Azərbaycanda Daxili QOŞUNLAR GÜNÜDÜR

Azərbaycanda Daxili Qoşunlar Günüdür

Bu gün Azərbaycanda Daxili Qoşunlar Günüdür.

Daxili Qoşunlar 1991-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə yaradılıb.

Daxili Qoşunların funksiyaları, vəzifələri, fəaliyyətinin əsas prinsipləri “Daxili Qoşunların statusu haqqında" Azərbaycan Respublikasının 1994-cü il tarixli Qanunu ilə müəyyən olunub.

Daxili Qoşunların Komandanı birbaşa Daxili İşlər Nazirinə tabedir və onun müavinidir.

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 mart tarixli fərmanları ilə «Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Hissəsinin Döyüş Bayrağı haqqında» Əsasnamə, «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Döyüş Bayrağının təsviri», «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının emblemi haqqında» Əsasnamə və «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının emblemi» təsdiq olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 9 mart 1995-ci il tarixli fərmanı ilə Qoşunların Azərbaycanın ərazi bütövlüyü uğrunda Ermənistanın hərbi təcavüzünə qarşı döyüşə başladığı gün-Martın 12-si «Daxili Qoşunlar Günü» elan edilmişdir.

1941-45-ci illərdə faşizm ilə mübarizədə Azərbaycan polisinin 800 nəfərə yaxın əməkdaşı rəşadətlə vuruşmuş, qəhrəmanlıq, igidlik nümunələri göstərərək yüksək orden və medallara layiq görülmüşlər.

Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi başlandıqdan sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda  döyüşlərdə daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti 932 şəhid vermiş, 681 əməkdaş isə əlil olmuşdur.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə  460 nəfər polis əməkdaşı, 511 nəfər Daxili Qoşunların hərbi qulluqçuları şəhid olmuş, 67 nəfər daxili işlər orqanlarının əməkdaşlarına "Milli Qəhrəman" fəxri adı verilmiş, 86 əməkdaş "Azərbaycan Bayrağı" ordeni, 247 əməkdaş isə müxtəlif orden və medallarla təltif edilmişdir.

Daxili Qoşunlarda xidmət keçmək üçün zabitlərin hazırlanması Müdafiə Nazirliyinin Ali Hərbi Məktəbində həyata keçirilir.

Qoşunların gizir və müddətdən artıq xidmət ediən hərbi qulluqçularla komplektləşdirilməsi əsasən həqiqi hərbi xidməti başa vurduqdan sonra xidmətini davam etdirməyə öhdəlik vermiş şəxslərin hesabına həyata keçirilir.

Kiçik komandir və mütəxəssislərin hazırlanması 3 ay müddətində həyata keçirilir və kursları bitirdikdən sonra onlar xidmətlərini davam etdirmək üçün hərbi hissələrə göndərilirlər.

Azərbaycan Respublikasının Konstitusiyasına və «Hərbi xidmət keçmə haqqında Əsasnamə»yə əsasən ali təhsilli şəxslər üçün xidmət müddəti 12 ay, digər şəxslər üçün isə 18 aydır.

Daxili Qoşunların Türkiyə Respublikası, Çin Xalq Respublikası, Amerika Birləşmiş Ştatlarının və digər dövlətlərin müvafiq qurumları ilə əməkdaşlıq əlaqələri mövcuddur.






Fikirlər