“İvanovka malları” ilə bütün Azərbaycan aldadılır

 bez-nazvaniya-1-4 

Bakıdakı əksər iri ərzaq mağazalarında, eləcə də bütün bazarlarda “İvanovka məhsulları” adı altında şıdırığı satış həyata keçirilir.

“İvanovka mallarıı” kimi təqdim edilən yağ, pendir, xama, qaymaq, süd, qatıq və sair ağartı məhsullarına alıcıların müsbət yanaşdığı heç kimə sirr deyil.
Böyük əksəriyyət bu qidaların İsmayıllı rayonunun malakanlar yaşayan məşhur İvanovka kəndindən gətirildiyini düşünərək, onları keyfiyyətli və qatqısız ağartı məhsulları kimi almağa tərəddüd etmir.
Amma əslində, heç xəbərimiz də yoxdur ki, “İvanovka” brendi altında süfrələrimizi bəzəyən bu məhsullar saxtadır.
Axı, İvanovkadakı Nikitin adına balaca bir kolxoz hər gün min tonlarla ağartı məhsullarını necə istehsal edə bilir ki, Bakı və digər şəhərlərdə, hətta rayonlarda belə, bütün ticarət obyektlərinə çatdırsın?
Bu suala cavab axtaranda şübhələnməyə başlayırsan. Doğrudanmı İvanovka bütün Azərbaycanı ağartı məhsulları ilə durmadan təmin edə bilir?..

Maraqlıdır, bütün mağazaların pixtaxtalarını zənginləşdirən bu məhsullar fasiləsiz olaraq necə və hansı şəraitdə  istehsal olunur? Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov açıqlamasında mövzuya aydınlıq gətirib.

“İvanovka” adı ilə mənşəyi bəlli olmayan ağartı məhsulları yeyirik

“Azad İstehlakçılar Birliyi 4 ilə yaxındır ki, bu məsələni həll etmək üçün mübarizə aparır. Bütün dövlət orqanlarına bu barədə məlumat vermişəm. İvanokvanın Nikitin adına kolxozuna qədər getmişəm. Əslində, İvanovka kəndinin Bakıda 2 mağazası var. Buna baxmayaraq, “İvanovka” adı altında Bakıda 12-yə qədər mağaza fəaliyyət göstərir ki, onların da satdığı məhsulların bu kəndlə heç bir əlaqəsi yoxdur. Mən hələ bazarları, adında “İvanovka” sözü olmayan digər mağazaları, iri marketləri demirəm
Hamı bilsin ki, hazırda Bakıda cəmi 2 dükan İvanovkadan mal gətirib, onun satışını həyata keçirir.
Uzun müddətdir bir sıra gizli sexlərdə quru süddən, mənşəyi məlum olmayan südlərdən “İvanovka” mal nişanı adı altında ağartı məhsulları istehsal olunur. “Uzun Ömür İvanovka” və “Qafqaz İvanovka” MMC də Bakı ətrafında antisanitar şəraitdə mal istehsal edirlər. Həm “Uzun Ömür İvanovka”, həm də “Qafqaz İvanovka”nın sahibkarları ilə görüşmüşəm. Bu pis əməllərindən əl çəkmələri barədə ağsaqqal söhbəti aparmışam. Lakin onlar buna məhəl qoymayıb. İqtisadiyyat Nazirliyi qarşısında məsələ qaldırmışam. Adıçəkilən nazirlik də guya uzun-uzadı yoxlamalar aparıb. Amma nəticəsi yoxdur. 8 gün bundan əvvəl “Uzun Ömür İvanovka”nın kəsmiyindən Dilarə Vəliyeva adlı alıcı mənə şikayət edib. Bu məhsulun acı dad verdiyini deyib”.
“İvanovka heç yerə süd vermir”
Hüquq müdafiəçisi bildirib ki, bu məhsulları təkcə Bakıda deyil, Sumqayıtdakı marketlərdə də çox görmək olar.
“Sumqayıtdakı marketlərə getsək görərik ki, soyuducuların üzərində böyük hərflərlə “İvanovka südü,  “İvanovka qatığı” və sairə yazılıb. Monitorinqlər göstərir ki, onların heç birinin İvanovka ilə əlaqəsi yoxdur. İvanovka kolxozunun sədrindən dəfələrlə rəsmi məktublar almışam. İvanovka kolxozu demək olar ki, heç yerə süd vermir.
Guya, İvanovkadakı “Nikitin” kolxozu Göyçayda yerləşən bir fermaya süd verir. Bakıda fəaliyyət göstərən “Uzun ömür İvanovka” MMC-dən deyirlər deyir ki, südü oradan gətirirlər. Dəfələrlə gedib orada insanlarla görüşmüşəm. Orada o qədər süd istehsal olunmur ki, bütün Azərbaycana bəs eləsin. İndi saxta məhsul istehsalı hesabına,  “İvanovka” brendi adı altında əhalinin kütləvi aldadılması davam edir. Əhalinin bu saxta məhsuldan canını qurtara bilmirik, amma qurtarmalıdır”.

“Azərbaycan “İvan”dan xilas olmalıdır”Eyyub Hüseynovun sözlərinə görə, hətta bu ad altında şərab da istehsal olunur. “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə demişəm ki, “İvanovka” mal nişanını qeydiyyata alın”. Ümumiyyətlə, ölkədə “İvanovka” adı qeydiyyata alınmayıb. “İvanovka” adı ilə mal buraxan firma gərək İvanovkanın özündə yerləşsin. Lakin o kəndə  yerləşən heç bir firma yoxdur ki, məhsul da buraxılsın. Hamısı aldadıcıdır. Ortada anarxiya və böyük qanun pozuntusu var.“İvanovka” adı altında şərablar buraxılır. Cürbəcür məhsul da istehsal olunur. Ümumiyyətlə, Azərbaycan “İvan” məsələsindən xilas olmalıdır. Cənab prezident çağırışlarında qeyd edib ki, “Made in Azerbaycan” brendi dünyada tanınmalıdır. İqtisadiyyat Nazirliyi də buna cavabdeh dövlət orqanıdır. Belə çıxır ki, İqtisadiyyat Nazirliyi saxta “İvanovka”nı dünyada tanıtmaq istəyir. Guya yoxlamalar aparırlar. Amma yoxlamalar nəticəsizdir. Məgər, bunu həll etmək dövlətin əlində çətin işdir?! Bunlar ciddi araşdırılmalıdır”. 






Fikirlər