Nardaran bu gün - Qəsəbədən REPORTAJ, FOTOLAR

Nardaran bu gün - Qəsəbədən REPORTAJ, FOTOLAR

Ötən il noyabrın 26-da Nardaranda baş verən hadisələrdən sonra dövlət tərəfindən bu qəsəbədə abadlıq və yenidənqurma işləri aparıldı. Bu müddət ərzində iki dəfə Nardaranda  yol infrastrukturunun düzəldilməsi və qəsəbənin abadlıq işlərinin aparılması üçün vəsait ayrıldı. Bu təmirlə paralel olaraq qəsəbədə hər şey dəyişdi. Dövlət nəzarəti təmin olundu. 
 
“Yeni Müsavat” müxbiri Nardaran hadisələrindən  9 ay  sonra qəsəbəyə baş çəkib, son durumla maraqlanıb. 
Hər şey polisin nəzarətindədir...
Əvvəlcə onu qeyd edək ki, qəsəbənin girişində yaradılan polis postu hələ də nəzarəti davam etdirir. Nəzarət-buraxılış məntəqəsində iki silahlı polis əməkdaşı qəsəbəyə daxil olanları yoxlayır. Polislər avtomobilləri saxlayıb, onların yük yerlərinə baxış keçirir, insanlardan kimliyini təsdiq edən sənəd tələb edirlər.  Bu postlar Nardaran qəsəbəsinin giriş və çıxışlarında yaradılıb və Daxili İşlər Nazirliyinin təlimatı üzrə işlər aparılır. 
Nardaran polisi oraya gələn jurnalistlərin işinə də nəzarət edir. Nardaran qəsəbəsində fəaliyyət göstərən 42-ci polis bölməsinin əməkdaşları müxbirimizə bildiriblər ki, mətbuatın Nardaran qəsəbəsində çəkiliş etməsi və yaxud reportaj hazırlaması üçün gərək qəsəbədə fəaliyyət göstərən polis bölməsinə müraciət olunsun. Əks halda həmin jurnalistin fəaliyyətinə icazə verilmir. “Buraya reportaj hazırlamaq üçün gələn jurnalistlərə biz şərait yaradırıq. Lakin təəssüflər olsun ki, qəsəbəyə daxil olmadan bizə məlumat verməyənlər də olur. Biz onları saxlayıb, jurnalist vəsiqələrini təqdim etməyi xahiş edirik.  Bir sözlə, qəsəbəyə daxil olmaq üçün öncə polis orqanına xəbər verilməlidir. Təlimat belədir”.
Köhnə Nardarandan əsər qalmayıb
Abadlıq işlərinə gəlincə, Nardaranda əvvəlki görkəmindən əsər-əlamət qalmayıb. Yol kənarları abadlaşdırılıb, qəsəbə müasir görünüşünə qovuşub, mərkəzi yollar asfaltlanıb. Yol kənarlarındakı dini şüarlar silinib, əvəzində müasir üslubda fasadlarla bəzədilib. Avtomobillərin rahat hərəkəti üçün yolların kənarlarında işıqlandırma dirəkləri qoyulub. 
Qəsəbənin kommunal problemləri də həllini tapıb.  Qəsəbə sakinlərinin elektrik borcunun ödənilməsinə də güzəşt edilib və hissə-hissə ödəmələrinə icazə verilib. Məlum olduğu kimi, Nardaranda elektrik enerjisi ilə bağlı problemlər yaranmışdı. Əhalinin elektrik enerjisinə xeyli borcu var idi. Hətta bəzi ailələrin borcu 2000 manatdan artıq idi. Hazırda Nardaran sakinləri borclarını birdəfəlik  ödəyə bilmədiyi üçün, həmin ailələrə borcunu aybaay hissə-hissə ödəməkləri şərti qoyulub. Bu formada illərdir ki, yığılıb qalan işıq puluna güzəştlər olunur. 
Adının çəkilməsini istəməyən qəsəbə sakini bildirdi ki, əvvəllər borcu olanların elektrik enerjisini kəsirdilərsə, indi güzəşt edirlər: “Borcu olan şəxslər ödəniş etmirdi, nəticədə işıqları kəsirdilər, biz də elektriksiz qalırdıq. Çoxları  borcunu vermirdi. Onların bu hərəkəti bizi də işıqsız qoyurdu. Artıq bu gün hər şey qaydasına düşüb. Yollar da asfaltlanıb, qəzalı vəziyyətdə olan yerlər təmir olunur”.
Onu da qeyd edək ki, Nardaranın abadlaşdırılması işləri çərçivəsində qəsəbəyə qaz da çəkilib. Artıq hər bir ev mavi yanacaqla təmin edilir. 
Rəhimə xanım ziyarətgahı bağlanıbmı? 
Nardarana getməkdə məqsədimiz həm də, mətbuatda adı hallanan Rəhimə xanım ziyarətgahının bağlanması ilə bağlı xəbərlərə aydınlıq gətirmək idi. Azərbaycandakı ən böyük ziyarətgahlarından biri Rəhimə xanım ziyarətgahına baş çəkib, vəziyyətlə maraqlandıq. Ziyarətgah ziyarətə gələnlərin üzünə açıqdır, fəaliyyətini davam etdirir. Günorta saatları olmasına baxmayaraq  kifayət qədər ziyarətə gələn var idi. Pirin ətrafında polis əməkdaşları toplanıb, ümumi vəziyyətə nəzarət edirlər. Rəhimə xanım ziyarətgahına yaxın qohumunun məzarını  ziyarət etməyə gələnlər də var. Çünki Nardaran sakinlərinin əksəriyyəti ölülərini məhz ziyarətgahın ətrafındakı qəbiristanlıqda dəfn ediblər. 
Nardaran qəsəbəsindən olan ziyarətçilərlə həmsöhbət olduq. Onlar ziyarətgahın bağlaması xəbərinin yalan olduğunu dedilər: “Bu ziyarətgahda VIII İmam Rzanın  (ə) bacısı Həzrəti Rəhimə xanımın məzarı yerləşir. Azərbaycanın hər tərəfindən buraya ziyarətə gəlirlər. Nardaran hadisələrindən sonra bu ziyarətgah 1 aydan çox bağlı qaldı. Məscidə heç kim buraxılmadı. O zaman da məscidin bağlanma xəbərləri də eşidirdik. Şükür, indi fəaliyyət göstərir. Məscidin yolunda, həyətində yeniliklər oldu. Ancaq nəzarət də güclüdür. Polislər daima ziyarətgahın ətrafında gəzişir. Əslində belə olmağı bizim üçün də yaxşıdır. Düzünü desəm, əvvəl ziyarətgah yaxşı qorunmurdu, bir-iki yaşlı mühafizəçisi var idi. İndi onlarla yanaşı polis əməkdaşları da nəzarət edir”.
Qeyd edək ki, Rəhimə xanım ziyarətgahının tarixi çox qədimdir, VIII əsrə aiddir. Burada şiələrin VIII imamı İmam Rzanın (ə) bacısı Həzrəti  Rəhimə xanımın qəbri yerləşir. O, ərəb xəlifələri Harun ər-Rəşid və Məmunun dövründə Azərbaycana pənah gətirən peyğəmbər övladlarından biridir. Rəhimə xanım öz ailəsi ilə birgə Nardaran kəndinə pənah gətirərək burada yaşayıb, dünyasını dəyişdikdən sonra da burada dəfn olunub.
Bağlanan mədrəsə imiş...
Məscidin mühafizəçisi Hikmət Əliyev də  bağlanma xəbərinin yalan olduğunu dedi: “Allahın evi haqqında bu şayiələr, yalanlar nəyə lazımdır? Pir fəaliyyətini yüksək səviyyədə davam etdirir.  İbadətə, ziyarətə gələnlər də eyni sualı verirlər. Ancaq məscid yox, onun yanındakı mədrəsə bağlanıb. Rəhimə xanım ziyarətgahının ətrafında mədrəsə var idi. O mədrəsə 1994-cü ildə tikilmişdi. Kifayət qədər  savadlı dini dərslər verən müəllimlər işləyirdi. Mədrəsə bir qədər köhnəlmişdi, bərpa etmək də olardı. Ancaq  həm də pirin qarşısını kəsirdi. Yolu genişləndirmək və səliqə-səhman yaratmaq üçün həmin mədrəsəni uçurdular. İndi əvəzində ziyarətgahın yaxınlığında yeni mədrəsə tikilir”.
Mədrəsənin tikinti prosesi ilə maraqlanmaq üçün oraya getdik. Rəhimə xanım ziyarətgahının 100 metrliyində tikilən mədrəsənin bünövrə işləri tamamlanıb, hörgü işlərinə başlanıb. Tikinti aparan şəxs bildirdi ki mədrəsənin 1 il müddətində tamamlanması nəzərdə tutulub: “ Tikinti prosesi sürətlə gedir. Bu mədrəsə digərlərindən fərqli olacaq. Daha modern üslubda inşa olunacaq. İki mərtəbədən ibarət olacaq. Yaxınlıqdakı mədrəsəyə bənzəyəcək. İnşallah, bir il müddətində yekunlaşdıracağıq”.
Sakinlərin dediyinə görə, yeni tikilən mədrəsədə müəllim heyəti də dəyişəcək. Əvvəlki alimlərin burada fəaliyyətini davam etdirməsinə icazə verilməyəcək. Güman edilir ki, mədrəsəyə Qafqaz Müsəlmanlar İdarəsinə bağlı olan din xadimləri göndəriləcək.
Sakinlər işsizlikdən şikayət edir
Hazırda qəsəbə sakinlərinin ən böyük problemi işsizlikdir. Məlum hadisələrdən sonra qəsəbədə işsiz şəxsləri işlə təmin etmək üçün məşğulluq idarəsi yaradılıb. Məqsəd Nardaranda işsizləri müxtəlif peşələrə yönəltməkdir. Lakin sakinlər  məşğulluq idarəsinin işindən razı görünmür.  Bu barədə Nardaran camaatının  fikirlərini öyrəndik. Adlarının çəkilməsini istəməyən sakinlər onlara işləmək üçün normal şərait yaradılmadığını dedilər: “Diqqət etsəniz qəsəbədə nə qədər işsiz gənc olduğunu görərsiniz. O vaxt guya camaatı işə düzəldirdilər. Məşğulluq idarəsinə gedirik, adamı qəbul edib, ali təhsilinin  olub-olmamasını soruşurlar. Yoxdursa “yaxşı yol” deyib, yola salırdılar. Nəzərə almırlar ki, Nardaranda təhsili olmayanlar çoxluq təşkil edir. Ali təhsilimiz olsaydı, özümüzə bir gün ağlayardıq da... Məşğulluğa niyə gedirdik? Ali təhsili olanı belə normal işlə təmin edə bilmədilər. Cavan uşaqları 100-150 manatlıq fəhləliyə göndərirdilər. O pul isə yol xərcini ödəmir. Bu qədər işsiz gəncin başını qatmağa nə bir yeri, nə də işi var. Sonra da deyirlər ki, gənclər belədir... Dövlət ona bir iş verməlidir ki, o da getsin ailəsini dolandırsın”.
Nardaran səfərimizdən bu nəticəyə gəldik ki, artıq qəsəbənin əksər problemləri, əsasən də kommunal çatışmazlıqları həllini tapıb, qəsəbə abadlaşıb, insanlar da hökumətlə dil tapıb dolanmağa qərar verib. Sadəcə, hər kəs başını aşağı salıb işləyəcəyi, ailəsini dolandıracağı bir iş axtarır. Nardaran camaatı ümid edir ki, bu problemləri də tezliklə aradan qalxacaq...
 















Fikirlər