Azərbaycanda kredit oliqarxlarının edamı

Azərbaycanda kredit oliqarxlarının edamıÖlkədə yenə də iri oliqarxların həbs dalğası oldu. Bu aksiyanı misilsiz adlandırmaq ədalətsizlik olardı və çox şişirdilmiş sayılardı.

2005-ci ilin qiyamçı payızında baş vermiş məşhur həbsləri xatırlamaq kifayətdir. Onda böyük dövlət oliqarxları - nazirlər bir neçə günün içində dəmir barmaqlıqlar arxasına salınmışdı. Lakin əgər 2005-dəki hadisələr zamanı həyata keçirilən həbslər açıq siyasi çalara malik idisə və hakimiyyətdaxili və tayfalararası mübarizənin nəticəsi kimi çıxış edirdisə, bugünkü həbslər Sistemin iqtisadi, daha dəqiq desək, maliyyə-kredit problemləri ilə bağlıdır.
Hakimiyyətə yaxın adamlar sayılan biznesmenlərin həbsi barədəki xəbərlərdən heyrətlənmiş oxucu soruşa bilər: axı nələr baş verir, oliqarxları niyə həbs edirlər?
Ondan başlayaq ki, bu sahibkarlar heç bir halda oliqarx deyillər. Onları biznesmen adlandırmaq da bir qədər çətindir. Onlar sadəcə “kredit oliqarxları”dır. Kredit oliqarxlarının bu nəslinin ən parlaq nümayəndələri Hacı İbrahim Nehrəmli və Nizami Piriyevdir. Yeri gəlmişkən, onların ikisini də saxlayıblar.
Bu yalançı biznesmenlər özlərinin həyasızlıq həddinə çatan dələduzluq və fırıldaqçılıq əməlləri ilə hakimiyyəti elə çətin vəziyyətdə qoydular ki, hakimiyyətin inzibati rıçaqlara əl atmaqdan başqa yolu qalmadı.

“Narıncı inqilab”ın aparıcı şəxslərindən biri olan Mixail Saakaşvilinin “qızılgül inqilabı”ndan sonra dediyi kimi, “borcları zirzəmidə tutub almaq bir qədəh yaxşı şərab arxasında söhbət edə-edə almaqdan daha asandır”.
Yeri gəlmişkən, Saakaşvili Şevardnadzenin “yağlanmış” adamlarının oğurladığı milyonları onlardan elə bu yolla almışdı.
Bəs hakimiyyət sabun köpüyü kimi şişən oliqarxların maliyyə piramidalarını vurub dağıtmayıb başqa nə etməli, hansı tədbiri görməli idi ki?!
Təsəvvür edin ki, biznesmen banka layihə təqdim edib bir neçə yüz milyon manat kredit alır. Və bu pulları açıq-aşkar, kobud şəkildə mənimsəməyə, talan etməyə başlayır. Azərbaycanlı biznesmenə xas manerada davranır, özünü lovğa aparır, necə deyərlər, gözü ayağının altını görmür. Əli böyük kreditə çatan bu adam özünə bir neçə dəbdəbəli avtomobil, təyyarə alır, ağlasığmaz dərəcədə şişirdilmiş şirkəti üçün nəhəng ofis tikir... Bunun ardınca isə çılğın gecə həyatı, bahalı qızlar, atəşfəşanlıq, ziyafətlər, kazino... Və bütün bu orgiya çox gözəl, hay-küylü adlar altında tərtib olunan hansısa boş layihələr hesabına alınmış kreditlər sayəsində mümkün olur...

Məlum oldu ki, Hacı İbrahimin Xəzər dənizində hansısa adalar, onların üstündə isə şəhər salmaq layihəsi mifik bir şeydir və tamamilə perspektivsiz ideyadır.
Özünü Avropa biznes-elitasının nümayəndəsi kimi təqdim edən, ilk baxışdan ciddi investor təsiri bağışlayan, canlı Toni Bleyeri bizə ilk dəfə canlı şəkildə göstərən Nizami Piriyev isə özünün metanol zavoduna köhnə, sınıq-salxaq avadanlıqlar, bir növ 50-ci illərdən qalma texnoloji tör-töküntünü alıb gətiribmiş. Yəni bir neçə yüz milyonluq krediti dağıdıb, pulların qalan hissəsinə isə metanolun hələ Xruşşov dövründə necə istehsal olunduğunu göstərən tarix muzeyi yaradıbmış...
Neftin qiymətinin düşməsi, manatın devalvasiyası, Rusiya iqtisadiyyatının böhranla üzləşməsi və dünyadakı yeni maliyyə böhranı hesablaşmaq, hesabat vermək anını yalnız sadəcə yaxınlaşdırdı. Kreditləri geri almaq və ya geri qaytarmaq vaxtı gəlib çatdı. Pul isə yoxdur. Sadəcə kağız üstündə mövcud olan kredit oliqarxları onlara səxavətlə verilən nəhəng kreditlərlə birgə öz layihələrini də sadəcə olaraq batırmışdılar. Belə məlum olur ki, onların mahiyyəti getdikcə böyüyən və DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi əməkdaşlarının bir toxunuşu ilə dağılıb gedən sabun köpüyüdür.

Bax, mən müxalifət liderlərinin bu oğru və dələduzları yalançı “siyasi repressiya qurbanları”na çevirmək üçün göstərdikləri cılız və əbəs cəhdləri başa düşməkdən imtina edirəm. Müxalifət liderləri Cəmil Həsənli və Əli Kərimli dünən çağırışla çıxış edərək milli biznesin sıxışdırlmasını pislədilər və “hüquqları pozulmuş” bu adamların hüquqları uğrunda mübarizəyə başladılar. Bizim müxalifətçilər bilirsinizmi kimi xatırladırlar? Onlar 2005-ci ildə Azərbaycanın ərazisinin 80 faizini mahiyyətcə işğal etmiş Fərhad Əliyevlə Əli İnsanovun da hüquqlarının müdafiəsinə belə qalxmışdılar. Müxalifət hakimiyyətlə döyüşü hər dəfə bilirsinizmi niyə uduzur? Onların beynində təkcə yalnız dağıntı, xarabalıq yox, həm də toplama əməliyyatından ibarət riyazi cədvəllər var. Burada isə heç bir prinsipdən, ali materiyadan, müqəddəs ideallardan söhbət gedə bilməz! Beyinlərindəki yalnız odur ki, hakimiyyəti tənqid etməyə bir şey tapsınlar. Narazılar arasında daim müttəfiq axtarırlar. Müxalifətçilərin primitiv riyazi hesablamalarına görə, Nehrədən olan sabun köpüyü və Bakıya Pireneylərdən gəlib çıxmış Piriyev, habelə digər kredit oliqarxları potensial müttəfiq və əlbəttə ki, potensial kreditordur. Pullardan heç vaxt iy gəlmir. Mübarizə isə yeni pul mənbələri tapmağı tələb edir!
Belə çıxır ki, hamının nehrəmli boşboğazın çoxmilyonlu kreditləri mənimsəməsinə göz yumması pis imiş, ölkənin maraqlarına qarşı çıxmaq imiş, bu, korrupsiyanın xeyrinə imiş. Hakimiyyət bu adamlardan hesabat tələb edəndə isə müxalifət cəmiyyəti milli sahibkarlar təbəqəsinin müdafiəsinə çağırır.
Nə demək olar?! Yalnız onu deyə bilərik ki, hakimiyyətin ideoloji rəqiblərinin Hacı İbrahimi Xodorkovski, Piriyevi isə Yevtuşenko cildində təqdim etmək cəhdləri çox axmaq və miskin görünür.

Aman Allah, Nehrəmlidən də Xodorkovski olarmı heç?! Bu adamların bütün biznesinin dövlət qarşısındakı kredit öhdəliyindən ibarət olduğunu anlamaq doğrudanmı çətindir? Hacı İbrahim bütün bu müddətdə dövlətin əlində girov olub.
Əgər müxalifət hakimiyyəti başqa yöndən tənqid edib “şübhəli layihələrə kredit veriləndə Maliyyə Nazirliyi, Mərkəzi Bank, hüquq-mühafizə orqanları hara baxırdı” desəydi, hə, onda bu arqumentlər bir qədər ədalətli və rasional görünərdi.
Amma yoldan ötən təsadüfi adamları “milli əzabkeş” elan etmək, ölkəni onların hüquqlarının müdafiəsinə səsləmək, bağışlayın, bu heç adicə utanmazlıq da deyil. Buradan sadəcə elementar riyakarlıq qoxusu gəlir. Kərimli ilə Həsənlinin məntiqindən belə çıxır ki, 400 milyon dollarlıq piramida qurmuş Nikolas Kosmo respublikaçıların hakimiyyəti dövründə həbs olunsaydı, onda demokratlar buna görə Uoll-Striti və fırıldaqçının özünü yox, Corc Buşu ittiham etməli, Kosmonun hüquqları uğrunda mübarizəyə başlamalı idilər?! Axı onu respublikaçılar həbs atmışdı. Axı Kosmonun aldatdığı kreditorlar arasında BNP, “Paribas”, HSBC, “Credit Agricole” və digər nəhəng şirkətlər vardı... Nə deyə bilərik?! Bizim müxalifətçilərin məntiqinə bəzən heç cür izah vermək mümkün olmur. Burada nə məntiq var, nə əxlaq...

Şübhəsiz, eyni vaxtda bir neçə tanınmış oliqarxın həbs edilməsi Azərbaycan miqyasında böyük hadisədir. Dünya üçün isə o qədər də yox. Azad bazar cəmiyyəti təsadüfi adamların da üzə çıxmasına imkan verir, bunu şərtləndirir. Xüsusilə də kapitalizmin intişar tapdığı ilkin dövrlərdə. Görünür, biz də bu mərhələni - kredit oliqarxlarının və onların maliyyə piramidaları mifinin dağılması etapını keçməli idik. Allaha şükür ki, neft dollarlarının sel kimi axdığı dövr artıq arxada qalıb. İndi hər qəpiyin qədrini bilmək lazım gələcək... Bəs necə? Axı Elman Rüstəmov özü də manatın “üzən məzənnə”yə keçmək perspektivindən, Mərkəzi Bankın əriyən valyuta ehtiyatlarından danışır. Samir Şərifov isə kəmərləri daha bərk sıxmağa çağırır. Hakimiyyəti indi bəzilərinin saman çöpü kimi yapışdığı dumanlı Nehrəm adaları əsla maraqlandırmır.. Eynulla Fətullayev






Fikirlər