Çovdarovun TAĞI ƏHMƏDOVA qarşı KORRUPSİYA ittihamları havada qaldı...

Hüquqşünas: “Heç olmasa ictimaiyyətə məlumat vermək üçün bu məsələlərlə bağlı araşdırma aparılmalı idi”

Milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifəsindən azad edilməsi ilə başlayan “MTN işi” əməliyyatları hələ də yekuna varmayıb. Eldar Mahmudov vəzifəsindən uzaqlaşdırıldıqdan sonra onun rəhbərlik etdiyi Milli Təhlükəsizlik Nazirliyi də ləğv edildi. Bununla yanaşı, Mahmudovun cinayət ortaqları olan yüksək çinli  MTN-çilər, o cümlədən Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov həbs edildi. Lakin bu şəxslərə, xüsusilə də Çovdarova qarşı olan məhkəmələrdə səsləndirilən ittihamlar və açığa çıxan bəzi məsələlər bu gün də məntiqi nəticəsinə varmayıb.

Onlardan biri “Bakı Metropoliteni”nin keçmiş sədri Tağı Əhmədovla bağlı ittihamlardır. Belə ki, Tağı Əhmədov iddia ərizəsi ilə məhkəməyə müraciət edib, 2014-cü ildə A. Çovdarovun hədə-qorxu gələrək ondan aldığı 3 milyon manatının həbsdəki generaldan tutularaq geri qaytarılmasını istəmişdi. Həmin ərəfədə ictimaiyyət uzun müddət Əhmədovda bu qədər pulun haradan olduğunu dartışmışdı. Tağı Əhmədov ictimaiyyətdə dolaşan bu kimi fikirlərə cavab verərək bildirmişdi ki, Çovdarova verdiyi 3 milyon vəsait onun 44 illik əmək haqqıdır...

Ötən il iyulun 12-də keçirilən prosesdə isə Çovdarov bildirmişdi ki, dövlət rəhbərliyi metropolitenin fəaliyyəti ilə bağlı ətraflı araşdırma aparılmasını tapşırmışdı:

 “Biz də apardıq. Araşdırma zamanı məlum oldu ki, metro stansiyalarında aparatlar elə qurulub ki, hər 4 jetondan biri qeydiyyatdan keçməyib. Onun pulu Tağı Əhmədovun cibinə gedib. Hər 4 jetondan birini əldə etməklə, aya 300 min manat pul mənimsəyib”.

Bundan başqa, Çovdarov məhkəmədə demişdi:

“Tağı Əhmədov burada dindiriləndə deyir ki, ildə obyektlərin icarəsindən yığılan 120 min manat pul verib dövlətə... Biz araşdıranda məlum oldu ki, metro stansiyalarının çıxışlarında 1200 obyekt var. Onlar 2007-ci ilə qədər Bakı Şəhər İcra Hakimiyyətinin balansında olub, sonradan ”Bakı Metropoliteni"nin balansına keçib. Həmin obyektlərin aylıq icarəsi 200 dollardan başlayaraq, 3 min dollara qədər olub. Yəni obyektin həcmindən, yerindən asılı olaraq onlardan 3 aylıq icarə haqqı əvvəldən alınıbmış. Yeni rəhbərlik də gələn kimi o obyektləri ləğv eləmişdi. Ona görə də adamlar pullarını tələb edirdilər. Həmin obyektlər də Tağı Əhmədovun hakim oğlu Rauf Əhmədovun yaxın dostları arasında bölüşdürülmüşdü. Tağı Əhmədov burada dindiriləndə deyir ki, ildə obyektlərin icarəsindən yığılan 120 min manat pul verib dövlətə. Əgər 1200 köşkün icarəsi 120 min edirsə, belə çıxır ki, hərəsini 8 manat 50 qəpiyə icarəyə vermişdi? Halbuki adamlardan alınmış 3 aylıq icarə pulu 5 milyondan çox idi".

Bəs bütün bu ittihamlar nə üçün araşdırılmadı? Tağı Əhmədova bu ittihamlara görə cinayət işi açıla bilərmi?

Əsabəli Mustafayev ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan hüquqşünas Əsabəli Mustafayev bildirib ki, adətən bu cür faktlar səslənən zaman araşdırma aparılmalıdır: “Əgər məhkəmə prosesində belə bir ifadə səslənibsə, məhkəmə bu barədə istintaq orqanlarına qərar çıxarıb göndərməlidir ki, epizod araşdırılsın. Məhkəmənin özünün araşdırma aparmağa ixtiyarı yoxdur. Araşdırma aparmaqla da hansısa qərar qəbul olunur. Ya cinayət işi başlanılır, ya da cinayət işinin başlanmasından imtina edilir. Mətbuatdan tanış deyiləm ki, Tağı Əhmədovla bağlı həmin epizodlar üzrə araşdırma aparılıb, yaxud da aparılmayıb. Aparılıbsa, hansı qərar qəbul olunub? Çox təəssüf ki, bu barədə ictimaiyyətə məlumat verilməyib. Düşünürəm ki, mətbuatda məsələ ilə bağlı məlumatlar yazılsa, jurnalistlər sorğu versələr, yəqin ki, Baş Prokurorluq bu barədə hansısa məlumat verər”.

Ə. Mustafayev 3 milyon məsələsi ilə bağlı bildirib ki, bu kimi məsələlərlə bağlı bir neçə məqam var:

“İstənilən halda bu, istintaq orqanı tərəfindən araşdırılmalı idi. Hər halda, şəxs 3 milyonu səbəbsiz yerə verməyib. Ya özünü qorumaq üçün aparıb, yaxud da hansısa əməl törədib və bununla bağlı rüşvət şəklində verib. Rüşvət şəklində veribsə, deməli burada, cinayət tərkibi var. Ondan tələb edib, zorla alıblarsa da bu epizod üzrə də heç kimə ittiham elan olunmayıb. Tağı Əhmədova 3 milyonun qaytarılması ilə bağlı hökmdə heç bir məlumat yoxdur, araşdırma da getmədi. Çox təəssüf ki, yüksək vəzifəli şəxslərlə bağlı bu kimi işlərdə gördüyümüz hallar təkrar olunur. Anlamıram ki, nə üçün istintaq orqanları və xüsusilə də korrupsiya idarəsi bu məsələlərlə maraqlanmayıb. Çünki burada korrupsiyanın tərkibi açıq şəkildə görünür. Tağı Əhmədovun maaşı ömrü boyu imkan vermir ki, o, 3 milyon manat qazansın və kiməsə də aparıb versin. O da mümkündür ki, Çovdarov kimlərəsə böhtan atsın. Deyirlər ki, cəhənnəmə gedən özü ilə yoldaş axtarır. Ancaq hər halda, belə epizodlar keçmiş MTN-in fəaliyyətində çox olub ki, onlar yüksək vəzifəli şəxslərdən pul tələb ediblər. Bu, həm Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, həm də deyilənlərə görə, Təhsil Nazirliyi ilə bağlı olub. Hesab edirəm ki, Tağı Əhmədovla bağlı məsələ yoxlanılmalı idi. Heç olmasa ictimaiyyətə məlumat vermək xətrinə hansısa araşdırma aparılmalı idi ki, Çovdarovun dediyi öz təsdiqini tapdı, yoxsa yox. Əhmədovun özü də etiraf edir ki, Çovdarova 3 milyon manat verib. Bu, artıq təsdiq olunmuş materialdır. Ancaq hüquqi qiyməti verilməyib. Bu nüans isə anlaşılmazlıq yaradır”.

 






Fikirlər