İctimai nəqliyyatda gediş haqqının qaldırılması digər sosial tədbirlərlə tənzimlənəcək.
Bunu Sherg.az-a metroda gediş haqqının artmasına münasibət bildirərkən iqtisadçı-ekspert Qalib Toğrul söyləyib.
Ekspert bildirib ki, qiymətlərin artırılması hazırda büdcənin kiçilməsi problemindən qaynaqlanır:
"Bakı Metropoliteninə ayrılan vəsaitin azaldılması xərclərin qarşılanması üçün hər hansı vasitədən istifadə edilməsini önə çəkir. Təbii olaraq ən asan alternativ gediş haqlarının qaldırılmasıdır. Metroda qiymətlərin artırılması artıq bütün ictimai nəqliyyatda bahalaşmaya zəmin yaradır. Bir müddət əvvəldən beynəlxalq relslərdə gediş haqqının məbləğinin dolların kursuna uyğunlaşdırılması proseduruna keçilib. Diqqət etsəniz, qonşu ölkələrə fəaliyyət göstərən nəqliyyatın bilet qiymətlərində dəyişkənliyin olduğunu görərsiniz. Çünki bu, mövcud kurs əsasında müəyyənləşdirilir və təyin olunur”.
Q.Toğrul qiymətlərin yüksəldilməsi əhalinin sosial vəziyyətinə mənfi təsir edəcəyini istisna etməyib:
"Lakin bu cür artımlar baş verdikdə dövlət sosial gərginliyi azaltmaq üçün başqa üsullara da əl atır. Məsələn, gələn ildən həm minimum əmək haqqı, həm yaşayış minimumu yüksəldiləcək. Bununla bərabər təqaüdlərin də artırılması nəzərdə tutulub. Bütün bu tədbirlər bahalaşmanın təsirinin azaldılmasına şərait yaradacaq”.
Qeyd edək ki, bu günlərdə iqtisadçı ekspert Qubad İbadoğlu özünün facebook hesabından metroda gediş haqqının arta biləcəyi ilə bağlı ehtimallarını əsaslandırıb. "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev isə bahalaşmanın Tarif Şurasının qərarından asılı olduğunu bildirib.