YOL POLİSİ sürücülərə müraciət etdi

 

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin ölkə ərazisində sərnişin daşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edib.

 İdarədən Trend-ə verilən məlumatda bildirilir ki, yay mövsümü ilə əlaqədar ayrı-ayrı regionlara səyahətə çıxan insanların sayı artdığından yollarda nəqliyyatın hərəkət intensivliyi də yüksəlib.

 Səfərə çıxanlar fərdi minik avtomobilləri ilə yanaşı, marşrut avtobuslarından, bəzi hallar da isə qeyri-müntəzəm şəkildə sərnişin daşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə məxsus olan avtobus və mikroavtobuslardan istifadə edirlər. Lakin qeyri-müntəzəm şəkildə təşkil edilmiş daşımalar zamanı nəqliyyat vasitələrinin texniki vəziyyətinə, sürücülərin reysqabağı tibbi müayinəsinə, onların iş rejiminə riayət etmələrinə nəzarət olunmur, nəqliyyat vasitəsinin texniki xarakteristikasının keçdiyi ərazinin relyefinə uyğun olub-olmamasına diqqət yetirilmir ki, bu da yollarda, xüsusilə dağlıq ərazilərdə yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalını artırır.

 Baş verə biləcək ağır qəzaların qarşısının alınması və təhlükəsizliyin təmin olunması məqsədi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş DYP İdarəsi qeyri-müntəzəm şəkildə sərnişin daşımalarının müasir, təhlükəsizlik elemetləri ilə təchiz olunmuş xüsusi avtobuslara malik olan turizm, yaxud sifarişli sərnişin daşıma xidmətləri göstərən şirkətlər vasitəsi ilə həyata keçirilməsinə üstünlük verilməsini məqsədəmüvafiq hesab edir, belə xidmətlər ayrı-ayrı şəxslər tərəfindən təklif edildikdə isə onların müşayiət olunması və daşımalarda istifadə olunacaq nəqliyyat vasitəsinin seçilmiş marşrutlara uyğunluğu barədə məlumat əldə edilməsi üçün Baş DYP İdarəsinin 902 qaynar-xətt telefonuna müraciət olunmasını və ya BDYPİ-nin elektron poçtuna yazılı müraciət göndərilməsini tövsiyə edir.

 

Unutmaq lazım deyil ki, hər kəs təhlükəsizliyinin təmin olunmasında ilk növbədə özü maraqlı olmalıdır.






Fikirlər