DEPUTAT: Axmaq adətlər İSLAMDA YOXDUR

Deputat: Axmaq adətlər İslamda yoxdur

Elşad Mirinin "İslamda yoxdur!" kitabının məhkəmə qərarı ilə qadağan edilməsi Azərbaycan Respublikası Konstitusiyasına ziddir və dövlətin cəhalətin, xurafatın qarşısında geri çəkilməsi kimi anlaşıla bilər.

AzerTaym.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa "Facebook" səhifəsində yazıb.

O qeyd edib ki, İslamda siğə yoxdur, İslamda seyidlik yoxdur, İslamda özünə fiziki əzab vermə mərasimləri yoxdur:

"İndiyədək yaşatdığımız bir çox axmaq, səfeh adətlərin heç biri İslamda yoxdur. Bunu yazanda nə olacaq? Beş-on nəfər qaragüruhçu qalxıb deyəcək ki, "bəs indiyədək yaşamışıq, qoyun olduğu kimi dinimizi İslam adı ilə yaşayaq. Yoxsa dövlətdən inciyərik"...

Bir azdan Cəlil Məmmədquluzadənin "Ölülər"i də, Seyyid Əzimin, Sabirin şeirləri də bu cür qərarlarla dərsliklərdən çıxarılacaq ki, bəs onlar da xalqımızın tarix boyu yaşadığı "din"i ələ salıblar. Əksinə, dövlətimiz maraqlı olmalıdır ki, İslam dininin cəhalət, xurafat, yobazlıq, qatillik formatları ortadan qalxsın, bu uydurulmuş İslam, modern dünyəvi dövlət modelimiz üçün təhlükəyə çevrilməsin".

F.Mustafa deyib ki, bunun üçün dövlət sağlam dini maarifçiliyi ehtiva edən kitabları nəşr etməyi, televiziya proqramlarını hazırlamağı, məqalələrin yazılmasını stimullaşdırmalıdır:

"Bu qərar az-çox maarifçilik fəaliyyəti ilə məşğul olan yaradıcı insanların da əl-qolunu bağlayacaq və ölkəmizdə cəhalətin, xurafatın, başqa ölkələrin dini ideologiyasının yayılmasına daha çox imkan yaradacaq".






Fikirlər