Xalq yazıçısı MAQSUD İbrahimbəyov son mənzilə yola salındı - FOTOLAR, YENİLƏNİB

Xalq yazıçısı Maqsud İbrahimbəyov son mənzilə yola salındı - FOTOLAR, YENİLƏNİB

Akademik Milli Dram Teatrında mərhum xalq yazıçısı Maqsud İbrahimbəyovla vida mərasimi keçirilib.

Musavat.com saytının mərasimdə iştirak edən əməkdaşının verdiyi məlumata görə, yazıçını son mənzilə yola salmağa ailə üzvləri, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, professor Nərgiz Paşayeva, dövlət rəsmiləri, tanınmış ictimai-siyasi xadimlər və incəsənət nümayəndələri gəliblər. Mərasimə mərhumun qardaşı Rüstəm İbrahimbəyov da qatılıb.
Yazıçı Natiq Rəsulzadə Maqsud İbrahimbəyovun vəfatından danışıb. O, jurnalistlərə açıqlamasında bildirib ki, yazıçının ölümü Azərbaycan mədəniyyəti üçün böyük itkidir: "Maqsud mənim 40 illik dostumdur. Onun ölümündən danışmaq mənim üçün çətindir. Onun ölümü mədəniyyətimiz, kinomatoqrafiyamız üçün ağır itkidir. Ondan gənc nəsillərə gözəl filmlər, əsərlər qaldı. Allah rəhmət etsin".
Bəstəkar Faiq Sücəddinov yazıçının ölümündən kədərləndiyini vurğulayıb: "Zəlimxan Yaqub, İlhamə Quliyeva, ardınca Maqsud İbrahimbəyov dünyasını dəyişdi. Ölüm xəbəri məni çox kədərləndirdi. Maqsud bəy dünyanın bir çox ölkələrində tanınırdı. Onun ölümü həm ədəbiyyat, həm də kino sahəsi üçün ağır itkidir. O, bilgili və maraqlı insan idi. Onun ssenarilərinə filmlər çəkilib. Kitabları dünyanın bir çox ölkələrində satılıb. Onun kimi birini itirmək mənə pis təsir edir. Allah rəhmət etsin".
Kinorejissor Oqtay Mirqasımov qeyd edib ki, istedadlı insanların ölümü mədəniyyətimizə zərbədir: “Allah Maqsuda rəhmət etsin. Ədəbiyyatımız, kinomatoqrafiyamız böyük sənətkar itirdi. Onunla münasibətlərimiz gözəl idi, biz çiyin-çiyinə çalışırdıq. Onun ölümü ilə böyük boşluq hiss edəcəyik. Onun kimi mərd, səmimi, yaradıcı insanları qorumalıyıq. Onları itirmək böyük zərbədir”.
Vida mərasimini Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, xalq yazıçısı Anar giriş sözü ilə açıb. O, bildirib ki, mərhum yazıçı ilə 56 illik dostluğu olub: "Maqsudla 56 il öncə tanış olmuşduq, ilk gündən dostlaşmışdıq. Birlikdə ssenarilər yazmışdıq, xarici ölkələrə səfərlər etmişdik. Heç vaxt təsəvvür etməzdim ki, Maqsudun dəfn mərasimində iştirak edəcəyəm. Həyatımın çox hissəsi onunla keçib. Onun ölümündən danışmaq ağırdır, çətindir".
Daha sonra Milli Məclisin mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, professor Azər Paşa Nemətzadə, kinorejissor Oqtay Mirqasımov, mərhumun oğlu Murad İbrahimbəyov çıxış ediblər. Mərhumun qardaşı Rüstəm İbrahimbəyov isə yazıçının ölümündən danışmayıb.
Yazıçı Maqsud İbrahimbəyov l Fəxri Xiyabanda, Zəlimxan Yaqubun yanında dəfn olunub.
AzerTaym.az






Fikirlər