Kredit və borcla Həccə gedən AZƏRBAYCANLILAR...

Müqəddəs Həcc ziyarəti yaxınlaşır. Belə ki, bu il Azərbaycandan Həcc ziyarətinə gedən ilk zəvvar qrupu avqustun 24-də, növbəti qruplar isə avqustun 25-26-da yola düşəcək. Zəvvarların qayıdışı sentyabrın 12-si, 13-ü və 14-nə nəzərdə tutulub.

Modern.az-ın əməkdaşına məlum olub ki, ötən il ilə Azərbaycandan bir neçə nəfər kredit və borc götürərək, Həcc ziyarətinə yollanıb. Və, həmin hacılar bu günədək də kredit və borcu ödəməklə məşğuldurlar...
Maraqlıdır, Azərbaycanda daha çox hansı təbəqədən olan insanlar Həcc ziyarətinə yollanır? Kreditlə, borc götürməklə Həcc ziyarəti etmək düzgündürmü?

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri, “İrşad” İslam Araşdırmaları Mərkəzinin direktoru Rafiq Əliyev Modern.az-a deyib ki, Həccə gedənlərin 80 faizi imkanlı şəxslərdir:

“Keçən illərdəki kimi bu il də Həcc ziyarətində hər hansı yenilik yoxdur. Yəni ora gedənlərin 80 faizini imkanlı adamlar təşkil edir. Qalanları isə kiminsə yardımı ilə gedənlərdir. Öz maaşı hesabına gedənlərin sayı isə çox azdır.
Maddi cəhətdən imkanı olmayan insanların Həccə getməsi ümumiyyətlə düzgün deyil. Gərək öz halal zəhmətin hesabına qazandığın pulla Həccə yollanasan. Mən də, o cümlədən siz də bilirsiniz ki, ölkəmizdə insanların öz əmək haqlarını yığıb 4000-5000 dollar həddinə çatdırması çətindir. Hər kəsin maaşı buna imkan vermir. Ona görə də kimsə hansısa yolla pul düzəldib gedirsə, bu artıq Həcc deyil. Bununla sadəcə insan özünün mənəvi tələbatını ödəyir”.

R.Əliyev bildirib ki, kredit və ya borc götürərək Həccə getmək yanlış əməldir:

“Borc götürərək və ya kreditlə Həccə getmək düzgün deyil. Əgər sənin borcun varsa, bunu ödəyəndən sonra Həccə gedə bilərsən. Kredit götürmək isə o deməkdir ki, sən ona faiz ödəyəcəksən. Faiz isə İslamda ən çox qadağan edilən  əməldir. İslamda sələmçilik yoxdur”.
“Həccə gedənlər qayıtdıqdan sonra əməllərinə diqqət etməlidir”

“Mənəvi nöqteyi-nəzərdən Həccə gedənlər özlərini təmizləyirlər.  Ümumiyyətlə, həmin insanlar ətrafa müsbət enerji verməli, normal münasibətlər qurmalıdır. Günahlardan təmizləndiyini nəzərə alaraq yanlış əməllərdən çəkinməlidir. Adətən Həccə gedənlərin əksəriyyəti dönəndən sonra əməllərinə diqqət edirlər”.

Qeyd edək ki, Yaxın Şərqdəki vəziyyətlə əlaqədar bu il də zəvvarlar avtobusla yox, təyyarə ilə Səudiyyə Ərəbistanına gedəcəklər. Uçuşları AZAL həyata keçirəcək.

Bir nəfərlik ziyarət paketinin qiyməti 3850 dollardır. Azərbaycanlı zəvvarlar üçün 600 nəfərlik kvota nəzərdə tutulur. Ötən il kvota 1040 nəfər olub.

AzerTaym.az






Fikirlər