TAKSİ SÜRÜCÜLƏRİNƏ ŞAD XƏBƏR - Bu CƏRİMƏ LƏĞV EDİLDİ
Bu gündən gələn il yanvarın 1-dək taxoqrafdan istifadə etməyən heç bir nəqliyyat vasitəsi cərimələnə bilməz. Bu sözləri nəqliyyat üzrə ekspert Ərşad Hüseynov İnzibati Xətalar Məcəlləsinə edilən və dünən rəsmən imzalanan dəyişikliyi şərh edərkən deyib. Ekspert bu dəyişikliklərdən sonra ölkədaxili daşımalarda taxoqrafdan kütləvi istifadənin inandırıcı olmadığını vurğulayıb: "Dəyişikliyə görə, 1 yanvar 2019-cu ildən daxili daşımalarda da taxoqrafdan istifadə etməyənlər cərimələnəcək. Ölkədaxili daşımalarda taxoqrafın olması bu avtobuslar və yük avtomobilləri üçün məcburidir: - icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri üçün (maksimum sürəti 40 km/saatdan az olanlar istisna olmaqla); - şəhərlararası (rayonlararası) sərnişin daşımalarında istıfadə olunan avtobuslar üçün (daşıma məsafəsi 50 km-dən az olanlar istisna olmaqla). Şəhəriçi avtobuslar və taksilər üçün, eləcə də kiçik yük avtomobilləri üçün taxoqraf nəzərdə tutulmur. Bu dəyişikliyə qədər yalnız beynəlxalq daşımalarda taxoqrafdan istifadə etməyən avtobuslara və yük avtomobillərinə görə cərimə var idi. Maraqlısı odur ki, həmin cərimə bu gündən ləğv olunur, yeni cərimə isə 1 yanvar 2019-dan qüvvəyə minir. Deməli, bu gündən başlayaraq 1 yanvar 2019-dək beynəlxalq daşımalarda da taxoqrafdan istifadə etməyən avtobuslara və yük avtomobillərinə görə heç kəs cərimələnə bilməz. Amma ölkədaxili daşımalarda kütləvi taxoqraflaşma yaxın müddət üçün inandırıcı deyil".