilə ziddiyyət təşkil edir”

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin dünən keçirilən iclasında deputatın etik davranış qaydalarını pozduğuna görə cəzalandırılması səlahiyyətinin Mərkəzi Seçki Komissiyasına (MSK) verilməsi təklifinə baxılıb. İclasda bununla bağlı Seçki Məcəlləsinə dəyişiklik layihəsi müzakirə olunub. Məcəllənin hazırkı 175-ci (Milli Məclisin deputatının mandatdan məhrum edilməsi haqqında qərarın qəbul edilməsi) maddəsinə əsasən, Konstitusiyanın 89-cu (Azərbaycan Milli Məclisi deputatlığından məhrumetmə və Milli Məclisin deputatlarının səlahiyyətlərinin itirilməsi) maddəsinin I hissəsinin 2-ci (Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə), 4-cü (dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla), 5-ci (özü imtina etdikdə) bəndlərdə göstərilən əsaslar olduqda, deputatın mandatdan məhrum edilməsi haqqında qərarı Mərkəzi Seçki Komissiyası qəbul edir. Bu əlavə qanuna daxil edildikdən sonra MSK deputatın özü səs vermədikdə, deputat həmkarının yerinə də səs verdikdə, etik davranış qaydalarını pozduqda və bəzi digər hallarda onun mandatdan məhrum edilməsi məsələsini qaldıra və Milli Məclis üzvünü cəzalandıra biləcək.

Image result for Tahir Kərimli

Deputat Tahir Kərimli “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan Respublikasının Konstitusiyasına keçənilki referendumda əlavə edildi ki, etik davranış qaydalarını pozduqda deputat mandatdan məhrum edilə bilər: “Mən o zaman da bildirmişdim ki, dünyada Azərbaycan yeganə dövlətdir ki, deputat etik davranışa görə mandatdan məhrum edilə bilər. Amma hər halda, bu məsələ ölkəmizin konstitusiyasına daxil edilib. Mən o zaman ona görə bunu istəmirdim ki, biz deputat olaraq özümüzə imtiyazlar istəyirik. Ona görə deyirdik ki, konstitusiyanın 91-ci maddəsi var. Həmin maddəyə əsasən, deputat Milli Məclisdəki fəaliyyətinə görə, səsverməyə görə, çıxışlarına görə hər hansı bir məsuliyyətə cəlb oluna bilməz. İndi Seçki Məcəlləsinə təklif edilən əlavə konstitusiyanın məhz 91-ci maddəsinin tələbi ilə ziddiyyət təşkil edir. O ki qaldı cinayət törətməyə görə cəzaya, konstitusiyada da, "Deputatlıq "Statusu haqqına" Qanunda da, digər qanunlarda da qeyd olunub ki, istənilən vəzifəli şəxs hansı cinayəti edəndə hansı qaydada məsuliyyətə cəlb olunur. Keçənilki referendumda konstitusiyaya edilən əlavə indi elə Seçki Məcəlləsinə sözügedən əlavəni etmək məsələsini gündəmə gətirib. Və beləliklə çox qəribə vəziyyət yaranıb. Digər tərəfdən, biz məsələ qaldırmışıq ki, deputat hansı etik davranış qaydasını pozanda mandatdan məhrum edilə bilər. Bunu bizim bilməyə haqqımız var axı. Etik qaydalar çoxdur axı. Yaxşı, bunu kim müəyyən edəcək? Belə çıxır ki, ya İntizam Komissiyası, ya da Məclis müəyyən edəcək ki, bu mücərrəd məsələni. Müzakirələrdə belə başa düşdüm ki, MSK məsələyə, sadəcə, prosedur qaydasında baxacaq. Bir növ MSK-ya, sadəcə, texniki məsələni həll etmək qalacaq. Yəni bu cür bir qarışıq vəziyyət yaranır”.






Fikirlər