"ACT Azərbaycan”ın jurnalistlərin təklifləri əsasında tərtib etdiyi "Newsletter” dalğası davam edir. Bu həftə müzakirə mövzusu qısa ətək geyinən xanımlardır. Bakı sakinlərinin xanımların qarderobunun cəsarət rəmzi sayılan mini ətəklərə qarşı fikirləri müxtəlifdir.
AzerTaym.az-ın Oxu.Az-a istinadən məlumatına görə, rəyi soruşulmuş respondentlərin demək olar ki, yarıdan çoxu (54 %) qısa ətəklilərə qarşı mənfi fikirdədir.
Mini ətəkləri sevməyənlərin böyük əksəriyyətini kişilər təşkil edir (60 %). 34 % ətəklə bağlı məsələlərə neytral yanaşdığını bildirib. Ən aşağı göstərici qısa ətəkli xanımlara müsbət baxanlardadır. Onlar sorğuda cəmi 12 % təşkil ediblər və müsbət rəylər əsasən elə xanımların özlərindən gəlib (14 %).
Maraqlı məqam isə mini ətəklərə olan münasibətin yaş qrupları arasında fərqlənməsindədir. Belə ki, cəsarətli geyimi geyinənləri sevməyənlər əsasən 55-64 yaş aralığında olan respondentlərdir (68 %). Gənc nəsil (18-24 yaş aralığı) xanımların "cəsarət”inə neytral yanaşır (46 %). Sorğunun ən diqqətçəkən məqamı isə ahıl nəsillə bağlıdır. Belə ki, rəyi öyrənilmiş ahılların (65 və daha yuxarı yaş qrupu) 18%-i mini ətək geyinənləri bəyəndiklərini bildiriblər.
Sorğu 23-28 sentyabr tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.