Londondan deputatın bankına 3 milyon dollar

Londondan deputatın bankına 3 milyon dollarLondonda yerləşən Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda deputat-oliqarxın ailəsinə məxsus banka 3 milyon dollar borc verib.

Bu barədə AYİB-in Bakı ofisinin rəhbəri Neyl Makkeyn bildirib.

N.Makkeynin sözlərinə görə, “Muğanbank” bu pulu ev təsərrüfatlarına və müəssisələrə enerjiyə qənaət etməyə imkan verən yaşıl layihələri maliyyələşdirmək üçün borc verir.
Bu layihələrə şüşə paketlər, günəş enerjisindən istifadə edən su qızdırıcıları, günəş enerjisini toplayan dam örtükləri və s. daxildir.


“Bu kredit xətti “Muğanbank” və bütövlükdə maliyyə bazarı üçün yeni məhsuldur, bizim çoxillik tərəfdaşlığımızın yeni mərhələsidir. Biz “Muğanbank”ı bu kredit xətti ilə dəstəkləməkdən şadıq. Yeni kredit xətti bizə müxtəlif sektorlara və müştərilərə çıxış imkanı yaradacaq” - deyə Neyl Makkeyn bildirib.

Məlumatda deyilir ki, bank indiyədək Azərbaycan iqtisadiyyatının müxtəlif sektorlarına 2,5 milyard dollar investisiya qoyub.

“Muğanbank” Odlar Yurdu Universitetinin rektoru, deputat Əhməd Vəliyevin ailə biznes imperiyasına daxildir. Bankın səhmdarları bunlardır: Mehdiyev Elmir Maqbet oğlu - 63,50 faiz (Ə.Vəliyevin kürəkəni, eyni zamanda bankın Müşahidə Şurasının sədri), Vəliyeva Vəfa Əhməd qızı - 12,05 faiz (Ə.Vəliyevin qızı), Mehdiyev Maqbet Rəhim oğlu - 13,10 faiz (Ə.Vəliyevin qudası, Tibb Universitetinin dosenti, biologiya elmləri namizədi) və Mehdiyeva Fəridə Cahandar qızı - 11.35 faiz (Ə.Vəliyevin qudası).

Parlamentin digər deputatı, 84 saylı Ağcabədi seçki dairəsini təmsil edən Tahir Rzayevin də “Muğanbank”la yaxın işbirliyi var. Onun oğlu bankın Ağcabədi filialının rəhbəridir.


Şübhəsiz ki, London bankından 3 milyon dollar kredit cəlb edən “Muğanbank”ın sahiblərinin deputat-oliqarxın ailə üzvləri olmasında sensasion heç nə yoxdur. Əsl sensasiya o olardı ki, Azərbaycanda hansısa bank hansısa oliqarxa məxsus olmasın, sıradan iş adamının olsun.

Lakin məsələnin maraqlı tərəfi “Muğanbank”ın AYİB-dən 3 milyon dollar krediti “yaşıl layihələri” maliyyələşdirmək adı ilə almasıdır. İlk baxışdan cəlbedici və maraqlı ideyadır. Lakin nə dərəcədə inandırıcıdır ki, bank AYİB-dən aşağı faizlə cəlb etdiyi kreditləri günəş panellərinin alınması layihələrinə ayıracaq?

Axı bir qayda olaraq Azərbaycan bankları beynəlxalq maliyyə strukturlarından və banklardan bu kimi layihələr üçün cəlb etdikləri ucuz kreditləri daxili bazarda qat-qat baha faizlə istehlak kreditləri kimi paylayır və bundan yaxşı qazanc götürürlər.






Fikirlər