Paytaxtda yeni qaydanı pozan 520 sürücü CƏRİMƏLƏNDİ
Bakı yollarında "IV İslam Həmrəyliyi Oyunları" üçün ayrılmış xüsusi zolağa girən digər avtomobillərin sürücüləri ötən gündən etibarən cərimə olunurlar. "AzerTaym.az"Xezerxeber-ə istinadən xəbər verir ki, qaydalara görə müvəqqəti olaraq bu zolaqda yalnız operativ nəqliyyat vasitələri və xüsusi icazəsi olan avtomobillər hərəkət edə bilər. Hətta bunu qadağan edən nişanlar da zolaq boyu bir neçə yerdə qoyulub. Amma görünən odur ki, bəzi sürücülər həmin zolağa girərək kobud qayda pozuntusuna yol verirlər. Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirir ki, 24 saat təhlükəsiz şəhər kameraları vasitəsi ilə zolaqlar olan yola nəzarət edilir. Hansı sürücü daxil olursa dərhal həmin sürücü barəsində elektron protokol tərtib edilir: "Artıq 520-dən çox sürücü cərimələnib". Çəkiliş zamanı da şahid olduq ki, bir çox sürücü səbirsizlik edib oyunlar zolağına daxil olurlar. Sürücü bu qaydanı eyni gündə neçə dəfə pozarsa o qədər cərimə ediləcək. Cərimənin məbləği isə 40 manatdır. Oyunlar zolağına qanunsuz şəkildə girən sürücülərin cərimələnməsi isə mayın 25-ə kimi davam edəcək.