Saleh Məmmədov "Azəryolservis" ASC-yə nə məqsədlə gətirilib?

Saleh Məmmədov "Azəryolservis" ASC-yə nə məqsədlə gətirilib? Səhmdar Cəmiyyətin rəhbərliyini Cavid Qurbanova yaxın adamlardan təmizləmək sədrə verilən əsas tapşırıqdır

Nəqliyyat naziri Ziya Məmmədovun 10 fevral 2015-ci il tarixli əmri ilə Saleh Məmmədovun "Azəryolservis" ASC-nin sədri vəzifəsinə müvəqqəti təyinat alması çoxları kimi səhmdar cəmiyyətin işçiləri üçün də gözlənilməz oldu. Bu təyinatdan bir qədər öncə Ziya Məmmədov öz adamının yollarını təmizləmək üçün artıq müəyyən addımlar atmışdı. Daha doğrusu, sədr vəzifəsinə iddialı olan təcrübəli kadrları müxtəlif bəhanələrlə strukturdan kənarlaşdırmışdı.

Saleh Məmmədova gəldikdə isə, onun da təyinatında ciddi prosedur pozuntuları nəzərə çarpmır. Bu səbəbdən, nəqliyyat naziri hələ ki, öz adamının yerini səhmdar cəmiyyətin tam rəhbərliyində möhkəmləndirməkdə bir qədər ehtiyatlı hərəkət etmək məcburiyyətində qalıb. Saleh Məmmədovu ilk dəfə "Azəryolservis" ASC-nin İdarə Heyətində görənlər yəqin ki, bu adam kimdir sualını da qeyri-ixtiyari verməkdən özlərini güclə saxlaya biliblər. Doğrudan da, Saleh Məmmədovun adı uzun illər Səhmdar Cəmiyyətin rəhbərliyində təmsil olunmuş təcrübəli idarəçilər üçün yenilik idi. Onun əsas iş dairəsi yol tikinti və istismarı idarələrinin ardıcıl sıralarında yer alıb.Bu isə bir qayda olaraq üçüncü, hətta dördüncü dərəcəli səlahiyyətlər sahibi anlamına gəlir. Ona görə də, yol tikintisi və istismarı strukturlarında uzun illər çalışmasına baxmayaraq onun gəlişi çoxları üçün gözlənilməz oldu.
Saleh Məmmədov Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu 1980-ci ildə bitirərək inşaat-mühəndisi ixtisası üzrə uzun müddət yol təsərrüfatı qurumlarında çalışıb. 1982-1993-cü illərdə "Yol Təmir Tikinti" Baş İdarəsinin 1 saylı Yol Tikinti İdarəsində (YTİ) mühəndis, baş mühəndis, rəis, 1991-1993-cü illərdə İsgəndər Həmidovun xahişi ilə 3 saylı YTİ-də rəis, 1995-2003-cü illərdə "Azəravtoyol" Dövlət Şirkətinin Körpütikinti Trestinin rəis müavini, 1 saylı Yerli Avtomobil Yolları İdarəsinin rəisi, Siyəzən 4 saylı Yol İstismar İdarəsinin (Yİİ) rəisi, 1 saylı Yİİ-nin rəisi vəzifəsində çalışıb. 2003-cü ildən Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin Bakı şəhər 1 saylı Yİİ-nin rəisi vəzifəsində çalışıb.

Maraqlıdır ki, bəzi mənbələr Saleh Məmmədovun yol istismar idarəsinin rəisliyindən birbaşa "Azəryolservis" ASC-nin sədri vəzifəsinə gətirildiyini nəqliyyat naziri Ziya Məmmədovun adı ilə əlaqələndirir. Lakin sonradan məlum oldu ki, Ziya Məmmədov hər halda öz adamını "Azəryolservis" ASC-nin sədr müavini vəzifəsinə təyin etməyə macal tapıbmış. Yalnız bundan sonra Saleh Məmmədovun səhmdar cəmiyyətə sədr gətirilməsi xeyli asanlaşdı. Baxmayaraq ki, hazırda Saleh Məmmədov "Azəryolservis" ASC-nin sədri vəzifəsini müvəqqəti icra edir, onun öz postunda möhkəmlənməsi üçün nəqliyyat naziri Ziya Məmmədovun ciddi səylər göstərdiyi sirr deyil. Bunun müqabilndə gərək Saleh Məmmədov lk növbədə öz himayədarının adına nöqsan gətirə biləcək hərəkətlərdən uzaq gəzməli, işində heç olmasa müəyyən korreksiyalar aparmalıydı. Lakin "Azəryolservis"in hazırkı nominal da olsa rəhbəri bunun əvəzində öz karyera dayaqlarını bərkitməyin qeydinə qalmağa başlayıb.

Zahirən sakit xarakterli rəhbər işçi təəssüratı yaradan Saleh Məmmədov təyinatının heç 40-cı günü çıxmamış əsl simasını bütün kollektiv qarşısında ortaya qoydu. Onun kəlməbaşı kimin tərəfindən təyinata layiq görüldüyünü tabeliyndəki işçilərə xatırlatması heç cür yerinə düşməsə də, bu "adətini" hələ ki, tək etməyib. Digər tərəfdən, müvəqqəti sədrin mənəm-mənəmlik iddiaları onun kollektivlə təmaslarında özünü daha qabarıq və aydın göstərir. Düzü, sədrin bu bir qədər fərqli performansları "Azəryolservis" ASC üçün heç cür qəbul edilə bilməz.Sədr tam olmasa da hələlik rəhbərlik etdiyi kollektivin hansı qayğılarla yaşamasını diqqətə belə almır, bu sayaq lazımsız problemli situasiyalar yaratmaqla bir növ özünü köllektivlə üz-üzə qoyur. Bu cür davranış əlbəttə, ilk növbədə nəqliyyat naziri Ziya Məmmədovu zərbə altında qoyur. Bəzi məlumatlara görə, Cavid Qurbanovun "Azəryolservis" ASC-nin sədri vəzifəsindən "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilməsini, ardınca da uzun aylar ərzində "Azəryolservis" ASC-nin sədri postuna daimi təyinatın olmamasını bu qurumun yaxın zamanlarda Nəqliyyat Nazirlyinin şöbələrindən biri kimi fəaliyyət göstərəcəyi ehtimallarını da ortaya qoyur.Bu baxımdan düşünmək olar ki, Saleh Məmmədova nəqliyyat nazirinin bir sıra tapşırıqlarını yerinə yetirmək həvalə olunub. Həmin tapşırıqların əsas məqsədi isə gözlənildiyi kimi, "Azəryolservis" ASC-ni Cavid Qurbanova yaxın adamlardan təmizləməkdir. Bu missiyasını həyata keçirər-keçirməz Saleh Məmmədovun özünün növbəsi çatacaq. Buna heç kəsin şübhəsi olmasın...


Yazı ilə bağlı qarşı tərəfin də münasibət bildirmək hüququ var.


P.S. Qubada baş verənlərin Saleh Məmmədova nə qədər adiyyəti olub? (gündelikbakı.com)






Fikirlər